YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Koronavirus pandemiyası görünməz düşmənlə müharibədir və proseslər xalqın, dövlətin maraqları naminə sərt, müharibə qanunları ilə idarə olunmalıdır

   Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva

- Sədaqət xanım, bu gün bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Azərbaycan da bu virusla mübarizədə bir nümunəvi model formalaşdırıb. Lakin çox təəssüflər olsun ki, son vaxtlar bir sıra məsuliyyətsiz insanların, pandemiya dövrünü fürsət bilən bəzi siyasətbazların əməlləri nəticəsində koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Sizcə, proseslərin bu cür gedişatı nə vəd edir?

- Bəli, çox doğru qeyd etdiniz ki, bu gün koronavirus pandemiyası dünya ölkələrinin bu və ya digər səviyyədə, formada qalib gəlməyə çalışdığı görünməz düşməndir. Hazırda dünyada 10 milyondan çox insan koronavirusa yoluxub, onların 5.5 milyonu sağalıb, 502 minə qədəri isə ölüb. Dünyada ABŞ, Braziliya, Rusiya, İran, Meksika, Pakistan kimi ölkələr ki, orada gündəlik yoluxma 4000-20 000 arasıdır. Azərbaycanda isə 16 mindən çox vətəndaşımız koronavirusa yoluxub. Onlardan 60 faizi, təxminən 10 min nəfərə qədəri sağalıb. Çox təəssüf olsun ki, 200 nəfərə qədər insan bu virusun qurbanı olub. Ölkəmizdə bu günə qədər 500 minə qədər test aparılıb və bu da dünya miqyasında çox yaxşı göstəricidir.

Dünya tarixi ilə maraqlanan şəxslər bilirlər ki, bu cür pandemiya 100 il öncə də baş verib. 1918-1920-ci illərdə dünya əhalisinin 550 milyonu, yəni 29,5%-i İspan qripi adlı virusa yoluxmuşdu. Nəticədə təxminən dünya əhalisinin 5 faizi, yəni 100 milyona qədəri ölmüşdü. Məhz, həmin dövrün və pandemiyanın araşdırmacılarının qənaətincə, insanların virusun yoxluğuna inanmaması, karantin qaydalarına riayət etməməsi nəticəsində belə bir acınacaqlı mənzərə formalaşmışdı. O dövrün proseslərini bugünkü pandemiya dönəminə interpretasiya etdikdə, həmin zamanlarda olduğu kimi hazırda da insanların koronavirusun mövcudluğuna inanmamasını, karantin qaydalarına riayət etməməsini, sosial məsafəni qorumamasını, maskadan istifadə etməməsini nəzərə aldıqda insan dəhşətə gəlir. Son günlərdə ekspertlərin və mütəxəssislərin hesablamalarına görə proseslər bu cür getsə və insanların məsuliyyətsizliyi aradan qalxmasa, dünya əhalisinin 60-70 faizi virusa yoluxa bilər. Eyni zamanda, indiki yoluxma, sağalma və ölüm dinamikasından çıxış edərək demək olar ki, 3-4 milyard insan yoluxa, 150-200 milyona qədər insan isə pandemiyanın qurbanı ola bilər. Ona görə də, bütün dünya çalışmalıdır ki, pandemiyanın təsirlərini minimuma endirsin, az itkilərlə prosesi yekunlaşdırsın.

