YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək

İlqar İlyasov,

YAP Laçın rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən

Ötən əsrin 80-ci illərinin sonlarında 90-cı illərinin əvvəlində Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında başlanmış münaqişəyə, nəhayət 2020-ci ilin noyabr ayında nöqtə qoyuldu. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının qətiyyəti və siyasi iradəsi nəticəsində 2020-ci il sentyabrın 27-də başlanan əks hücum əməliyyatı  Qarabağdan və Şərqi Zəngəzurdan olan vətəndaşlarımızın 30 illik həsrəti sona çatdı. 44 günlük Vətən müharibəsində bütün Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin ətrafında sıx birləşərək qələbənin əldə olunmasına hamı öz töhfəsini verdi. 10 noyabr tarixində imzalanmış üçtərəfli sazişlə Ermənistan kapitulyasiya sənədini imzaladı. Həmin sənədin imzalanmasından dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpasına start verdi. Bununlada Azərbaycan tarixində yeni dövr, quruculuq dövrü başladı.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, müharibə dövründə Türkiyə dövləti və qardaş ölkənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycanın haqq işini ardıcıl olaraq bütün sferalarda müdafiə etdi. Elə bunun nəticəsi idi ki, ermənilərin daimi müttəfiqləri bu dəfə “maşalarını” sonadək müdafiə edə bilmədilər. Əslində həm müharibə dövründə, həm də müharibədən sonra Türkiyə və Azərbaycan arasındakı münasibətlər bu iki qardaş ölkənin daim bir-birinə siyasi və iqtisadi arenada dəstəyindən xəbər verir. Elə bunun nəticəsidi ki, müharibədən 7 ay keçəndən sonra 15 iyun 2021-ci il tarixində Azərbaycanın mədəniyyət mərkəzi olan Şaşada imzalanmış Bəyannamə Türkiyə və Azərbaycan arasında əlaqələri müttəfiqlik səviyyəsinə qaldırmış oldu.    

Bu gün işğaldan azad olunmuş ərazilər böyük bir tikinti meydançasını xatırladır. İşğaldan azad olunmuş ərazilər həm minalardan təmizlənir, həm də paralel olaraq tikinti işləri həyata keçirilir. Artıq bütün rayonlarda elektrik təsisatının yaxşılaşdırılması, yol infrastrukturunun müasir tələblərə uyğun qurulması istiqamətində böyük işlər görülür. 8 ay ərzində Füzuli Beynəlxalq aereportunun tikilib istifadəyə verilməsi, Zəngilan və Laçında isə Beynəlxalq aereportların tikintisinə start verilməsi ölkə başçısı möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının titanik zəhmətinin nəticəsidir. Bu zəhmətin nəticəsidir ki, Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə azad edilmiş ərazilərdə iki möhtəşəm tədbir keçirildi. Şuşa və Zəngilanda keçirilən rəsmi mərasimlərdə Türkiyə və Azərbaycannın Dövlət himnlərinin birlikdə səslənməsi tarixi hadisə olmaqla yanaşı düşmənlərimizə göz dağı və bir mesajdır. İşğaldan azad edilmiş ərazilərdə tikinti quruculuq işlərinə Türk şirkətləri də öz töhfələrini verirlər. Türk şirkətlərinin səyləri nəticəsində, avtomobil, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir. Bu bizim birliyimizin, qardaşlığımızın təcəssümüdür. 

Son 30 ildə müstəqilliklərini əldə etmiş türk dövlətləri azad və qətiyyətli addımlar atmaq istiqamətində bir sıra imkanlar qazanıblar. Türk birliyinin formalaşması yolunda müsbət addımlar da görülməkdədir. Yüz il əvvəl boğulan, təqib edilən türk birliyi ideyaları yenidən doğulmağa başlayıb. 2008-ci ildə Türkdilli Ölkələrin Parlament Assambleyası, 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) yaradılıb. 2019-cu ildə türk dövlətlərindən Özbəkistanın birliyə qatılması, Türkmənistan və Macarıstan kimi ölkələrin müşahidəçi statusunda birliyin işində iştirakı türk birliyinin inkişaf perspektivlərini göstərən amillərdəndir. Son vaxtlar Pakistan dövlətinin də Türk Şurasının fəaliyyətini yaxından izlədiyi göz önündədir. Yaxın günlərdə Azərbaycan Türk Şurasına sədrliyi Türkiyəyə təhvil verəcək. Fikrimizcə Türkiyənin sədrliyi dövründə türk dövlətləri arasındakı əlaqələr bütün sahələrdə daha da genişlənəcək, bununla da həm türk dünyası üçün, həm də dost-qardaş ölkələr üçün yeni perspektivlər açılacaqdır. Əslində Türkiyə Cümhuriyyətinin Prezidenti möhtərəm Rəcəb Tayyib Ərdoğanın 26 oktyabr tarixində Azərbaycana səfəri zamanı təməli qoyulan avtomobil yolu Zəngəzur dəhlizinin bir hissəsidir. Həm avtomobil yolu, həm də dəmir yolunun çəkilişi türk dünyasının birləşdirilməsində müstəsna rol oynayacaq. Zəngəzur dəhlizinin reallaşması Türk dünyasının yeni iqtisadi, siyasi düzəninin formalaşmasına səbəb olacaq, Çindən Avropaya, Avropadan isə Çinə daşımalarda vaxta qənaət olunacaq, iqtisadi gəlirlilik artacaq. Bundan, demək olar ki, bütün türk dövlətləri iqtisadi gəlir, mənfəət əldə edəcəklər.   

Azərbaycan vətəndaşları işğaldan azad olunmuş ərazilərdə görülən işlərdən məmnundurlar. Hər bir məcburi köçkün inanır ki, erməni vandalları tərəfindən dağıdılmış kəndlərimizdə və şəhərlərimizdə yenidən həyat qaynayacaq.  Həyata keçirilən məqsədyönlü layihələr onların öz ata-baba torpaqlarına qayıtmasını yaxınlaşdırır.