YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əliyev öz partiyadaşlarını "iti qovan kimi qovacam" şəklində təhqir etməklə siyasi divident qazanmaq fikrində idi

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü

Siyasətçi üçün vacib elementlərdən biri etik və ziyalı ritorikasıdır. Təəssüf ki, bu gün Azərbaycan siyasətində bəzi şəxslər "partiya sədri" statusunun normalarını düzgün qavraya bilmirlər. Son dövrlərdə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin öz partiyasının üzvləri haqda söylədiyi qeyri-etik fikirlər bunun bariz nümunəsidir.

Fikrimcə, müasir texnologiyalardan, daha konkret söyləsək, internetin imkanlarından istifadə edərək populyarlıq qazanmaq üçün partiyadaşları haqda anormal fikirlər söyləmək heç kimə baş ucalığı gətirməz.

Əli Əliyev öz partiyadaşlarını "iti qovan kimi qovacam" şəklində təhqir etməklə guya siyasi divident qazanmaq fikrində idi. Amma istər sosial şəbəkələrdə, istərsə də kütləvi informasiya vasitələrində cəmiyyətin bu fikirlərə münasibətini müşahidə edəndə onun qazancının ən yumşaq şəkildə desək, qınaq olduğunu görürük. Təbii ki, belə bir situasiyada onun partiyasından ard-arda istefaların müşahidə olunması normal haldır. Növbəti belə istefa – 30 ildən çox müddətdə Ə.Əliyevin bir yerdə olduğu, çörək kəsdiyi, partiyanın sədr müavini Əliyar Şirməmmədovun istefası da statistik qanunauyğunluq kimi gözlənilən idi.

Onsuz da Əli Əliyevin Vətəndaş və İnkişaf Partiyasında (VİP) barmaqla sayılacaq qədər şəxs təmsil olunur və bu istefalar VİP-in sözün həqiqi mənasında "tək adamlıq partiya" statusuna düşəcəyini deməyə əsas verir.

Qeyd etmək yerinə düşər ki, son illərdə ölkəmizdə yaranan yeni siyasi konfiqurasiya partiyalararası münasibətlərdə olduğu kimi, partiyalardaxili münasibətdə də yeniliklərə yol açmalıdır. Amma Ə.Əliyev deyəsən bu dəfə də yenilikləri tərsindən başa düşüb.