Əlbəttə ki, dünyanın ayrılmaz, hətta əhəmiyyətli hissəsi olan Azərbaycanda da pandemiyanın təsirlərinin minimuma endirilməsi və az itkilərin olması üçün ciddi tədbirlər görülməkdədir. Hətta mart-aprel aylarında həyata keçirilmiş tədbirlər nəticəsində sağalma yoluxmanı üstələmişdi. Lakin biz əvvəllər koronavirusa gündəlik yoluxanların sayından danışarkən 30-50, yumşalmadan sonra 100-150, sonrakı mərhələdə 250-350 statistikasını qeyd edirdik. Bu gün isə artıq 500-600 arası yoluxmadan danışırıq. Ölüm hallarından isə söz düşəndə gündəlik eşitdiyimiz 1-2 rəqəmi artıq 6-7 səviyyəsinə yüksəlib. Bu acınacaqlı vəziyyət barədə statistika onu göstərir ki, cəmiyyətimizin bəzi sosial məsuliyyət öhdəliyini anlamayıb pandemiyanı zarafat kimi başa düşənlərin məsuliyyətsizliyi ucbatından virus təsir dairəsini genişləndirir. Axı, nə qədər insan yoluxmalı və vəfat etməlidir ki, koronavirus pandemiyasının təhlükə və təhdid arealını başa düşək? Əgər biz özümüzü, ailələrimizi, cəmiyyətimizi qorumaq istəyiriksə, bir olmalıyıq, görünməyən düşmənə qarşı birgə savaşmalıyıq. Bu səbəbdən də yoluxanları yenidən sağlam həyata qaytarmaq üçün sərf etdiyimiz çox yüksək fədakarlıqla yanaşı, böyük əksəriyyətin həyatını təhlükəyə atan bir sıra məsuliyyətsizləri də eyni formada məsuliyyətə dəvət etməliyik. Düşünürəm ki, pandemiyanın artan tempini sındırmaq üçün ictimai qınaq və inzibati cəza daha sərt formada həyata keçirilməlidir. İctimai yerlərdə, nəqliyyatda, mağazalarda, bazarda maskadan istifadə etməyənləri, sosial məsafəni gözləməyənləri, karantin qaydalarına riayət etməyənləri, ictimaiyyəti aldatmağa çalışanları ciddi şəkildə ictimai qınağa məruz qoymaq lazımdır.

- Son günlər karantin qaydalarının pozulmasına görə cərimələrin artırılması kimi təkliflər səsləndi. Hətta Milli Məclisin gündəliyində cərimələrin artırılması ilə bağlı qanun layihəsi də müzakirəyə çıxarılaraq qəbul olundu. Sizcə, ictimai qınaq və sərt cəza tədbirləri pandemiyanın təsirlərini azalda bilərmi?

- Birmənalı şəkildə bəli. Çünki, dövlət pandemiya ilə mübarizədə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Yoluxanların müalicəsi üçün lazım olan bütün texniki və maddi resursları təmin edir. Yeni xəstəxanaların inşasından tutmuş ağır xəstələr üçün nəzərdə tutulmuş süni nəfəs aparatlarının alınmasına qədər bütün addımlar atılır. Demək olar ki, respublikanın bütün aidiyyəti üzrə mütəxəssis həkimləri və tibb işçiləri səfərbər olunub.

Bəs, biz cəmiyyət olaraq üzərimizə düşəni edirikmi? Bu gün karantin qaydalarını pozub Bakıdan rayonlara gizli yollarla qaçmağa çalışanlar bilirlərmi ki, koronaviruslu xəstələrin müalicəsi ilə 10 tibb işçisi məşğul olur? Bilirlərmi ki, həmin həkimlər, tibb işçiləri 3 aydır ailələrindən uzaqdırlar? Bilirlərmi ki, həmin həkimlər həyatlarını riskə atırlar? Düşünürlərmi ki, hər xəstələnən 400-500 nəfərə əlavə 400-500 həkim-tibb işçisi briqadası gərəklidir? Hələ mən bunun maddi, texniki, preparat tərəfindən danışmıram. Polisi aldadıb, hakimiyyətə şər atıb, özünün istirahətini, rahatlığını düşünənlər bilirlərmi ki, polis də, həkim də insandır, onların da sinirləri, əsəbləri, şəxsi həyatları var?

Ona görə də, koronavirusla bağlı dedilər, güldülər, zarafat etdilər, binaların damında kabab çəkdilər, domino oynadılar, gizli kef mərasimlərində iştirak etdilər, bəs edər. Bu günə qədər ölkə rəhbərliyinin, ekspertlərin ciddi xəbərdarlıqlarına məhəl qoymadılar, gigiyena qaydalarına, sosial məsafəyə riayət etmədilər, maskadan istifadə etmədilər və beləliklə də gəlib bugünkü təhlükəli həddə çatdıq. Axı, biz deyirdik ki, üç əsas qaydaya riayət etməsək, virus hər kəsin ailəsinə daxil olacaq. Axı xəbərdarlıq etmişdik ki, hər kəsin dostu, tanışı, qohumu yoluxa bilər. Niyə qulaq asmadılar, nə üçün riayət etmədilər? İndi isə hər kəs xəstəxana, dərman, həkim axtarışına çıxıb. Bunun sonu bilirsinizmi nədir?

