YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Kompleks tədbirlər, təkmil islahatlar dayanıqlı inkişafın əsasıdır

«Azərbaycanın bu gün dünyanı bürüyən pandemiyanın yaratdığı iqtisadi və sosial fəsadları aradan qaldırmaq üçün həyata keçirdiyi Tədbirlər Planının uğurlu nəticələri beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Xüsusi vurğulanır ki, Azərbaycanın təcrübəsi təqdir olunmalı, tətbiqinə səy göstərilməlidir. Bu gün diqqət yetirsək görərik ki, əksər dövlətlər Azərbaycanın pademiyaya qarşı mübarizə tədbirlərinin əsas tərkib hissəsi olan xüsusi karantin rejiminin tətbiqinə daha çox üstünlük verirlər. Bu kimi məqamlar bir daha təsdiqləyir ki, dünya təcrübəsinə əsasən öz inkişaf modelini formalaşdıran Azərbaycan hər sahədə inkişaf üçün geniş imkanlara malik olmaqla yanaşı, eyni zamanda, təcrübəsi nümunədir.  Şübhəsiz, bu uğurlara yol açan əsas  amillərdən biri məhz zamanın, dövrün tələbinə uyğun olaraq reallaşdırılan siyasi, iqtisadi, sosial islahatlar, hakimiyyətin hər üç qolunda-icra, qanunvericilik və məhkəmə-hüquq sistemində həyata keçirilən təkmilləşmələrdir. Kompleks tədbirlər ölkəmizin hərtərəfli inkişafını stimullaşdırır.» Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi  elmlər doktoru Vüqar Rəhimzadə  KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycanda  ötən ildən başlayaraq struktur islahatları geniş vüsət alıb: “Dövlətimizin başçısı İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan  videokonfrans şəklində  müşavirədə bu məqamı xüsusi qeyd edib ki,  struktur islahatlarının davam etdirilməsi məsələlərinə yenə də baxmalıyıq. Prezident Administrasiyasında, Nazirlər Kabinetində,  hakimiyyətin bütün  qollarında aparılan islahatlar bir məqsədə xidmət edir ki,  idarəetmə mexanizmi daha da təkmilləşsin.”

Baş redaktor vurğulayıb ki, bu gün  paytaxt və bölgələri müqayisə etsək onların arasında heç bir fərqin olmadığını görərik: «Azərbaycan quruculuq meydanına çevrilib.  Hər bir bölgə, kənd və qəsəbə öz simasını dəyişib,  həyata keçirilən infrastruktur layihələri ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır.  Bölgələrimiz  arasında  gedən sağlam rəqabət  inkişafı daha da sürətləndirir. Bu gün fəxrlə qeyd etdiyimiz reallıqlarımızdan biri də budur ki, nəinki paytaxt, hətta bölgələrimiz öz sosial-iqtisadi inkişafı ilə dünyanın diqqət mərkəzindədir. Azərbaycanın turizm sektorunda əldə etdiyi uğurlu nəticələr də məhz regionların malik olduğu potensial imkanlardan səmərəli istifadəyə əsaslanır. Bu inkişafa  stimul verən amillərdən biri məhz həmin rayonların rəhbərliklərinin dövlətimizin başçısı İlham Əliyevin qarşıya qoyduğu tapşırıqları yerinə yetirmək üçün səylər göstərmələri, həmçinin regional inkişaf proqramlarında hər bir bölgə  üçün nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsidir. Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan videokonfrans şəklində müşavirədə də xüsusi vurğulamışdır ki, yerli icra orqanlarında aparılan kadr islahatları, xüsusilə xoşagəlməz hallara qarşı ciddi mübarizə də göz qabağındadır: «Bu, bizim şüurlu seçimimizdir. Bütün xoşagəlməz hallara qarşı bundan sonra da ciddi mübarizə aparılacaq. Hesab edirəm ki, Prezident tərəfindən edilən xəbərdarlıq hər kəs üçün dərs olmalıdır. Əgər kimsə bundan ibrət götürməsə, günah onun özündə olacaq.»

Vüqar Rəhimzadə qeyd edib ki, ölkəmizin hərtərəfli inkişafında əsas amillərdən biri məhz  iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunmasıdır.  Dövlətimizin başçısı İlham Əliyev bu  islahatların məntiqi davamı kimi parlament seçkilərinin yekunlarını  önə çəkərək bildirir ki,   xalqımızın iradəsini ifadə edən bu seçkilər  bir daha göstərdi ki, apardığımız siyasət Azərbaycan vətəndaşları tərəfindən bəyənilir, dəstəklənir. Parlament seçkiləri demokratik inkişaf istiqamətində atılmış növbəti addımdır. Seçkilərdən sonra parlamentin tərkibinin  xeyli dərəcədə, həmçinin rəhbər orqanların  tam dəyişdiyini xüsusi qeyd edən cənab İlham Əliyev  bu faktı da diqqətə çatdırır  ki, tarixdə ilk dəfə olaraq müxalifət nümayəndəsi Milli Məclisin Sədrinin müavini vəzifəsinə seçildi: «Hesab edirəm ki, bu, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış önəmli addımdır. Eyni zamanda, tarixdə ilk dəfə olaraq, parlament komitələrinə müxalifət nümayəndələri başçılıq edirlər, həm sədr, həm müavin vəzifələrində. Hesab edirəm ki, bu da çox önəmli addımdır və ilk növbədə, siyasi sistemin yeni konfiqurasiyasına yol açan bir addımdır, eyni zamanda, Milli Məclisdə gedən proseslərə müsbət təsir göstərəcək.»

Baş redaktor bildirib ki, məhz  kompleks tədbirlər, islahatlar hər bir Azərbaycan vətəndaşında uğurlu gələcəyə daha  böyük inam  formalaşdırır. Ölkəmizin dayanıqlı inkişafı qaçılmazdır. Tezliklə  pandemiyaya qarşı mübarizə tədbirləri öz müsbət nəticəsini verəcək, bu çətin günlər arxada qalacaq. Bugünümüzün çağırışları sırasında yer alan «Birlikdə kölgədən işığa  doğru» prinsipimizin uğurlu nəticəsini görəcəyik. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, biz birlikdə güclüyük!

«Pandemiyadan sonrakı dövr üçün nəzərdə tutulan inkişaf modelində təkmilləşmələr yeni-yeni hədəflərin gerçəkləşməsini təmin edəcək» söyləyən V.Rəhimzadə ötən ilin sonlarında  ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi,  beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillər əsasında tərtib  olunan  80 güclü ölkənin reytinq siyahısını diqqətə çatdırıb. Azərbaycanın həmin siyahıda 45-ci yerdə qərarlaşaraq,  hətta inkişaf etmiş bir sıra Avropa ölkələrini geridə qoymasını xatırladan baş redaktor  bildirib ki, ölkəmizin  dünyanın ən islahatçı, demokratiya təcrübəsi nümunə olan, xoşbəxt və güclü  dövlət kimi tanınması düşünülmüş və məqsədyönlü siyasətimizin istər ölkə, istərsə də beynəlxalq aləmdə dəstək qazanması, möhtərəm  Prezidentimiz İlham Əliyevin qətiyyətinin və siyasi iradəsinin göstəricisidir.