YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağ rayonunda “Azərbaycan Gəncləri Günü” qeyd edilib

Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “2 fevral -Azərbaycan gəncləri günü”nün təsis edilməsinin 25 illiyi münasibətilə rayon gənclərinin  toplantısı keçirilib. Toplantıda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Səbinə Xasayeva, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, idarə və müəssisə rəhbərləri, fəal gənclər, Qarabağ müharibəsinin iştirakçıları, siyasi partiya və QHT nümayəndələri iştirak ediblər. Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulduqdan sonra mərkəzin foyesində təşkil olunmuş stenddə rayon gənclərinin çəkdikləri rəsm işlərinə və gənclərin nailiyyətlərini əks etdirən guşəyə baxış keçirilib.

Daha sonra konfrans zalında rayonda keçirilmiş gənclər siyasətini əhatə edən videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə yaratdığı ilk mərkəzi icra hakimiyyəti orqanlarından birinin məhz Gənclər və İdman Nazirliyi olduğunu vurğulayıb. Qeyd edib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra gənc nəslə diqqət dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi: “Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda gənclər siyasəti mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoyub, gənclər üçün çoxsaylı layihələr icra olunub və bu layihəlırin hər birinin ana xəttində isə Azərbaycançılıq məfkurəsi dayanıb. Düşünülmüş gənclər siyasətinin nəticəsidir ki, 2020-ci ilin sentyabrın 27-də başlanan cəmu 44 gün sürən Vətən müharibəsində əsasən gənclərdən ibarət olan müzəffər ordumuz igidlik, şücaət göstərərək tarixi torpaqlarımızı düşməndən azad etdi”.

Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov gənclər siyasəti istiqamətində idarənin gördüyü işlər, “2 fevral - Azərbaycan gəncləri günü”nün təsis edilməsinin 25 illiyi münasibətilə “Gənclər həftəsi” çərçivəsində keçirilmiş tədbirlər barədə məlumat verib. Qeyd edib ki, dövlət gənclər siyasətinin strateji prioritetlərindən biri də qarşıya qoyulan vəzifələri tam şəkildə həyata keşirmək üçün  yeni nəslin nümayəndələrinə etimad göstərilməsi, onların məsul vəzifələrə, idarəetmə işinə irəli çəkilməsi, qabiliyyət və bacarıqlarını nümayiş etdirmək üçün şərait yaradılmasıdır. Gənc kadrların irəli çəkilməsi siyasəti öz müsbət nəticələrini göstərir. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.

Milli Məclisin deputatı Səbinə Xasayeva “Gənclər siyasəti haqqında” Qanunun əhəmiyyətinə toxunub və qeyd edib ki, 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və bu Qanunun qəbulundan sonra  Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etməklə bu sahədə yaranan münasibətlər tənzimlənmişdir. O bildirib ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamıza rəhbərliyi dövründə dövlətin gənclər siyasəti sahəsində atdığı addımdar daha da intensiv xarakter daşımışdır.

YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev qeyd edib ki, Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.  Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmiş, 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir çıxış etmiş və bir çox vəzifələr qoymuşdur. Həmçinin vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşlar.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov dövlət orqanlarının diqqətini gənclərlə bağlı məsələlərə yönəltmək məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial islahatlardan, o cümlədən 2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyasının, Azərbaycan gəncliyinin fəaliyyəti ilə bağlı Dövlət Proqramkarının qarşıya qoyduğu məsələlərdən söz açıb. 

Tədbirin sonunda gənclərlə iş sahəsi üzrə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən təşkilatlar rayon rəhbərliyi tərəfindən fəxri fərmanlarla təltif ediliblər.