YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Radikalizmə təsir göstərən digər mühüm səbəb diskriminasiya və ayrı-seçkilik hallarıdır

Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Sahibə Qafarova AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya, Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitələrinin iclaslarında iştirak etmək üçün Fransada səfərdədir. İyunun 4-də qurumun Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclasında Sahibə Qafarovanın müəllifi olduğu "Avropada miqrantların və diaspor təşkilatlarının radikallaşması" mövzusunda məruzənin müzakirəsi keçirilib. İclasda məruzənin layihəsi barədə danışan S.Qafarova deyib ki, məruzədə Avropada miqrantların və diaspor təşkilatlarının radikallaşmasına təsir edən amillər, həmçinin miqrantların radikallaşmasının qarşısının alınması üçün görüləcək tədbirlərlə bağlı təkilfər və bununla bağlı Avropa strategiyası haqqında geniş məlumat verilib. Onun sözlərinə görə, radikallaşmış insanların əksəriyyətinin dini fanatiklər olduğuna dair ümumi ictimai rəyin əksinə olaraq, Avropada aparılan araşdırmaların nəticələri bunun heç də belə olmadığını göstərir: "Radikallaşmış insanların böyük əksəriyyəti heç vaxt "Qurani-Kərim"i oxumayıb, məscidlərə getməyiblər. Hücumların böyük çoxluğu İŞİD terror təşkilatından ilhamlanan şəxslər tərəfindən idarə olunur və ya həyata keçirilir. İkinci və üçüncü nəsil miqrantların radikallaşmasının əsas səbəblərindən biri şəxsiyyət böhranıdır. Bu gənclər nə qərb dünyəvi həyat tərzinə adaptasiya oluna bilir, nə də valideynlərinin müsəlman şəxsiyyətini qəbul edirlər. Onlar öz dini köklərini yenidən kəşf etməyə çalışarkən təəssüf ki, bəzən ektremist, radikal ideologiyaların təsiri altına düşür. Radikallaşma prosesi çox vaxt internetdə və sosial mediada, həmçinin həbsxanalarda və saxlanma məntəqələrində baş verir. Gənc miqrantlar digər yaş qruplarına nəzərən radikallaşma meyllərinə daha həssasdırlar. Onların tipik profili belədir: gənc ikinci nəsil miqrantlar (onlar 16-24 yaş qruplarına aiddirlər), uğursuz təhsil, cinayət işi və işsizlik. Radikalizmin başqa potensial səbəbi iqtisadi və sosial qeyri-bərabərlikdir. Bir çox miqrantlar mərkəzdən kənarlarda və ya icmalarda yaşayır, yoxsulluq, sosial təcrid ilə əhatə olunur, belə olduqda isə onlar öz yaşamlarını təmin etmək üçün qanunsuz qazanc üsulları axtarırlar".

Sahibə Qafarova hesabatda qeyd edib ki, radikalizmə təsir göstərən digər mühüm səbəb diskriminasiya və ayrı-seçkilik hallarıdır. Belə ki, miqrantlar təhsildə, sosial həyatlarında, iş, ev axtararkən bərabərsizliklə, ayrı-seçkiliklə tez-tez qarşılaşırlar. "Bütün amillərin təhlil olunması belə bir fikri söyləməyə əsas verir ki, Avropada miqrantların və diaspor təşkilatlarının radikallaşması əsasən onlara ev sahibliyi edən ölkələrdə tətbiq edilən siyasətlərin uğursuzluqları, habelə miqrantlara qarşı ədalətsizlik və qeyri-bərabər münasibət, həmçinin nifrət və düşmənçiliyi təbliğ edən çağırışlarla daha çox bağlıdır. Buna görə də, bu təhlükəli meylin yayılmasının qarşısını almaq üçün Avropa hökumətləri miqrantlara qarşı öz siyasətlərini yenidən nəzərdən keçirməli və məcburi köçkünlərin cəmiyyətin həyatına cəlb olunması və iştirakını təşviq etməlidir. Bundan başqa, həm ibtidai, həm də ali təhsildə yanlış fikirləri aradan qaldırmaq və qarşılıqlı anlaşmanı, xoşgörünü təbliğ etmək radikalizmin qarşısının alınmasında mühüm rol oynayır. Radikalizmin qarşısının alınması bütün müəllimlər, pedaqoqlar üçün peşə hazırlığının daimi hissəsi olmalıdır. Onlar mədəni və dini fərqləri anlamaq və qəbul etmək üçün təlim keçməlidirlər", - deyə millət vəkili S.Qafarova vurğulayıb.

Sahibə Qafarovanın fikrincə, bu kimi problemlərin həllinin əsas yollarından biri maarifləndirmədir: "Uşaqlara hər gün demokratiya və insan hüquqları öyrədilməlidir. Onlar məsuliyyətli vətəndaşlar olmağı və ictimai həyatda fəal iştirak etməyi öyrənməlidirlər. Müasir təhsil sistemi hər bir şagirdin baxış və maraqlarını ifadə etməsinə şərait yaratmalıdır. Mən xüsusilə radikallaşmanın qarşısının alınmasında qadınların rolunu vurğulamalıyam. Qadınların bu prosesdə fəal iştirakı olduqca vacibdir".

Bununla yanaşı, millət vəkili deyib ki, qadınların rolu ailə çevrəsi ilə məhdudlaşmamalı, onlar təhsil və icma fəaliyyətlərinə cəlb edilməlidilər. Sahibə Qafarova xatırladıb ki, bu günədək bir çox Avropa ölkəsi miqrantların və diaspor üzvlərinin radikallaşmasının qarşısını almaq üçün yerli, regional və milli səviyyədə tədbirlər görüb. Bu məruzə hazırlanarkən Norveç və İtaliyada səfərdə olduğunu deyən S.Qafarova digər ölkələrdə də sözügedən mövzuda araşdırmaları davam etdirir.

Sahibə Qafarova sonda deyib ki, radikallaşma və ekstremizmin qarşısının alınmasında yerli hakimiyyət orqanlarının və bələdiyyələrin də rolu çox vacibdir. Yerli polis və bələdiyyələrə daha çox miqrant mənşəli insan cəlb edilməlidir. Bələdiyyə, polis və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq və koordinasiya işləri çox vacibdir.