YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

II Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib

Oktyabrın 6-da Müdafiə Nazirliyinin idarə və təşkilatlarının əməkdaşları, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin rəisi, polkovnik Əqid Bayroyev, qazilər və digər ictimaiyyət nümayəndələri ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda mərdliklə döyüşən və qəhrəmancasına həlak olan Vətən müharibəsinin şəhidləri - kapitan Elvin Ədalət oğlu Kazımovun və  baş leytenant Kamran Qurbanəli oğlu Kazımovun anım günləri ilə əlaqədar II Fəxri xiyabanda onların məzarlarını ziyarət ediblər.

Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun adından bütün şəhid valideynlərinə başsağlığı verilib.

Mərasimdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Vətən, torpaq yolunda canından keçən bütün oğul və qızlarımızın bizim qürur mənbəyimiz olduğunu bildirib: “Qəhrəman zabitlərimiz və əsgərlərimiz döyüş meydanında çiyin-çiyinə savaşıb, bir-birinə qardaş münasibəti göstəriblər. Onların hər biri yüksək peşəkarlıq nümayiş etdirərək qısa zamanda – cəmi 44 gün ərzində 30 ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad ediblər. 500-ə yaxın zabitimizin şəhidlik zirvəsinə ucalması onu göstərir ki, düşməndən fərqli olaraq Azərbaycan zabitləri əsgər arxasında gizlənməyib. Rütbəsindən asılı olmayaraq bütün hərbçilərimiz - xalqımızın cəsur oğulları polkovnikləri, generalları ön cəbhədə xidmət ediblər. Elə buna görə də Vətən müharibəsi Azərbaycanın Zəfəri ilə başa çatdı. Bununla da Azərbaycanın gücünü, qüdrətini, əzmkarlığını bütün dünya gördü”.

Daha sonra çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə vurğulayıb ki, hazırda hər birimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin uyuduğu ən müqəddəs məkanlardan birindəyik: “Mən kapitan Elvin Kazımovun və  baş leytenant Kamran Kazımovun, onların döyüş yoldaşlarının, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən bütün qəhrəman oğullarımızın ruhu qarşısında baş əyirəm. Onlara Allahdan rəhmət, qazilərimizə cansağlığı, şəhidlərimizin doğmalarına, valideynlərinə səbir diləyirəm”.

Mərasimdə Vətən müharibəsi şəhidləri Elvin Kazımovun və Kamran Kazımovun məzarları ziyarət olunaraq üzərinə əklillər, tər gül-çiçək dəstələri düzülüb, ruhlarına dualar oxunub.