YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir

“Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və təlimatları var. Vəzifəsindən asılı olmayaraq, hər bir vətəndaşın onlara riayət etməsi tələb olunur. Xüsusilə xalq qarşısında məsuliyyət daşıyan şəxslər. Heç kimin dövlətin qanunlarını pozmağa haqqı yoxdur”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

Millət vəkilinin sözlərinə görə, qanunverici orqanın təmsilçiləri olaraq deputatlar 6 aya yaxındır ki, seçicilərini karantin rejiminin tələblərinə riayət etməyə çağırırlar: “Sadə vətəndaşı karantin şərtlərini qəbul etməyə, hərəkət məhdudiyyətlərinə əməl etməyə, evdə oturmağa səsləyirik, digər tərəfdən bu qadağaları pozma hallarının şahidi oluruq. Bunu necə qiymətləndirmək olar? Cənab Prezident İlham Əliyev hər çıxışında və görüşlərində ehtiyatlı olmağa, qadağaları nəzərə almağa, yaranmış vəziyyətin tələblərini ciddiyə almağa çağırır və bildirir ki, vəzifə daşıyıcıları sadə insanlara nümunə olmalıdır. İndi isə üzücü mənzərənin şahidi oluruq, vətəndaşları nizam-intizama səsləyən vəzifəli şəxslər Prezidentin çağırışlarına zidd olaraq özləri qaydaları pozur və buna haqq qazandırmağa çalışırlar".

E.Səlimov qeyd edib ki, kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Karantin qaydalarını pozan yüksək rütbəli məmur, vəzifəlilər qanunu pozursa, hüquq mühafizə orqanları mütləq ölçü götürməlidirlər. Şəhər və rayonlarda karantin dövründə toy, məclislər təşkil etmək istəyən sadə insanlar cərimə oluna bilər, eynilə də bu sərt addım qanunu pozan məmurlara, özlərini qanundan yüksək tutanlara şamil olunmalıdır. Qanun qarşısında vəzifəsindən asılı olmayaraq hər bir vətəndaşın boynu qıldan incədir. Başa düşülməlidir ki, xalq və qanun ölkə rəhbərinin tərəfindədir. Dövlətimizin əmin-amanlığı, xalqımızın firavan yaşamı qarşısında Ulu Öndərimizin siyasi kursu və cənab Prezidentin qətiyyətli siyasi iradəsi durur.

Karantin qaydaları hər kəs üçündür! Hüquq-mühafizə orqanları karantin qaydasını pozur deyə bir vətəndaşı cərimələyib, digərini cərimələməyə bilməz! Bu gün isə karantin qaydalarını pozan bəzi tanınmış şəxslər cərimələnirsə, hətta inzibati qaydada həbs edilirsə, bu hər kəs üçün ciddi dərs olmalıdır! Toy qadağası davam edir və bu hər kəs üçün belədir! Baş verənlər, dövlətimiz, hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlərin görüldüyünü və heç kəsə xüsusi imtiyaz verilmədiyini və verilməyəcəyini bir daha göstərir!

Deputat xatırladıb ki, sərt karantin rejiminin may ayında nisbətən yumuşaldılması vətəndaşların bir qismində təhlükənin artıq sovuşduğu təəssüratı yaratmış və onlar karantin qaydalarını pozmuşlar: “Nəticədə sanitar-epidemioloji vəziyyət pisləşdi və hökumət əhalinin sağlamlığını qorumaq məqsədi ilə yenidən sərt karantin rejimini tətbiq etməyə məcbur oldu. Görülmüş tədbirlər nəticəsində virusa yoluxanların sayı azaldı, sağalanların sayı isə artdı. Bütövlükdə xəstələrin sayı kəskin şəkildə aşağı düşdü. Bütün bunları nəzərə alaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah yenidən müvafiq tövsiyələrə ciddi riaəyət edilməsi şərti ilə karantin rejiminin qismən yumuşaldılması haqqında qərar qəbul etdi.

Çox böyük zəhmət nəticəsində əldə edilmiş müsbət vəziyyətin daha da yaxşılaşdırılmasının ilkin şərti, kütləvi tədbirlərin keçirilməməsi, məsafədən idarəetmənin təşkili, sanitar qaydalara əməl etməkdir. Xüsusilə də insanların daha çox toplaşa biləcəyi beynəlxalq və yerli tədbirlərin, idman yarışlarının, dini mərasimlərin, toy və hüzr məclislərinin keçirilməsi qadağan edilmişdir.

Hər bir vətəndaşın, xüsusilədə deputatların, dövlət qulluqçularının vəzifəsi karantin rejiminə nəinki riaəyət etmək, həm də şəxsi nümunə olmaqdır. Təəssüf ki, son vaxtlar bir bir qrup insanlarda arxayınlıq hissi yaranmış və məsuliyyətsizlik göstərərək toy şənlikləri təşkil edilmişdir.

Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, heç kim qanundan üstün ola bilməz, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Müvafiq hüququ-mühafizə orqanları bununla bağlı reydlər keçirir, qanunları pozanlara qarşı qanun çərçivəsində tədbirlər görür, izahat və maarifləndirmə işləri aparırlar. Amma bundan nəticə çıxarmayanlar, emosiyalara qapılaraq məsuliyyətsiz addımlar ataraq toy mərasimləri təşkil edənlər də var. Belə məclislərdə deputatların, yüksək vəzifəli şəxslərin iştirakı yol verilməzdir və bu cür hadisələr qətiyyən cavabsız qalmayacaq!”.