YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: İşğalçı Ermənistan faktiki olaraq Azərbaycan Ordusunun qarşısında məğlubiyyət uğrayıb

“İşğalçı Ermənistan faktiki olaraq Azərbaycan Ordusunun qarşısında məğlubiyyət uğrayıb. Sadəcə olaraq, təcavüzkar dövlətin rəhbərləri məğlubiyyətlərini müxtəlif yalanlar uydurmaqla ört-basdır etməyə çalışırlar. Ancaq onların öz cəmiyyətlərinə və dünyaya ünvanladıqları yalanlar artıq bir işə yaramır. Prezident İlham Əliyev  İtalyanın “La Repubblica” qəzetinə müsahibəsində Azərbaycanın Silahlı Qüvvələrinin Ermənistanın illər boyu yaratdığı “yenilməz ordu” mifini dağıtdığını vurğulayıb”. Bu fikirləri YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Məlahət İbrahimqızı bildirib ki, Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxındır işğal altında qalmış ərazilərimizin bir hissəsinin  qısa vaxt ərzində azad etməsi dövlətimizin hərbi potensialının nə qədər güclü olduğunu bir daha təsdiq edir. Hərbi əməliyyatların getdiyi bölgədə Ermənistanın işğaldan azad edilmiş əraziləri yenidən qəsb etmək təşəbbüsü göstərdiyinə dair məlumatlar bu ölkənin hələ də reallığı düzgün qiymətləndirə bilmədiyini göstərir.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev xarici KİV-lərə müsahibəsində Ermənistan hakimiyyətinin qeyri-adekvat, təhlükəli addımlarının münaqişənin dinc yolla həllinə maneə yaratdığını xüsusi vurğulayıb. Azərbaycanın böyük səbir və təmkinlə nəticə gözlədiyi və 27 il davam edən danışıqlarda bu problemin həllinin baza prinsiplərinin razılaşdırılması mümkün olmuşdu. Baxmayaraq ki, bu proses çox çətin və ləng gedirdi. Lakin Azərbaycan həmişə məsələnin dinc yolla həllinə tərəfdar olub. Təəssüf ki, Nikol Paşinyan və onun komandası əldə olunmuş bütün razılaşmaların üzərindən xətt çəkərək tamamilə fərqli, çətin bir vəziyyətin yaranmasına səbəb oldu. Bütün dünya, beynəlxalq təşkilatlar müharibənin alovlanmasında məhz Ermənistanın davakar ritorikasının əsas faktor olduğunu qəbul edir.

“Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş, dəqiqliklə hesablanmış strategiyası Azərbaycanın qələbəsini təmin edən əsas amildir. Bu gün xalqın dövlət başçısı ətrafında sıx birləşməsi, cəmiyyətin bütün təbəqələrinin birmənalı dəstəyi Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində işğal altında olan ərazilərin mühüm bir hissəsinin azad edilməsi ilə nəticələnib. Cənab Prezidentin də dediyi kimi, Azərbaycan baza prinsiplərinin böyük bir hissəsini, eləcə də, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini  özü icra edib. Ermənistan baş verənlərdən nəticə çıxarmalı, işğal olunmuş ərazilərdən silahlı qüvvələrini çıxarmalıdır. Hərbi əməliyyatların davam etməsi bu ölkə üçün çox ağır nəticələrə səbəb olacaq, necə ki, olur. İnanırıq ki, böyük sərkərdə, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tezliklə üçrəngli bayrağımızı Şuşada, xankəndidə dalğalandıracaq”-deyə, M.İbrahimqızı qeyd edib.