Karantin günlərində vətəndaşların məsuliyyətsizlik etməsi, polislərlə qaçdı-tutdu oynaması, uşaqlar kimi müxtəlif bəhanələr gətirməsi cəmiyyətimizi böyük bir təhdidlə üz-üzə qoyub. Kimsə düşünə bilərdimi ki, gün gələcək bütün dünyanın səhiyyə sistemi iflic vəziyyətinə düşəcək? Kim inana bilərdi ki, ABŞ, Almaniya, İtaliya, İspaniya kimi ölkələrdə xəstələr küçələrdə, evlərdə, xəstəxana dəhlizlərində qalaqlanıb qalacaq? Avropada və ABŞ-da koronavirus tuğyan edəndə, virus hər gün 800-1000 adam öldürəndə Azərbaycanda sağalanların sayı yoluxanlardan daha çox idi. Amma görünür dövlətin ciddi və ehtiyat tədbirlərinə güvənən, arxayınlaşan bəzi vətəndaşlarımız məsuliyyətsizlikləri ilə ölkəmizi Avropadakı yoluxma və ölüm səviyyəsinə çatdırmağa xidmət ediblər. Avropadakı, ABŞ-dakı yoluxma, ölüm hallarının, xəstəxanalardakı acınacaqlı vəziyyətin kadrlarının hansısa kinodan, filmdən olmasına inanan vətəndaşlarımızın məsuliyyətsizliyi üzündən bu gün qurunun oduna yaş da yanır.

Bəli, bir həkim olaraq artıq vəziyyətin nə qədər gərgin olduğunu görürəm. Bir həkim olaraq həyəcan təbili çalıram, hər kəsi ciddiyyətə və məsuliyyətə dəvət edirəm. Bir azdan evində belə xəstələrini müalicə etməyə dərman tapmayanda həmin məsuliyyətsiz vətəndaşlar heç kəsi qınamasınlar. Kimlərəsə inanıb, məsuliyyətsizlik edib xəstələnən və digərlərini də yoluxduranlar anlamalıdırlar ki, insanlarımızı hansı təhlükə ilə qarşı-qarşıya qoyublar. Çox təəssüflər olsun ki, indi də bir sıra məsuliyyətsiz insanlar var ki, hələ də pandemiya qaydalarına riayət etmirlər, yoluxmaqda və yoluxdurmaqda davam edirlər. Bu səbəbdən də çox sərt addımların atılmasının zamanıdır. İctimai qınaq güclənməlidir, hər bir vətəndaş sağlamlığı naminə “savaşmalıdır”. Maskadan istifadə etməyənlər, sosial məsafəni qorumayanlar ciddi şəkildə tənbeh olunmalıdırlar. İnsanları əsassız olaraq küçələrə çağıranlara, pandemiyanın yalan olması kimi əsassız iddialarla ictimai rəyi çaşdıranlara qarşı qətiyyətli mübarizə aparılmalıdır. Hətta, tətbiq olunan cərimələrin  artırılması düzgün addımdır. Əgər hansısa məsuliyyətsiz vətəndaş qaydalara riayət etmirsə, inzibati həbslə də “mükafatlandırılmalıdır”. Əgər ictimai qınaq güclənməsə, cərimələr artmasa, vətəndaşlar məsuliyyətsiz insanları tənbeh etməsə, öz sağlamlıqları üçün “savaşmasalar” o zaman vəziyyət daha da ağırlaşa bilər.

- Heç şübhəsiz ki, pandemiya ilə mübarizənin önündə həkimlərimiz yer alıb. Ötən müddət ərzində həkimlərin sosial vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə müxtəlif qərarlar verilib. Bu cür addımları necə qiymətləndirirsiniz?

