Xəbərlər
Elman Nəsirov: Bu hadisə Avropa demokratiyası üçün bir ləkədir
«Türkiyə dövləti öz suveren hüququndan istifadə edərək aprelin 16-da Konstitusiya ilə bağlı düzəlişlər edəcək və bunu xalqın müzakirəsinə, referenduma çıxaracaq. Nəzərə alsaq ki, Hollandiyada 700 minə yaxın türk yaşayır, Türkiyə XİN və sosial siyasət nazirinin bu ölkəyə səfər etməsi, türk icması ilə görüşlər keçirməsi məntiqlidir». Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, Avropa İttifaqında sistemli böhran yaşanmaqdadır. Onun sözlərinə görə, Türkiyə ilə bağlı hadisələr göstərdi ki, bura daha bir diplomatik böhran da əlavə edilib.
«Hollandiya və Türkiyə arasında yaşanan son hadisələr təsdiqlədi ki, bir çox hallarda Aİ və onun qurumları insan hüquq və azadlıqları, insanların sərbəst toplaşmaq hüquqlarından danışdıqca, digər tərəfdən həmin hüquqları pozan tərəf kimi çıxış edirlər. Dünya praktikasında bu nadir hadisələrdəndir ki, nazirin Türkiyənin konsulluğunun binası, öz ərazisinə daxil olmasına icazə verilmir, nazir xanıma mənəvi-psixoloji təzyiq edilir, polisin müşayiəti ilə onu zorla Almaniya sərhədinə göndərirlər. Bunlar hamısı Avropa demokratiyası üçün bir ləkədir»- deyə, E.Nəsirov vurğulayıb.