YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Moskva Bəyannaməsi Azərbaycan xalqının milli maraqlarına xidmət edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putinlə imzaladıqları Bəyannaməni şərh edərək qeyd edib ki, Rusiya ilə Azərbaycanı çoxəsrlik dostluq, mehriban qonşuluq telləri bağlayır. Dövlət başçısının da söylədiyi kimi, bu əlaqələr bu gün keyfiyyətcə yeni səviyyəyə çatıb.

Ölkələrimiz arasında çox geniş müqavilə-hüquq bazası vardır, 245 sənəd imzalanıb. Lakin onların arasında bu gün imzalanmış Bəyannamə xüsusi əhəmiyyət kəsb edir.

Bu Bəyannamə iki ölkənin münasibətlərini  müttəfiqlik səviyyəsinə çıxarır. Bu, həm böyük imtiyaz, həm də böyük məsuliyyətdir. Rusiya və Azərbaycan bu günə təkidlə, uzun müddət əməkdaşlıq potensialını artırmaqla, səmimiyyətə, mehriban qonşuluğa, praqmatizmə, qarşılıqlı maraqların nəzərə alınmasına əsaslanan münasibətlər qurmaqla gəlib çatıb.

Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə üzərində praktiki iş bir ildən bir qədər artıq bundan əvvəl başlanıb. Bu müddətdə ölkələrimizin müvafiq ekspert qrupları tərəfindən 43 bənddən ibarət olan və praktiki olaraq fəaliyyətimizin bütün əsas sahələrini əhatə edən çox geniş sənəd razılaşdırılıb.

Bəyannamənin birinci bəndində deyilir ki, tərəflər öz münasibətlərini müstəqilliyə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq əsasında quracaqlar.

Bu bənd ölkələrimizin münasibətlərinin xarakterinə, dostluq hisslərinə, qarşılıqlı maraqlara və gələcəyə yönəlməyə əsaslanır. Ona görə ki, bu sənəd təkcə çoxillik birgə işə yekun vurmaqla kifayətlənməyib, həm də gələcək üçün böyük perspektivlər açır. Azərbaycan və Rusiya qarşılıqlı siyasi fəaliyyəti artıracaq, əvvəl olduğu kimi, yenə bir-birini beynəlxalq qurumlarda dəstəkləyəcək, qarşılıqlı ticarətin həcmini artıracaq və gündəlikdəki bütün məsələləri həll edəcəkdir.

Rusiya və Azərbaycan münasibətlərinin bundan sonrakı uğurlu inkişafı regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanmasına, Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsinə, xalqlarımızın əsaslı maraqlarına öz müsbət təsirini göstərməkdədir.

Moskva Bəyannaməsinin bütün müddəaları Azərbaycanın milli maraqlarına uyğundur.

Türkiyə ilə imzalanmış Şuşa Bəyənnaməsi kimi, Rusiya ilə imzalanmış Moskva Bəyənnaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir.

44 günlük Vətən müharibəsində Qələbəmizdən sonra Cənubi Qafqazda formalaşmış yeni siyasi mühitin əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, Azərbaycanın hər iki ölkə ilə müttəfiqlik Bəyannamələrini imzalaması yeni siyasi mühiti rəsmən təsdiq edir.

Mansur Quliyev 

YAP Ağdam rayon təşkilatının sədri