YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Azərbaycan pandemiya ilə mübarizədə ən öndə gedən dövlətlər sırasındadır

“Bütün dünya ölkələrində koronavirus pandemiyasına qarşı mübarizə istiqamətində mühüm addımlar atılır. Bu baxımdan, 2020-ci il dünya üçün mürəkkəb il oldu. Azərbaycan pandemiya ilə mübarizədə ən öndə gedən dövlətlər sırasındadır”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Sevinc Hüseynova bildirib ki, bu mübarizə çərçivəsində dövlətimizin başçısı İlham Əliyev insanların sağlamlığı amilini önə çəkməklə yanaşı, iqtisadi islahatların dərinləşdirilməsini, heç bir sosial layihənin təxirə salınmayacağını qarşıya əsas hədəf kimi qoydu. 2020-ci ilin ilk ayından bu günədək görülən tədbirlərə, atılan addımlara diqqət yetirsək qarşıya qoyulan məqsədə nail olunduğunu görərik. Nəzərə alaq ki, Azərbaycan ötən il koronavirus infeksiyası ilə mübarizə aparmaqla yanaşı, ərazi bütövlüyünü bərpa etdi, 30 illik işğala son qoydu, Ermənistana və ona havadarlıq edən dövlətlərə haqqın, ədalətin gec-tez qalib gələcəyini göstərdi. Təbii ki, 44 günlük müharibə, eyni zamanda, ölkəmizin bütün sahələrdə malik olduğu imkanların da təqdimatı oldu.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının, Abşeron rayonunda “Xırdalan” yarımstansiyasının, həmçinin bu rayonda bir sıra sosial obyektlərin, Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirakı bir daha bu reallığın təsdiqidir ki, insan amili, vətəndaş məmnunluğu hər zaman dövlətimizin həyata keçirdiyi siyasətin əsasında dayanır. Prezidentimiz İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışı zamanı Azərbaycan Televiziyasına müsahibəsində ölkəmizin pandemiyaya qarşı mübarizə, həmçinin postmüharibə dövründə görüləcək işlərə bir daha diqqəti yönəldərək bu əsas hədəfi açıqlayıb ki, dünyaya müasir Azərbaycanın gücünü göstərməliyik. Azərbaycanın COVID-19-la mübarizə tədbirlərinə başlandığı gündən həyata keçirdiyi tədbirlər planlı xarakter daşıyıb. İstər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə reallaşdırılan tədbirlər Azərbaycan təcrübəsinin təqdir olunmasını şərtləndirir. İlk gündən səhiyyə sisteminin təkmilləşdirilməsinə, yeni xəstəxanaların tikilib istifadəyə verilməsinə, modul tipli xəstəxanaların quraşdırılmasına diqqət göstərildi.

“Pandemiyaya qarşı mübarizədə əksər ölkələrdən fərqli olaraq Azərbaycanda bu sahədə vəziyyət ürəkaçandır. Ölkəmizdə bununla bağlı mövcud statistikaya diqqət yetirsək görərik ki, son 17 ildə 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da əsaslı şəkildə təmir edilib. Səhiyyə sistemimizin xəstəxana və tibb müəssisələri fondu indi ən yüksək standartlara cavab verir. Bunu şərtləndirən əsas amil cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı ilk gündən “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürərək bu istiqamətdə reallaşdırdığı layihələr oldu. Möhtərəm Prezidentimizin də vurğuladığı kimi, baxmayaraq ki, o illərdə “qara qızıl”ımızın həcmi o qədər də böyük deyildi, amma bilirdik ki, Azərbaycanı böyük neft hasilatı dövrü gözləyir. Elə də oldu. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri reallığa çevrildi. Neftdən əldən edilən gəlirlər insan kapitalına yönəldildi. Bütün bunların nəticəsində də, hazırkı müsbət mənzərə göz önündədir. Hazırda vaksinasiya prosesi başlayıb. Hesab edirəm ki, görülmüş tədbirlər nəticəsində yaxın zamanlarda koronavirus bəlasından xilas ola biləcəyik. Bunun üçün ilk növbədə, vətəndaşlar qoyulan qaydalara, verilən tövsiyələrə əməl etməlidirlər”,-deyə deputat qeyd edib.