YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəxtiyar Nəbiyev: Demokratiyadan danışan Əli Əliyev daim partiyasında yaratdığı hərc-mərcliklə, intriqa ilə diqqətdədir

“Radikallığı “fəaliyyətlərinin” əsas prinsipi kimi qəbul edib, dövlət maraqlarını arxa plana keçirən müxalif partiyalarda zaman-zaman yaşanan istefa dalğaları daim diqqətdədir.  Maraqlısı budur ki, özlərini böyük nüfuza, söz sahibinə malik “partiya sədrləri” kimi təqdim edənlər  yaşananlarda özlərini deyil, başqalarını günahlandırmağa daha da çox  səylər göstərir və bununla da  idarəçilikdən xəbərsizliklərini, partiya üzvləri ilə adi davranış qaydalarını bilmədiklərini ört-basdır edəcəklərini düşünürlər.” Bu fikirləri YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib.

B.Nəbiyev qeyd edib ki, demokratiyadan dəm vuran Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev daim partiyasında yaratdığı hərc-mərcliklə, intriqa ilə diqqətdədir: “Bu günlərdə partiyanın siyasi şurasından və üzvlüyündən istefa verən sədr müavini Əliyar Şirməmmədov bunun səbəbini qurumda idarəçiliyin diktatorluq üzərində qurulması ilə əsaslandırıb. O, hələ üç ay bundan əvvəl istefa ilə bağlı  partiya sədrinə  müraciət etsə də baxılmadığını bildirib. Təkcə bu faktın özü Vətəndaş və İnkişaf Partiyasında idarəçiliyin, üzvlərlə davranışın, demokratiyanın tələblərinin hansı səviyyədə yerinə yetirildiyini nümayiş etdirir. Ə.Əliyev  partiyada adi  istefa məktubunu təsdiqləməyə vaxt tapmır. Bu, özü demokratiyaya, azadlığa zidd addımdır. Ümumiyyətlə, Əli Əliyev özünü “demokratik” biri adlandırsa da  bunun tam əksi göz önündədir. Belələrinin özlərində cəsarət tapıb siyasi meydandan getmək zamanıdır. Dövlət maraqlarını şəxsi ambisiyalarından üstün tutan, ölkənin uğurlarını inkar edərək ictimai rəydə çaşqınlıq yaratmağı fəaliyyətlərinin  əsas tərkib hissəsi kimi qəbul edən Əli Əliyev kimilər xalqın onlara verdikləri cavabdan məlumatlıdırlar. Xalqımız reallığa dəyər verir, ağı qaradan seçməyi yaxşı bacarır. Özləri 90-cı illərin ab-havası ilə yaşasalar da nə Azərbaycan həmin illərin Azərbaycanıdır, nə də xalq.  Bu gün qalib Azərbaycanın məğrur, yenilməz xalqı həyatımızın bütün sferalarında geniş vüsət alan inkişafın, tərəqqinin şahidləridir.”