YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Misir Mərdanov: Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixi Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir

“Dahi şəxsiyyətin hakimiyyətinin birinci dövrü, yəni 1969-1982-ci illərdəki fəaliyyəti böyük bir təcrübə xəzinəsidir. Ulu Öndər 52 il bundan əvvəl Azərbaycana rəhbər seçiləndə qarşıda başlıca vəzifə kimi, ilk növbədə, Azərbaycan xalqının mənəvi dəyərlərinin, ölkənin mənəvi-psixoloji mühitinin ciddi surətdə dəyişdirilməsi dururdu”.

Bu fikirləri YAP-ın Veteranlar Şurasının üzvü, AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov “Yeni TV”-nin canlı yayımında deyib.

Onun sözlərinə görə, həmin dövrdə Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni durumu heç də ürəkaçan deyildi: “Bütün sahələrdə tənəzzül baş alıb gedirdi. Belə bir vaxtda ulu öndər Heydər Əliyevin respublikanın ali vəzifəsinə seçilməsi ilə xalqımız üçün sözün əsl mənasında tərəqqinin və yüksəlişin əsası qoyuldu. Hələ gənclik illərindən əmək fəaliyyətinə başlayan Ulu Öndər 1944-cü ildən 1969-cu ilədək Dövlət Təhlükəsizliyi Komitəsində sıravi əməkdaşdan sədr vəzifəsinə qədər şərəfli yol keçərək böyük şöhrət qazanmışdı. Belə bir dahi insanın Azərbaycanda rəhbərliyə başlaması respublikanın xilası üçün yeganə düzgün yol idi. Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixi Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Azərbaycanda ulu öndər Heydər Əliyevin birinci hakimiyyəti dövründə sosial, siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində ölçüyəgəlməz uğurlar qazanılıb, qüdrətli iqtisadi potensial, maddi-texniki baza yaradılıb, əhalinin rifahı xeyli yüksəlib, elm, təhsil, mədəniyyət güclü inkişaf prosesi keçib, milli şüurun oyanışı və dirçəldilməsi istiqamətində çox mühüm işlər görülüb”.

M.Mərdanov vurğulayıb ki, Azərbaycan dilinin dövlət dili kimi Konstitusiya səviyyəsində rəsmi status qazanması da dahi rəhbərin siyasi iradəsi hesabına gerçəkləşib: “1970-ci illərdə Azərbaycan Sovetlər Birliyinin ən dinamik inkişaf edən respublikası adını qazandı. Bir sözlə, tam qətiyyətlə deyə bilərik ki, Azərbaycanın 1991-ci ildə qovuşduğu müstəqilliyin zəruri bazası xeyli əvvəl, Ulu Öndərin rəhbərliyi dövründə təşəkkül tapıb formalaşmışdı. Azərbaycan 1990-cı illərin əvvəllərində hamımıza məlum olan fəlakət, uçurum qarşısında olanda yenə də tarixin, xalqın çağırışına səs verən ümummilli lider Heydər Əliyev öz xilaskarlıq missiyasını yerinə yetirmiş oldu. 1969-cu ildən başlanan  yolun, müəyyənləşdirilən siyasətin əsasında dövlətə, xalqa xidmət dayanıb. Bir sözlə, tarixi gerçəkliklərin müqayisəsi böyük şəxsiyyətlərin fəaliyyətinin qiymətləndirilməsində ən obyektiv istinad yeridir”.