YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən biri də müasir Azərbaycan Ordusunun memarı olmasıdır

“Ulu öndər Heydər Əliyev 1969-cu il 14 iyul tarixində Azərbaycana rəhbərlik etməyə başlayanda respublika SSRİ-də ən geridə qalmış ölkə idi. Ulu Öndərin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-də aqrar ölkə kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrildi”. 

Bu fikirləri “Yeni TV”nin canlı yayımında Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Əli Həsənov deyib.

Onun sözlərinə görə, ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artıb: “Heydər Əliyevin rəhbərliyi ilə 1969-1982-ci illərdə respublikada 250-dən çox zavod, fabrik və digər istehsal müəssisələri istifadəyə verildi. 1983-cü ildə Bakı-Qroznı neft kəmərinin, 1985-ci ildə Dərin Dəniz Özülləri Zavodunun, Bakıda “Ulduz” Elektrik Cihazqayırma, Sumqayıtda Məişət Kompressorları zavodlarının, 1981-1984-cü illərdə Şəmkir Su Elektrik Stansiyasının və digər sənaye obyektlərinin tikilib istifadəyə verilməsi sürətlə inkişaf edən Azərbaycanda əhalinin rifahının yaxşılaşmasına ciddi təsir göstərdi. Sənayedə əmək məhsuldarlığı 2,1 dəfə artdı, 581 adda yenitipli maşın, avadanlıq və cihaz nümunələri yaradıldı. 1056 adda mühüm sənaye məhsulunun kütləvi istehsalına başlanılmış, 310 avtomatlaşdırılmış xətt, 1300 kompleks mexanikləşdirilmiş xətt və avtomatlaşdırılmış məntəqə, istehsal sahəsi istismara verildi. Beləliklə, Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrildi”.

Ə.Həsənovun sözlərinə görə, ümummilli lider Heydər Əliyev respublikaya rəhbərlik edən qədər Azərbaycanda ordu quruculuğu demək olar ki, yox idi: “Ulu Öndərin hakimiyyətə gəlişindən sonra əsası qoyulan ordu quruculuğunun diqqət çəkən əsas tərəfi yüksək peşəkarlıqla həyata keçirilməsi idi. Ulu Öndər Heydər Əliyev Azərbaycanda ilk dəfə hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi liseyi təşkil etdi. Bu məktəbin yaradılması o zaman çox böyük cəsarət tələb edirdi. Belə ki, Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayan məktəbin açılması o vaxtkı SSRİ rəhbərliyini narahat edirdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Heydər Əliyevin mahir diplomatiyası, qətiyyəti və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almağı bacardı. Azərbaycan Ordusunun hazırkı səviyyəsi, 44 günlük Vətən müharibəsində qazandığı zəfər ordu quruculuğu sahəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu bir daha sübut edir. Əminliklə deyə bilərik ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən biri də müasir Azərbaycan Ordusunun memarı olmasıdır. Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusu xalqımızın ümummilli lideri Heydər Əliyevin şah əsərlərindən biridir və zaman ötdükcə, nəsillər dəyişdikcə möhkəmlənən və inkişaf edən Azərbaycan Ordusu Heydər Əliyevin adını və əməllərini özündə daim yaşadacaqdır”.