YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qorxmaz Hüseynov: Bakı şəhəri üzrə əhalinin 81,5 faizi fasiləsiz içməli su ilə təmin olunub

Bakı şəhəri üzrə əhalinin 81,5 faizi fasiləsiz içməli su ilə təmin olunub.

“Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, bu barədə “Azərsu” ASC-də 2017-ci ilin və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın dördüncü ilinin yekunlarına həsr olunmuş iclas keçirilib.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, 2017-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaradıb. Dövlət başçısının əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq 2017-ci ildə “Azərsu” ASC tərəfindən kompleks tədbirlər həyata keçirilib.

Hesabat dövründə 1366 kilometr magistral və şəbəkə su xətləri, 382 kilometr kanalizasiya kollektoru və xətləri, 1 içməli və 1 tullantı sutəmizləyici qurğu, 10 su anbarı tikilib, 22 subartezian quyusu qazılıb, 6 nasos stansiyası, 105 min ədəd sayğac quraşdırılıb. Görülmüş işlər nəticəsində Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda – 116 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edilib, 132 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da, fasiləsiz içməli su ilə təmin olunan əhalinin xüsusi çəkisi ölkə üzrə 66,9 faizə, Bakı şəhəri üzrə isə 81,5 faizə yüksəlib.

“Azərsu” ASC-nin sədri 2017-ci ildə içməli su təchizatı və kanalizasiya sektorunda mühüm hadisələrin baş verdiyini diqqətə çatdırıb. “2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Gədəbəy, Şamaxı və Qobustan şəhərlərində su və kanalizasiya, Saatlı şəhəri və Pirallahı qəsəbəsində isə içməli su layihələrinin açılış mərasimləri keçirilib. Ötən dövrdə Xırdalan şəhərində su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulmasına, həmçinin Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisinə başlanılıb. Əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə 28 rayonun 170 yaşayış məntəqəsində içməli su layihələri icra edilib. Bakı şəhərinin yağış sularının yığılma təhlükəsi olan ərazilərində səth sularının kənarlaşdırılması üzrə 13 layihənin icrası yekunlaşıb. Zərdab, Hacıqabul və Şamaxı rayonlarında suvarma layihələri icra olunub,

2017-ci ilin martında I Bakı Beynəlxalq Su Həftəsi və Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illik yubiley tədbirləri keçirilib. “Azərsu” ASC Beynəlxalq Su Resursları Assosiasiyasının üzvü seçilib və bu təşkilat 2021-ci ildə Dünya Su Konqresinin Bakı şəhərində keçirilməsi təklifini dəstəkləyib. Səhmdar Cəmiyyət Beynəlxalq Biznes Təşəbbüsləri Təşkilatının liderlik, keyfiyyət, innovasiya və mükəmməllik sahəsində Qızıl Mükafatına layiq görülüb.

Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması sahəsində görülmüş işlər “Azərsu” Açıq Səhmdar Cəmiyyətində keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş iclasda ətraflı müzakirə olunub. Səhmdar Cəmiyyətin sədri Qorxmaz Hüseynov bildirib ki, 2004-cü ildən həyata keçirilən regional inkişaf proqramları bölgələrin inkişafına, əhalinin sosial rifahının gücləndirilməsinə yeni imkanlar açıb.

Dövlət başçısının hər bir yaşayış məntəqəsinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunması barədə tapşırıqlarına uyğun olaraq respublikanın 50 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası həyata keçirilir. Ötən müddətdə bu şəhərlərin 23-də su və kanalizasiya şəbəkələrinin, 10-da su şəbəkələrinin inşası uğurla başa çatıb. Kənd yaşayış məntəqələrini içməli su ilə təmin etmək məqsədilə əhalisinin sayı 630 min nəfər olan 520 kənddə yeni layihələr icra olunub. 2004-2017-ci illərdə 20-dən artıq su mənbəyi yaradılıb, 1390 kilometri magistral olmaqla 9230 kilometr su kəmərləri, ümumi həcmi 530 min kubmetr olan 230 su anbarı tikilib, 300-dən artıq subartezian quyusu qazılaraq istismara verilib. Yeni şəbəkələrin yaradılması, mövcud şəbəkələrin genişləndirilməsi hesabına xidmət göstərilən abonentlərin sayı 60 faizdən çox artaraq 1 milyon 410 minə çatıb, sayğaclaşma səviyyəsi 77 faizə çatdırılıb.