YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqı yaşadıqca Heydər Əliyevin ölməz ideyaları da onunla yaşayacaq

Kamilə Əliyeva

Milli Məclisin deputatı

Bugünkü güclü, qüdrətli, dünyada söz və nüfuz sahibinə çevrilən müstəqil Azərbaycan dövlətinin təməl daşı 1993 cü il 3 oktyabr tarixində qoyulmuşdur. Bu tarixdə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Əslində müstəqilliyimizin ilk günlərindən Azərbaycan xalqı bu dövlətin başında Heydər Əliyevin olmasını arzulayırdı. Azərbaycan xalqı öz canı, qanı bahasına müstəqillik qazandıqdan sonra çox zülmlərə, əzab-əziyyətlərə məruz qaldı. Əvvəl Mütəllimov hakimiyyəti, daha sonra AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə Azərbaycan dövləti parçalanmaq, dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Hakimiyyətin yuxarı kürsüsündə oturanların hər biri özünə silahlı dəstə yaratmışdı. Dövlətin bu ağır günlərində bütün xalq ayağa qalxaraq Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb etdi. Xalqın haqlı tələbinı  və hakimiyyətdə olanların  özlərinin çıxılmaz vəziyyətdə olduqlarını görərək ulu öndərin Azərbaycanda hakimiyyətə gəlməsini xahiş etdilər. Xalqın böyük əksəriyyətinin səsini qazanaraq hakimiyyətə gələn ulu öndər 1993 cü il oktyabrın 10 da dövlətə və xalqa sədaqət andı içdi. Andına sadiq qalan ulu öndər ömrünün sonuna qədər bütün həyatını Azərbaycan xalqının rifahına, xoşbəxt gələcəyə aparmağa həsr etdi. Ən böyük azərbaycanlı olan Heydər Əliyev Azərbaycan xalqının gələcək rifahı naminə, gözəl gələcək naminə illərlə istirahət etmədən çalışdı, sağlamlığını da xalqına qurban verdi.

1991-1993 cü illərdə hakimiyyətdə olanlar sağlam düşüncə sahibi olsaydılar, müstəqilliyimizin ilk illərindən ulu öndəri hakimiyyətə dəvət edərdilər. Heydər Əliyev ilk vaxtlardan hakimiyyətdə olsaydı torpaqlarımızın 20 faizindən çoxu işğal altına düşməzdi. Xalq o zaman bu qədər əzab- əziyyət, zülmə düçar olmazdı.

Ulu Öndər 1993cü ilin oktyabrında prezident seçildikdən sonra Azərbaycanın siyasi və iqtisadi, eləcə də hüquqi suverenliyinin təmin olunmasını inanılmaz dərəcədə sürətləndirdi. Ölkədə baş alıb gedən hərc-mərcliyin, vətəndaş müharibəsinin qarşısını aldı. Ermənistan silahlı qüvvələrinin işğal ərazilərinin genişləndirmələrinə imkan vermədi. Ordu quruculuğu işlərində çox böyük işlərə nail oldu, silahlı qüvvələri bir komandanlıq altında birləşdirdi.

Xalqının xilaskarı olan Heydər Əliyev Azərbaycan xalqının yaddaşında əbədiyyətə kimi yaşayacaq. Heç təsadüfi deyil ki, Azərbaycan xalqı Heydər Əliyevi özünün ümummilli lideri hesab etdi. Dünyada Heydər Əliyev kimi siyasət çilərə nadir hallarda rast gəlinir. Ulu Öndər güclü və cəsarətli siyasətçi olmaqla yanaşı fenomenal yaddaşa, hərtərəfli biliyə, mükəmməl natiqlik qabiliyyətinə malik şəxsiyyət idi. Dünya siyasətçiləri ulu öndəri "siyasət nəhəngi", "siyasət qrossmeysteri" adlandırırdılar. Heydər Əliyev eyni zamanda siyasi uzaqgörənliyi ilə də dünya siyasətçilərindən seçilirdi. Ulu Öndər apardığı siyasətin on  illərdən sonra hansı töhfələr verəcəyini çox gözəl bilirdi. Heydər Əliyevin ən böyük gücü onun dərin və unikal biliyə, tükənməz səbrə, müdrikliyə, ən əsası həmsöhbətinə təsiretmə gücünə malik olmasında idi. Heydər Əliyev  xarizmatik şəxsiyyət, nadir diplomat, güclü sərkərdə idi.

Ulu öndər eyni zamanda öz xalqının tarixini gözəl bilən, onun adət ənənələrinə hörmət edən və yaşadan dövlət başçısı idi. Milli ideologiyanın yaranması da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.  Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideyası tək  Azərbaycanda yaşayan azərbaycanlıların deyil, bütün dünyada yaşayan həmyerlilərimizi bu ideologiya ətrafında birləşdirir. Bunun nəticəsidir ki, indi dünyada yaşayan bütün azərbaycanlılar harada doğulmaqlarından asılı olmayaraq Azərbaycan dövlətini öz vətənləri hesab edirlər.

Ulu öndərin dahiliyi ondadır ki, Azərbaycan kimi kiçik bir dövləti dünyada tanınan nüfuzlu bir dövlətə çevirdi. Beynəlxalq təşkilatlarda Azərbaycana hörmət etməklə yanaşı ona ciddi diqqət yetirirdilər. Qərbə inteqrasiya yolunu tutan ulu öndər bütün çətinliklərə və qarşısına çəkilən sipərlərə baxmayaraq uğurlu iqtisadi addımlar atmağı bacardı. Bakı- Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi məhz bu böyük siyasətçinin qətiyyəti və iradəsi nəticəsində baş tutdu.

Ölkəmizdə qadınların siyasi aləmə inteqrasiyası da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.  Böyük siyasətçi siyasətdə qadın hərəkatının inkişafına, qadınlarımızın ölkəmizin ictimai-siyasi həyatında yer almalarına böyük önəm verirdi. Bu gün ulu öndərin siyasi ideologiyasından dərs alan,  bu siyasi kursun davamçıları olan Azərbaycan xanımları istər siyasətdə, istərsə ictimai həyatda çox önəmli yer tuturlar. Ulu öndərin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı bütün fərman və sərəncamlar qadın hüquqlarının reallaşmasına xidmət etmişdir.

Ulu öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də  Ermənistanla atəşkəsə nail olunmasıdır. Məhz Ermənistanla atəşkəsə nail olunduqdan sonra Azərbaycanın gələcək inkişafını və insanların rifahını təmin edəcək "Əsrin müqaviləsi" imzalandı. Bununla da Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyələşdirdi. Dünyanın 8 ölkəsinin 14 neft şirkəti ilə müqavilə imzalandı,  sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə müqavilələr imzalandı. 1997 ci ildən başlayaraq Azərbaycan nefti dünya bazarına çıxarıldı. Bununla da Azərbaycanın sürətli inkişafının əsası qoyuldu.

Zaman keçdikcə Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin siyasi kursunu dərindən öyrəndikcə bu dahi şəxsiyyətin öz xalqına və dövlətinə göstərdiyi xidmətə görə hər zaman ona ehtiram göstərəcək. Azərbaycan xalqı yaşadıqca Heydər Əliyevin ölməz ideyaları da onunla yaşayacaq.