YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə şəhid Elnur Məmmədovun ildönümü mərasimi keçirilib

Şəhidlik ən ali, müqəddəs və şərəfli zirvədir. Torpaq uğrunda canını fəda edən Vətən övladı əslində ölmür, ölümü ilə əbədilik qazanır. Vətən müharibəsində qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçı əsgəri Məmmədov Elnur İsrafil oğlu kimi.

Noyabrın 23-də Gəncədə Məmmədov Elnur İsrafil oğlunun anım günü qeyd olunub.

Anım günündə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının əməkdaşları, şəhidin döyüş yoldaşları, ailə üzvləri və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanında Elnurun məzarını ziyarət edib, xatirəsini anıb,
qəhrəmanın həyatından və keçdiyi şərəfli döyüş yolundan söhbət açıblar.

Vətənə, torpağa, elə-obaya güclü bağlılıq hissi Elnuru hərbçi etdi. 2020-ci il 27 sentyabr səhər saatlarında Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, bir mənalı olaraq, İkinci Qarabağ müharibəsi başladı. Vətəninin bu dar günlərində ürəyi dözməyən, 2 əkiz qız atası olan Elnur sevdikləri ilə vidalaşdı, çünki Vətənin onun kimi mərd oğullara ehtiyacı olduğunu bilirdi və Vətənin keşiyinə yollandı. Bu şanlı qələbədə onun da payı olmalı idi və oldu da. 2 oktyabr 2020-ci ildə Daşkəsən-Kəlbəcər sərhədində qəhrəmanlıq göstərərək şəhadətə qovuşdu.

Şəhidimiz Elnur Məmmədov göstərdiyi igidliyə, fədakarlığa və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin atası İsrafil Məmmədov və anası Maisə Pirverdiyeva ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq bildiriblər.