YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Şəhid və qazi ailələrinə qayğı göstərilməsi dövlətimizin sosial siyasətinin mühüm istiqamətlərindəndir

"Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda yaralananların və şəhid ailələrinin sosial təminatına dəstək məqsədilə "YAŞAT" Fondunun yaradılması sadəcə belə ailələrin sosial problemlərinin həll edilməsi deyil, həm də cəmiyyətimizdə yardımlaşma və dayanışma ruhunun möhkəmlənməsinə mühüm töhfə verilməsidir. Azərbaycanda şəhid və qazi ailələrinə dövlət tərəfindən hər cür yardım edilir və dövlətimizin sosial siyasətinin mərkəzində duran ən əsas məsələlərdən biri də məhz bu istiqamətdə fəaliyyətin yüksək səviyyədə təşkil olumasıdır". Bunu  Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

O bildirib ki, şəhid ailələrinə və müharibə veteranlarına birdəfəlik yardım da daxil olmaqla çoxsaylı güzəştlərin tətbiq olunması, onların mənzil və avtomobillərlə təmin edilməsi, aylıq müavinət və təqaüdlərin verilməsi, vergi güzəştlərinin nəzərdə tutulması və s. kimi bu qəbildən olan sosial güzəştlər yalnız təminatın kiçik bir qismidir. İşverənlərə bu statusda olan vətəndaşlarımız üçün məcburi kvotanın müəyyən edilməsi, özünüməşğulluqla bağlı çoxsaylı layihələrin həyata keçirilməsi və maliyyələşdirilməsi də güzəştli ailələrimiz üçün nəzərdə tutulan digər kateqoriyaya aid fəaliyyət növüdür. Ancaq bütün bunlarla yanaşı, ayrı-ayrı vətəndaşlarımızın da şəhid və qazilərimizin ailələrinə bu və ya digər formada yardım etmək istəyinin kütləvi olması həmin sahədə bir koordinasiya fəaliyyətini zəruri edirdi ki, yeni yaradılan "YAŞAT" Fondu da məhz bu funksiyanı yerinə yetirəcək".

Hikmət Babaoğlu vurğulayıb ki, bizim ən yaxşı milli xüsusiyyətlərimizdən bir qarşılıqlı yardımlaşma və bunun üçün cəmiyyətin səfərbər olma əzmini göstərə bilməsidir: "Bu gün əldə etdiyimiz tarixi zəfərdən sonra bütün vətəndaşlarımız bu prosesə müəyyən töhfə verməklə iştirakçı olmağa çalışır. Belə əhval-ruhiyyə ictimai həmrəyliyi artırmaqla həm də milli birliyimizi gücləndirir. Nəticə etibarilə, hər bir fərd özünü tarixi qələbəmizin, torpaqlarımızın işğaldan azad olunmasının bir növ iştirakçısına çevrilə bilmə arzusunu realizə etmiş hesab edir ki, bu da ictimai vicdanı rahatladan mühüm mənəvi komponent qismində çıxış edir. Beləliklə, xalq olaraq ümumi işimizə birgə töhfə verməklə kütləvi sinxron hərəkətin iştirakçısı olur, milli-mənəvi bağlarımızı mühkəmləndiririk. Bu, çox mühüm hadisədir və gələcək inkişafımız, birlik və bərabərliyimiz üçün çox vacibdir".