YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Mehriban xanım Əliyevanın böyük amnistiya haqqında təşəbbüsü tarixi hadisədir

Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 28 May - Respublika Günü münasibəti ilə amnistiya elan edilməsi ilə bağlı layihə Milli Məclisə təqdim olunub. Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib ki,  Mehriban xanım Əliyevanın müasir ümumbəşəri ideyaları yaşadan Heydər Əliyev siyasətinin humanizm, mərhəmət və insanpərvərlik ənənələrini əsas götürərək, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, cinayət törətmiş şəxslərin öz əməllərini və onların nəticələrini dərk etməklə islah olunacaqlarına ümid edərək, cəzadan azad olunacaq şəxslərin sosial adaptasiyasını, qanunlara dönmədən əməl etmələrini və cəmiyyətin inkişafına öz töhfələrini vermələrini arzulayaraq irəli sürdüyü təşəbbüs tarixi hadisədir: "Bu vaxta qədər Mehriban xanım Əliyeva tərəfindən üç  dəfə böyük amnistiya layihəsi Milli Məclisin müzakirəsinə çıxarılıb. Belə ki, Mehriban xanımın təşəbbüsü ilə Milli Məclis tərəfindən 8 may 2007-ci ildə qəbul olunmuş qərarla 9877 məhkum barəsində,  17 mart 2009-cu il tarixli qərarla 9564 məhkum barəsində amnistiya tətbiq edilib. 7 may 2013-cü il tarixli qərar 9000 şəxsə şamil edilmiş, o cümlədən 2 mindən artıq məhkum azadlıqdan məhrumetmə yerlərindən azad edilib.    Bu, sayca dördüncüsüdür və 28 May — Respublika Gününə təsadüf edir.  Mehriban xanımın bu dəfə irəli sürdüyü amnistiya haqqında qərar layihəsi isə daha çox adamı əhatə edəcəkdir. Belə ki, mayın 20-də Milli Məclisin amnistiya haqqında  qəbul edəcəyi qərar 10 min nəfərə  şamil olunacaqdır. Bunlardan 3500 nəfəri yerdə qalan cəzanın çəkilməsindən azad olunaraq  azadlığa çıxacaqdır".  

Azay Quliyev deyib ki, qərar layihəsinə əsasən, yalnız böyük ictimai təhlükə törətməyən cinayətlər törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər, qadınlar, cinayət törədərkən 18 yaşına çatmayan şəxslər, bu qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış kişilər, bu qərar qüvvəyə minənədək birinci, ikinci və ya üçüncü qrup əlil sayılmış şəxslər, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı və ya birinci və ikinci qrup əlil övladı olan kişilər, o cümlədən bu qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər, habelə keçmiş SSRİ Silahlı Qüvvələrinin tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya  itkin düşmüş şəxslərin yaxın qohumları, Azərbaycanın, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər (bu orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla), keçmiş SSRİ dövründə repressiyalara məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarı ilə bəraət almış şəxslər və onların yaxın qohumları, 1948-1953 və 1988-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistan SSR-dən deportasiya edilmiş şəxslər, 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş şəxslər, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş və onlara himayəçilik edən şəxslər (himayəçilik qanunvericilikdə nəzərdə tutulan qaydada müəyyən olunubsa), 1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları, Xocalı soyqırımında əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad ediləcəklər.

"Bunu, ilk növbədə, Mehriban xanım Əliyevanın Ümummilli liderin humanist siyasətinə sədaqət nümayiş etdirməsinin bariz nümunəsi, ikincisi isə, Mehriban xanımın 28 May — Respublika gününə sayğısı kimi qiymətləndirmək lazımdır. Bu, tarixi qərar olacaqdır. İndiki məqamda, ölkəmizdə  dövlətçilik hissinin və vətənpərvərlik ruhunun yüksək səviyyədə olduğu bir məqamda belə bir humanizm aktının qəbulu ictimai barışı və vətəndaş həmrəyliyini daha da gücləndirəcəkdir. Nə bilmək olar, bəlkə də, amnistiyaya düşənlərdən bir çoxu Qarabağ uğrunda savaşlarda qəhrəmanlıq göstərəcək.  

Mən fürsətdən istifadə  edib belə bir humanizm, bağışlamaq  və mərhəmət aktını hazırlayan və Milli Məclisə təqdim edən Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı hörmətli Mehriban xanım Əliyevaya ölkənin ictimai sektoru adından dərin minnətdarlığımı bildirirəm", - deyə Azay Quliyev qeyd edib.