YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaş rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümü münasibətilə konfrans keçirilmişdir

Ağdaş rayonunda “Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır” mövzusunda onlayn konfrans keçirilmişdir.

Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, millət vəkili Cavid Osmanov konfransı açaraq partiyanın yaradılmasının 29-cu ildönümü və Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin bir illiyi münasibətilə təbriklərini çatdırdı. Sonra partiyamızın yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatiələri bir dəqiqəlik sükutla yad edildi.  

Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolu haqqında iştirakçılara ətraflı məlumat verən Cavid Osmanov bildirdi ki, 21 noyabr 1992-ci il müasir Azərbaycan tarixinə yazılan tarixi bir gündür. Elə bir gün ki, həmin gündən yenicə dövlət müstəqilliyini qazanmış və böyük faciələrlə üzləşmiş Azərbaycan Respublikasının məhv olunmaqdan qurtulmasının əsası qoyulmuşdu. 1992-93-cü illərdə AXC-Müsavat cütlüyü ölkənin dərin böhrana düşməsi üçün əlindən gələni etmişdi. Həm hakimiyyətə gəlmək üçün, həm də hakimiyyətdə olduqları zaman AXC-Müsavat cütlüyünün səriştəsiz və naşı fəaliyyəti, eyni zamanda bir sıra üzvlərinin xəyanətkarlığı nəticəsində dövlətçilyimizə ağır zərbələr vurulmuşdu. Hakimiyyət uğrunda didişmələr, şəxsi və qrup maraqlarının dövlət mənafelərindən üstün tutulması daxili ictimai-siyasi sabitliyin pozulmasına, qanunsuz silahlı dəstələrin özbaşınalığına gətirib çıxarmışdı. Ölkədə əhalinin yaşayış səviyyəsi günbəgün pisləşirdi. Azərbaycanın bir sıra dövlətlərlə, o cümlədən qonşu dövlətlərlə münasibəti korlanmış, respublikamız beynəlxalq aləmdə təklənmişdi. Cəmiyyətdə ümidsizlik əhval-ruhiyyəsi hökm sürürdü. Məhz belə bir faciəli vəziyyətdə xalqı təlaşdan çıxarmağa, onun sabaha inamını qaytarmağa qadir olan mütəşəkkil siyasi qüvvənin – yeni bir partiyanın yaranma zərurəti yaranmışdı. İnsanlar birmənalı şəkildə dərk edirdilər ki, Azərbaycanı xilas etməyin yeganə yolu Heydər Əliyevin hakimiyyətə gəlməsidir. Heydər Əliyevin hakimiyyətə sivil yolla gəlməsinin forması kimi Yeni Azərbaycan Partiyası yarandı. Yeni Azərbaycan Partiyası yaranandan sonra Heydər Əliyevin hakimiyyətə gəlməsi insanların bu istəyinin nə dərəcədə dərin olduğunu təsdiqlədi. Yeni Azərbaycan Partiyası yaranmasaydı və Heydər Əliyev hakimiyyətə gəlməsəydi, biz tamamilə fərqli taleyi yaşayacaqdıq. Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanın bəlalardan xilas olmasına gətirib çıxardı. Xaos, anarxiya, iqtisadiyyatda tənəzzül aradan qaldırıldı, böyük islahatlar həyata keçirildi, erməni təcavüzünün qarşısı alındı, separatizm yerində boğuldu və Azərbaycanın bugünkü inkişafa gəlib çatması üçün əlverişli mühit yarandı. Beləliklə, Yeni Azərbaycan Partiyası əsl ümumxalq partiyasna çevrildi.

Çıxış edən millət vəkili, Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü  Elman Nəsirov bildirdi ki, Azərbaycan Heydər Əliyev və Prezidentimiz İlham Əliyevin sayəsində bu gün dünya reytinqlərində ən yüksək yerlərdə durur. Bu gün insanlarımız sabit, sürətlə inkişaf edən ölkədə yaşamaqdan qürur duyurlar, doğma Azərbaycanımız Prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi altında hər bir azərbaycanlının fəxr edə biləcəyi bir məkana çevrilmişdir. Bu uğurların əsasında xalqa xidmət etmək mədəniyyəti durur. Azərbaycan vətəndaşlarının böyük hissəsi də dərindən inanır ki, bundan sonra da uzun illər Azərbaycanın uğurları Yeni Azərbaycan Partiyasının iqtidarı ilə bağlı olacaqdır. Bunu deməyə əsas verən vətəndaşların Prezident İlham Əliyevə dərin inamıdır. Bu inamı isə ötən il sentyabr ayının 27-dən başlayan, tariximizə qızıl hərflərlə yazılan İkinci Qarabağ müharibəsində cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi Böyük Qələbə daha da bərkitdi və əbədi etdi. Bu Qələbənin tarixdə mühüm yeri təkcə 30 il sonra torpaqlarımızın işğaldan azad edilməsi deyil, həm də milli qürurumuzun qaytarılmasıdır. İndi hər birimiz azərbaycanlı olmağımızın qürurunu yaşayırıq. Bu tarixi Qələbəni müəyyənləşdirən daha bir cəhət isə onun döyüş meydanında igid oğullarımızın qanı-canı bahasına əldə olunmasıdır. Heç şübhəsiz, Azərbaycan bu Qələbəni qazanmaqla öz tarixinin qızıl səhifəsini, şərəf və ləyaqət səhifəsini yazdı.

