YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Türk Şurasının Zirvə görüşü üzv dövlətlərin mənəvi-siyasi birliyinin göstəricisidir

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik edən Azərbaycan həm Şuranın fəaliyyəti tarixində həm də beynəlxalq təşkilatların tarixində ilk dəfə olaraq videokonfrans vasitəsilə Zirvə toplantısı keçirməklə bir ilkə imza atdı. Bu məsələnin yalnız bir tərəfidir. Hazırda koronovirus pandemiyası durmadan yayılmaqda davam edir və ona qarşı effektiv mübarizə də yalnız birgə səylərlə mümkündür. Çünki ayrı-ayrı dövlətlərin müxtəlif təcrübələri var və onların səmərəli olanlarının qarşılıqlı şəkildə öyrənilməsi və təhlükəsizlik məqsədilə istifadə olunması aktualdır. Bu mənada Azərbaycanın koronovirus pandemiyasına qarşı mübarizədə olduqca yaxşı təcrübəsi var”. Bu fikirləri  Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, Türk Şurasına üzv olan digər qardaş ölkələrin də əldə etdiyi uğurlar var və bu təcrübə mübadiləsi ümumi mənafelər baxımından qiymətlidir. Belə olan halda Azərbaycan Prezidentinin təşəbbüsü ilə Zirvə görüşünün baş tutması Türk Şurasına üzv olan dövlətlərin həmrəyliyi və mənəvi-siyasi birliyinin də göstəricisi hesab edilə bilər. Ona görə də Azərbaycan Prezidenti, ilk növbədə, məhz bu məsələyə diqqət çəkərək qeyd etdi ki, bu Zirvə görüşü bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür.

“Bizi birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır. Hazırkı mərhələdə koronovirusa qarşı mübarizədə tibbi tədbirlər nə qədər əhəmiyyətlidirsə, mənəvi–psixoloji məsələlər və ümumi həmrəylik də bir o qədər əhəmiyyətlidir” , - deyə H. Babaoğlu vurğulayıb.

Milli Məclisin deputatı, həmçinin əlavə edib ki, başqa əlamətdar bir məsələ isə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun Zirvə görüşünə qatılması idi. Bu da Azərbaycanın dəvəti ilə baş tutmuşdu və Türk Şurasının Zirvə görüşünə həm də digər bir beynəlxalq təşkilatla birgə fəaliyyət və əməkdaşlıq keyfiyyəti qazandırırdı. Onun sözlərinə görə, ÜST-ün Baş direktoru ölkəmizlə əməkdaşlıqdan məmnuniyyətini dilə gətirərək Azərbaycanda həyata keçirilən tədbirləri yüksək qiymətləndirdiyini bildirdi. Eyni zamanda, bundan sonrakı mərhələdə koronovirusa qarşı mübarizədə daha yeni vasitələrlə birgə mübarizənin əhəmiyyətindən danışdı.

“Şübhəsiz ki, bütün bunların məqsədi qardaş ölkələrin qlobal pandemiya təhlükəsinə qarşı öz vətəndaşlarının təhlükəsizliyini birlikdə qorumaq əzmi idi. Ancaq koronovirus pandemiyasının yaratdığı problemlər təkcə sağlıq müstəvisi ilə məhdudlaşmır və digər sosial-iqtisadi sferalara da ciddi şəkildə mənfi təsir göstərir. Zirvə görüşündə bu məsələlərə də toxunuldu və iqtisadi itkilərin minimuma endirilməsi məsələsi də gündəmə gəldi. Qardaş ölkələrin dövlət başçılarının nitqində Azərbaycanın həyata keçirdiyi qlobal tranzit layihələrin hazırkı mənada iqtisadi kommunikasiya sahəsində mühüm əhəmiyyət kəsb etdiyi bildirildi. Bu sırada Bak-Tbilisi–Qars dəmiryolunun önəmi bir daha vurğulandı və qarşılıqlı iqtisadi mənafelərin təmin edilməsi baxımından olduqca yüksək qiymətləndirildi. Bütövlükdə isə Azərbaycanın təşəbbüsü ilə keçirilən Türk Şurası Zirvə toplantısı həm təşkilat üzvlərinin həmrəyli və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı kontekstində, həm də hazırkı vəziyyətdə qlobal təhlükəyə qarşı birgə mübarizə səylərində vacib əhəmiyyətli tarixi hadisə kimi yadda qaldı” , - deyə H.Babaoğlu vurğulayıb.