YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu il 300 min ton karbamid yükü Azərbaycan üzərindən daşınacaq

Bu il 300 min ton karbamid yükü Azərbaycan üzərindən daşınacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Azərbaycan Dəmir Yolları Azərbaycan üçün böyük maraq kəsb edən, bir çox mühüm beynəlxalq nəqliyyat layihələrinin reallaşması prosesində aktiv iştirak edir. Əsas məqsədlərdən biri, Azərbaycanın əlverişli coğrafi mövqeyindən istifadə edərək, Beynəlxalq Nəqliyyat Dəhlizləri çərçivəsində, Mərkəzi və Şərqi Asiyadan Avropaya və əks istiqamətdə, ölkə ərazisindən keçən marşrutlara tranzit yüklərin cəlb edilməsidir.

Tranzit yüklərin Azərbaycana cəlb olunması prosesində Beynəlxalq Dəniz Ticarət Limanı ilə qarşılıqlı əməkdaşlıq böyük önəm kəsb edir. Həmin əməkdaşlıq nəticəsində, 2016-cı il dekabr ayında Türkmənistandan Qara dənizə qədər, karbamid yükünün Azərbaycan üzərindən, tranzit olaraq nəql edilməsi prosesi həyata keçirilib. Sınaq məqsədi daşıyan həmin nəql prosesi zamanı yük gəmilərlə Bakı terminalına daşınıb, orada isə vaqonlara yüklənərək Gürcüstan istiqamətinə yola salınıb. Hava şəraiti ilə əlaqədar Xəzər dənizində bərə daşımalarında bəzi gecikmələr yarandığı üçün, bu yüklər tıxac əmələ gələn Ələt yox, məhz Bakı terminalına yönəldilib. Sınaq nəql prosesi uğurlu olduğundan, 2017-ci il ərzində 300 min ton həmin yükün bu marşrut üzrə daşınması planlaşdırılır.

Qeyd edək ki, yüklərin limandan sonra dəmir yolu ilə nəql edilməsi üçün, Bakı limanı istiqamətində olan dəmir yollarının balans saxlayıcısı Bakı Beynəlxalq Dəniz Limanı ilə birlikdə, DYP-nin Siqnal idarəsi cəlb olunmaqla, Neftçilər prospektini kəsən dəmir yolu üzərində təhlükəsizlik tədbirləri gücləndirilir.

Eyni zamanda, bərə terminalının Ələt qəsəbəsində inşa edilmiş yeni dəniz limanına köçürülməsi ilə əlaqədar olaraq, Neftçilər prospektini kəsən və istifadə olunmayan digər dəmir yolu, prospekt boyunca avtomobillərin təhlükəsiz və rahat hərəkətini təmin etmək məqsədilə 2017-ci il yanvarın 4-də sökülərək, “Azəravtoyol” ASC tərəfindən asfalt örtüklə əvəz edilib. Yanvarın 7-də isə Əhmədli stansiyası istiqamətində Neftçilər prospektini kəsən və istifadə olunmayan digər dəmir yolu sökülərək asfalt örtüklə əvəzlənəcək.