Ağdaş rayon İcra Hakimiyyəti başçısının müavini Əli Kərimov çıxışında qeyd etdi ki, ölkəmizdə gedən bütün proseslər, həyata keçirilən siyasət xalqımızın əsrlərdən bəri tarixi yaddaşında saxladığı arzularını gerçəkləşdirməyə - müstəqilliyini daimi, əbədi, dönməz etməyə imkan vermişdir. Yeni Azərbaycan Partiyasının tarix və xalq qarşısında ən böyük və ümdə vəzifəsi bu siyasi xəttə sadiq qalmaq, bu yolla inamla irəliləməkdir. Həyat artıq çoxdan sübuta yetirmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən mükəmməl siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək digər qurum mövcud deyil. Ümummilli lider Heydər Əliyev ideologiyası ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının məfkurəsi ən ali ideyalara – xalqımızın istək və arzularının, zəngin gələcəyinin təmin olunmasına və gerçəkləşməsinə xidmət etməkdir.

Konfrans iştirakçılarına partiyanın yaradılmasının 29-cu ildönümü münasibətilə təbriklərini çatdıran Ağdaş şəhər ilk partiya təşkilatının sədri Şəhla Hacıbalayeva 2003-cü ildə ölkə Prezidenti, 2005-ci ildə isə Yeni Azərbaycan Partiyasının sədri seçilən  möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əsas hədəfi güclü və qüdrətli Azərbaycan qurmaq olduğunu vurğuladı.O, qeyd etdi ki, məhz bu səbəbdən cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş qətiyyətli və uğurlu siyasət Azərbaycanı güclü dövlətə çevirmişdir. Məhz ölkəmiz öz gücü ilə 30 ilə yaxın müddətdə Ermənistanın işağlı altında olan torpaqlarımızı cəmi 44 gün ərzində işğaldan azad etdi. Müəzffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu möhtəşəm tarixi qələbə qazandı. Azərbaycanın əldə etdiyi parlaq zəfər eyni zamanda yeni reallıqlar yaratdı.

Konfransı yekunlaşdıran Cavid Osmanov bildirdi ki, Yeni Azərbaycan Partiyası hər zaman öz fəaliyyətini günün tələblərinə uyğun quran siyasi təşkilatdır. Partiyanın VII Qurultayı da məhz yaranmış bu yeni reallıqlar fonunda cari ilin mart ayının 5-də keçirdi. Düzdür, bu günə qədər keçirilmiş olan hər bir Qurultay Yeni Azərbaycan Partiyasının həyatında əlamətdar hadisə olaraq qalmışdır. Lakin VII Qurultay bir çox özəllikləri ilə əvvəlki qurultaylardan fərqlənir və bu Qurultay Yeni Azərbaycan Partiyasının həyatında yeni dönüş nöqtəsi hesab edilə bilər. Yeni Azərbaycan Partiyası  yaranmasının 29-cu ilini qeyd edir və partiya gələn il keçiriləcək 30 illik yubleyinə yeniləşmiş formatda, daha fəal qədəm qoyur. Yeni Azərbaycan Partiyasının  VII Qurultayında daha mühüm bir məsələ Birinci vitse-prezidentimiz çox hörmətli Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini seçilməsi oldu. Mehriban xanım ictimai-siyasi faliyyəti ilə xalqımızın böyük rəğbətini qazanmışdır. Yeni Azərbaycan Partiyasının həyatında da Mehriban xanım Əliyevanın xüsusi xidmətləri vardır. Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətində  Mehriban xanım Əliyeva  sədrin birinci müavini kimi görüləcək işlərə öz töhfəsini verəcəkdir. Biz gələcəyə çox böyük nikbinliklə və inamla baxırıq. Ümummilli liderimiz, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin qurduğu, yaratdığı müstəqil Azərbaycan bu əsrdə daha yüksək zirvələrə qalxacaqdır. Buna bizim gücümüz, qətiyyətimiz, potensialımız və bu nəcib məqsədimizi həyata keçirə biləcək Yeni Azərbaycan Partiyası kimi qüdrətli, xalq tərəfindən müdafiə edilən təşkilatımız, ümummilli liderimiz Heydər Əliyevin yolunu uğurla davam və inkişaf etdirən dünya azərbaycanlılarının dahi sərkərdəsi - cənab İlham Əliyev kimi Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız və partiyamızın sədri  vardır.