YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”ni təsdiqləyib

Prezident İlham Əliyev “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalayıb.

“Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə uyğun olaraq hazırlanıb və “Lisenziyalar və icazələr” portalının fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

Əsasnaməyə görə, portal sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziya və ya icazələrin, onların dublikatının və əlavəsinin verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ləğvi ilə bağlı müraciətlərin təqdim edilməsini, qəbulunu, emalını, cavablandırılmasını, lisenziya və icazələrin vahid reyestrinin elektron qaydada aparılmasını, istifadəçilərin və iştirakçıların portaldan sərbəst istifadəsini, ona inteqrasiya olunmuş informasiya sistemlərindən məlumatların əldə edilməsini və bu Əsasnamədə nəzərdə tutulmuş digər xidmətlərin göstərilməsini təmin edir.

“Lisenziyalar və icazələr” portalının operatoru - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi müəyyən edilib. İştirakçı - lisenziya və ya icazə verən, habelə özünə məxsus informasiya sistemi ilə portalda informasiya mübadiləsində iştirak edən orqan; istifadəçi – portalın təqdim etdiyi xidmətlərdən istifadə edən təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxs, xarici hüquqi şəxsin filial və nümayəndəliyi, fərdi sahibkar, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxs; istifadəçinin elektron kabineti - lisenziya və ya icazənin verilməsi ilə bağlı məlumatların əldə edilməsini və həmin məlumatlarla tanışlığı, ödənişlərin həyata keçirilməsini, həmçinin operatorla və iştirakçılarla qarşılıqlı əlaqəni təmin edən xüsusi fərdi elektron səhifədir.

Portalın fəaliyyətinin təşkili, təkmilləşdirilməsi və saxlanması ilə bağlı xərclər dövlət büdcəsi və qanunla qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir.

Portalın fəaliyyəti şəffaflıq, istifadə rahatlığı, səmərəlilik, operativlik, əlaqəlilik, təhlükəsizlik, fasiləsizlik, modulluq və miqyaslılıq prinsipləri əsasında həyata keçirilir.

Portalın infrastrukturu texniki-texnoloji və funksional baxımdan aşağıdakı əsas komponentlərdən ibarətdir: proqram-texniki vasitələr; mobil cihazlar və səyyar qurğular üçün proqram təminatı; telekommunikasiya kanalları; elektron lisenziya və icazələr modulu; idarəetmə sistemi; reyestr; ödəniş modulu; ehtiyat mərkəzi; arxiv mərkəzi.

Operatorun funksiyaları aşağıdakılardır: portalın fəaliyyətini və idarə olunmasını təşkil etmək, portal vasitəsilə dayanıqlı, fasiləsiz, operativ və təhlükəsiz xidmət göstərilməsini təmin etmək, onun funksional imkanlarının artırılması və təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək; iştirakçıların informasiya sistemlərinin portala təhlükəsiz inteqrasiyasını və onların qarşılıqlı əlaqəsini təmin etmək; portala daxil edilən məlumatların etibarlılığını, əlçatanlığını, təhrifolunmazlığını və konfidensiallığını (məxfiliyini), habelə onların ehtiyat surətlərinin saxlanmasını və mühafizəsini təmin etmək; portal vasitəsilə lisenziya və ya icazə verən orqanlara lisenziya və ya icazənin tətbiqinə dair izahatlar vermək, iştirakçılara metodiki rəhbərliyi və informasiya təminatını həyata keçirmək, portalın iş prinsipləri və funksional imkanları haqqında onlara məlumat vermək və kömək göstərmək, portaldan istifadə qaydaları və onun üstünlükləri barədə maarifləndirmə işi aparmaq və s.