YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: AŞPA-nın sessiyasında qalib dövlətin nümayəndələri kimi təmsil olunmaq qürurvericidir

“Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının builki qış sessiyasında tamamilə fərqli bir ruhda iştirak etdi. Bu dəfə biz qalib dövlətin nümayəndələri kimi bu təşkilatın sessiyasında təmsil olunduq. Bu çox, qürurverici anlar idi”. Bu fikirləri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, qış sessiyasının gündəliyə daxil olan məsələlər geniş müzakirə edilib və bütövlükdə sessiya məhsuldar keçib. O, qeyd edib ki, bu il Azərbaycanın bu mötəbər təşkilata üzv seçilməsinin 20 ili tamam oldu. Bu münasibətlə Strasburqda mərasim keçirldi. Mərasimdə ötən illər ərzində Azərbaycanın təşkilatda təmsilçiliyi, Azərbaycan-Avropa Şurası əlaqələri haqqında fikirlər səsləndirildi. Xüsusilə, artıq qalib dövlətin təmsilçiləri olmaqdan qürur duyduğumuzu bəyan etdik.

Millət vəkilinin sözlərinə görə, ötən illər ərzində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ifşa olunması daim nümayəndə heyətimizin gündəmində olub. AŞPA müstəvisində nümayəndə heyətimizin üzvləri öz fəaliyyətini bu yöndə səfərbər edirdilər. O zamanlar biz əsassız iddialarla çox üzləşirdik. Çünki erməni lobbisi və antiazərbaycançı mərkəzlər məsələni diqqətdən yayındırmaq və ölkəmizə qarşı qərəzli sənədlərin qəbul edilməsi üçün bütün imkanlarından istifadə edirdilər. Amma bunların fonunda bizim əsas amalımız milli maraqlarımızı daim müdafiə etmək idi və bu yolda mübarizə aparırdıq. Bu dəfə isə son dərəcə qürurlu idik, ərazi bütövlüyünü bərpa edən ölkənin nümayəndələri kimi AŞPA-nın qış sessiyasında təmsil olunduq və fəxarət hissləri keçirdik.

Bununla belə S.Fətəliyeva hesab edir ki, mübarizə bundan sonra da davam edəcək. Çünki erməni lobbisi, Azərbaycanı istəməyən qüvvələr hələ də öz təxribatçı fəaliyyətlərini davam etdirirlər. Belə ki, Ermənistan nümayəndə heyəti Azərbaycan tərəfindən həbs olunmuş erməni diversantların məsələsini qaldıraraq bundan ölkəmizə qarşı istifadə etməyə çalışdı. Belə təqdim olunurdu ki, guya onlar hərbi əsirlərdir. Amma biz bəyan etdik etdik ki, bu hərbçilər 10 noyabr razılaşmasından sonra həbs ediliblər. 10 noyabrdan sonra hərbi əməliyyatları davam etdirənlər terrorçulardır və onlar Azərbaycan qanunları və beynəlxalq hüququn norma və prinsipləri əsasında cinayətkarlar kimi mühakimə ediləcəklər. Mövqeyimiz bundan ibarət oldu ki, Ermənistanın qurumdakı təmsilçiləri və onların havadarları məntiqdən, reallıqdan uzaq və qarşılıqlı qəbul edilmiş prinsiplərə zidd olan fitnəkar, saxta düşüncələrdən əl çəkməlidir. Ermənistan xalqının gələcəyindən həqiqətən də, narahat olanlar bilməlidirlər ki, o xalqın gələcəyi üçün bu gün yalnız bir yol var. O da əməkdaşlıqdır. İki dövlət arasında da bu istiqamətdə artıq müəyyən vacib addımlar atılıb. AŞPA-dakı Ermənistan deputatlarının öz dövlətlərinin mövqeyi ilə uyğun gəlməyən davranışları nəyi ehtiva etməsi və haradan qaynaqlanması qaranlıq və anlaşılmazdır. Ancaq erməni deputatları öz xalqlarını və ölkələrini uçuruma aparmaqdan çəkinməlidirlər. Müzakirələrdən sonra AŞPA-nın qış sessiyası çərçivəsində qurumun monitorinq prosedurunun inkişafına dair qətnamə layihəsi qəbul edildi. Amma Ermənistan nümayəndə heyətinin qətnaməyə dəyişikliklər edilməsi ilə bağlı cəhdləri iflasa uğradı.

S.Fətəliyeva qeyd edib ki, əslində erməni tərəfi 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklərə görə cavab verməlidir: “Azərbaycan Prezidenti İlham Əliyev bugünlərdə Azərbaycan Televiziyasına müsahibəsi zamanı fikirlərini geniş şəkildə bildirdi. Dövlət başçısının qeyd etdiyi kimi, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik, erməni vəhşiliyini məhv etmişik. Biz bölgəmizi faşist ideologiyasından tam xilas etməsək də, onun böyük hissəsini məhv etmişik. Buna görə bizim şanlı Qələbəmiz bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır”.