YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Süleyman İsmayılov: 2018-ci ili Azərbaycan tarixində yeni bir dövrün başlanğıcı kimi də qiymətləndirmək olar

“Böyük tarixi yubileylər, geniş iqtisadi, sosial və siyasi islahatlar, ölkədə həyata keçirilən qlobal layihələr, sənaye və kənd təsərrüfatında tətbiq olunan ən müasir texnologiyalar, xalqın güzəranının yaxşılaşdırılması üçün görülən kompleks tədbirlər 2018-ci ili səciyyələndirən əsas cəhətlər olmuşdur. Ölkə Prezidentinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki il ərzində ölkədə baş verən bütün əhəmiyyətli hadisələrə yekun vurmaqla yanaşı, xalqımıza və dünyada yaşayan soydaşlarımıza böyük sevinc bəxş etdi və daxili iftixar hissi yaratdı. Bizim hər birimiz bu ölkənin vətəndaşı olmaq qürurunu yaşadıq”. Bu fikirlər Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun 2018-ci ildə ölkə vətəndaşlarını düşündürən məsələlərin, onların problemlərinin dövlət orqanları tərəfindən necə həll olunmasından, bu işə göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən geniş təhlili məqaləsində yer alıb.

Məqalədə vurğulanıb ki, ölkəmizin beynəlxalq aləmdə mövqeyini möhkəmlətmək üçün görülən işlər nəticəsində Azərbaycanın nüfuzunun daha da yüksəlməsi, Avropa İttifaqı və dünyanın mühüm aparıcı beynəlxalq təşkilatları ilə əlaqələrinin güclənməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün göstərilən səylərin getdikcə real nəticələr verməyə başlaması, beynəlxalq ictimaiyyətin Azərbaycanın mövqelərini birmənalı müdafiə etməsi, qonşu dövlətlərlə münasibətlərin daha da möhkəmlənməsi, Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair uzun illər davam edən müzakirələrin uğurla başa çatdırılması, əhalinin sosial müdafiəsinin, o cümlədən məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması həqiqətən ötən il əldə edilən böyük uğurlar kimi qiymətləndirilməlidir. Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin ölkənin inkişafı və xalqın rifahı, regionda və dünyada sülhün bərqərar olması, millətlərarası münasibətlərin yaxşılaşdırılması üçün gördüyü işlər bütövlükdə Azərbaycanın beynəlxalq nüfuzunun daha da güclənməsinə xidmət etmişdir: “Ötən ilin sonunda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə “İlin dövlət başçısı” mükafatına layiq görülməsi təsadüfi deyildir. Cənab İlham Əliyev bu mükafata geniş rəy sorğusu əsasında səmimi, işgüzar, uğurlu siyasətinə görə layiq görülmüşdür”.

“2018-ci ildə Azərbaycan Ordusunun qüdrəti daha da artmış və Bakıda keçirilən iki möhtəşəm hərbi parad bunu bir daha təsdiq etmişdir. Ötən ilin ən mühüm hadisələrindən biri də Naxçıvan istiqamətində keçirilən uğurlu hərbi əməliyyat nəticəsində 11 min hektar ərazinin azad edilməsi, bununla da Ermənistandan keçən önəmli kommunikasiya xətlərinin və yolların tam nəzarətə alınmasıdır. Cənab Prezident çox haqlı olaraq qeyd etmişdir: “Bugünkü Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan heç vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil, bu qədər azad olmamışdır”,-deyə məqalədə qeyd olunub.

Bildirilib ki, 2018-ci ili Azərbaycan tarixində yeni bir dövrün başlanğıcı kimi də qiymətləndirmək olar: “Azərbaycan xalqının arzu və istəklərini həqiqətə çevirən ulu öndər Heydər Əliyevin siyasi xəttini, onun qarşıya qoyduğu məqsəd və vəzifələri ardıcıl həyata keçirən Prezident İlham Əliyevin növbəti 7 il üçün yekdilliklə Prezident seçilməsi xalqın öz siyasi liderinə bəslədiyi böyük məhəbbətin və inamın ifadəsidir. Onun Prezident kimi fəaliyyət göstərdiyi əvvəlki 15 il ərzində gördüyü işlərin miqyası o qədər geniş və əhəmiyyətlidir ki, Azərbaycanın artan qüdrəti və gücü bu işlərin nəticəsində yaranıb ərsəyə gəlmişdir”.