YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sona Əliyeva: Ölkəmizdə qadın və kişi hüquqları təkcə qanunlarda deyil, həyatda da bərabərdir

«Ölkəmizdə qadın və kişi hüquqları təkcə qanunlarda deyil, həyatda da bərabərdir. Biz bunu iş yerlərində, ailədə, bütövlükdə cəmiyyət həyatında  hiss edirik». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, Azərbaycan bu baxımdan, müvafiq  beynəlxalq təsisatlar qarşısında götürdüyü öhdəliklərə əməl edir. Onun sözlərinə görə, qadınların idarəetmədə, parlamentdə və bələdiyyələrdə rolu artmaqdadır.

«Bilirsiniz ki, rayon İcra Hakimiyyətlərinin əksəriyyətində başçı müavinlərinin biri qadındır. Eləcə də, Milli Məclisdə də qadın deputatların sayı artıb. Bu gün bələdiyyələrdə qadınların təmsilçiliyi 30 faizdən çoxdur, həmçinin, sahibkarlığa meyl edən qadınların da sayı artır. Yəni qadınların cəmiyyət həyatında fəallığı artır və bu da gender bərabərliyinin göstəricisidir. Amma onu da qeyd etmək istəyirəm ki, dünyanın hər yerində olduğu kimi bu sahədə ölkəmizdə də bəzi problemlər var. Buna misal olaraq məişət zorakılığı, erkən nikahlar problemlərini göstərmək olar. Dünyada gedən qloballaşma milli mənəvi dəyərlərimizə də təsir edir. Bunlar isə yeni, lakin cəmiyyətin inkişafı ilə bağlı  problemlərdir. Məsələn, yetkinlik yaşına çatmayanların sosial şəbəkələrdə  təhlükəsizliyinin təmini valideyinləri və eləcədə də cəmiyyəti narahat edən ciddi problemlərdən biridir. İstəsək də, istəməsək də texnologiyalar həyatımızın bir hissəsinə çevrilib. Övladlarımızın virtual aləmdə ola biləcək təhlükələrdən  qorumaq  vəzifəsi isə bizim üzərimizə düşüb.  Bunlar təbii problemlərdir, çünki  texnologiya inkişaf etdikcə, problemlər də ortaya çıxacaq. Üzvü olduğum parlamentin Ailə, Qaıdn və Uşaq məsələləri komitəsində cəmiyyətin bu mənada narahatlığı, tələb və maraqları nəzərə alınaraq “Uşaqların sağlamlığına və inkişafına ziyan verən informasiyalardan qorunması” haqqında qanun layihəsi hazırlanır. Qanun layihəsi müasir dünyada sərhədsiz informasiya yayımının uşaqlar, yeniyetmələr və gənc ailələrin sağlamlığına və inkişafına ziyan vura bilən təhdidlərindən qorumaq məqsədi daşıyır»- deyə, S.Əliyeva qeyd edib.