YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qarabağın etnosiyasi və mədəni tarixi” üçcildliyinin I cildi təqdim edilib

İyulun 22-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Qarabağın etnosiyasi və mədəni tarixi” üçcildliyinin I cildinin təqdimatı keçirilib. Üçcildliyin I cildi “Qarabağ Qafqaz Albaniyası dövründə” adlanır.

Tədbirdə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov təqdim olunan əsər haqqında qısa məlumat verib.

Bildirilib ki, tədqiqatçı-alim, Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirovun və ukraynalı tədqiqatçı, Ukrayna Milli Yaddaş İnstitutunun əməkdaşı Maksim Mayorovun birgə müəllifi olduqları bu kitab Qarabağın islamaqədərki tarixinə yeni elmi faktlarla işıq salır.

Kitabın elmi redaktoru Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrasının müdiri, professor Məmməd Əliyevdir.

“Yalan rəngarəng olur, həqiqət sadədir” (“Facundus est error, cum simplex sit veritas”) - “Erməni iddiaları işığında Qarabağın etnosiyasi və mədəni tarixi” üçcildliyinin I cildi bu sözlərlə başlayır.

Əsərdə Qafqaz Albaniyası dövründə Qarabağın siyasi həyatı, mədəniyyəti, etnik mənzərəsi canlandırılır, bu dövrə aid erməni iddiaları bir-bir nəzərdən keçirilir. Çox vacibdir ki, müəlliflər kitabda erməni mənbələrinin geniş müqayisəli təhlilini verir, erməni iddialarını və təhriflərini elə erməni müəlliflərinin öz dili ilə ifşa edir, onlar arasında ziddiyyətləri, tarixi uyğunsuzluqları açıb göstərirlər.

Əsər bu günə qədər beynəlxalq aləmdə elmi dövriyyəyə buraxılan erməni iddialarına sarsıdıcı zərbə vurur. Kitabda arxiv materiallarından, ilkin mənbələrdən, tanınmış azərbaycanlı, erməni, rus, gürcü, türk və Qərb alimlərinin tədqiqatlarından geniş istifadə edilib.