- Koronavirus pandemiyası dövründə Azərbaycanın səhiyyə sisteminin dayanıqlılığı və həkimlərimizin qabiliyyəti, bacarığı və fədakarlığı bir daha isbatlandı. Pandemiya ilə mübarizədə böyük məsuliyyət həm də həkimlərin üzərinə düşür. Həkimlər öz həyatlarını təhlükə qarşısında qoyaraq koronavirus infeksiyasının qarşısını almaq, bu xəstəliyə yoluxan insanların sağlamlığını yenidən qaytarmaq üçün bütün imkanlardan istifadə edirlər. Elə həkimlər var ki, 70 gündür evə getmirlər. Məsuliyyətsizlik, yaxud immunitetin zəifliyi səbəbindən bu virusa yoluxan xəstələri sağlam şəkildə həyata qaytarmaq üçün həkimlərimiz gecə-gündüz çalışırlar. Azərbaycan həkimlərinin vətənpərvərliyi və fədakarlığı, sözün əsl mənasında, xalqımızın koronavirus pandemiyasının ağır sınaqlarından uğurla çıxmasında mühüm rol oynayır. Həkimlər pandemiya dövrünün insanlar üçün həyati əhəmiyyət daşıyan vəzifələrini şərəflə həyata keçirərək dövlətimizin də, xalqımızın da etimadını qazana biliblər.

Eyni zamanda, dövlətimiz və Prezidentimiz həkimlərin fədakarlığını yüksək qiymətləndirir. Məhz bunun nəticəsidir ki, Prezident İlham Əliyevin göstərişi ilə həkimlərin əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək müddətli əlavə müəyyən edilib. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan dövləti həkimlərin fədakarlığını layiqincə qiymətləndirir. Tibb işçilərinin koronavirus pandemiyası ilə mübarizədə göstərdikləri fədakarlığı hər kəs üçün nümunədir.

- Sədaqət xanım, dövlətin pandemiya ilə mübarizəsində uğur əldə etməsinə mane olmaq niyyətində olan, virusla mübarizədə ön sırada dayanan polisə və həkimlərimizə hücumlar edən, sosial şəbəkələrdə onları mənəvi terrora məruz qoyan qruplar da var. Sizcə, onların virtual terrorunu dayandırmaq, cəmiyyətimizi, polisimizi, həkimlərimizi azğınlaşmış maginal qrupların təhqirindən müdafiə etmək üçün hansı addımlar atılmalıdır?

- Çox doğru qeyd edirsiniz ki, bu gün AXCP və “Milli şura”nın timsalında sosial şəbəkələrdə virtual terrorla məşğul olan, ictimaiyyəti aldadan, saxta sosial tələblərlə insanları kütləvi itaətsizliyə çağıran bir qrup cinayətkar fəaliyyətdədir. Onların məqsədi koronavirus pandemiyasından istifadə edib Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaqdır. Ona görə də, əsas hədəf kimi polisləri və həkimləri, səhiyyəmizi götürüblər. Məqsədli şəkildə Azərbaycan polisinə və səhiyyəsinə qara yaxırlar. Guya insanları düşünürmüş kimi fon yaradan bu düşmənlər, əslində, polisə və həkimlərə olan inamı aradan qaldırmaq istəyirlər. Niyyətləri odur ki, cəmiyyətdə polis və həkimlərə qarşı inamsızlıq mühiti formalaşsın.

Polis gecə-gündüz xalqımızın və dövlətimizin keşiyindədir. Ölkəmizin ictimai-siyasi sabitliyini, insanlarımızın təhlükəsizliyini təmin edir. Vətəndaşlarımız gecə evində rahat yatanda, körpələrimiz beşiyində rahat uyuyanda polis əməkdaşları keşik çəkirlər, cinayətkarlığın qarşısını alırlar. Cinayət olan yerə polis gəlir, yanğın baş verərkən öz həyatlarını təhlükəyə atıb insanları xilas edir, köməyə ehtiyacı olanların qapısına ilk gedən polislər olur, yeməyini, cibinin pulunu belə küçədəki ehtiyacı olanlarla bölüşən də polis olur. Axı, necə polisi təhqir etmək, ona əşya atmaq olar? Polisi təhqir etmək, xidmətinə mane olmaq, ona xəsarət yetirmək məqsədilə əşyalar atmaq yolverilməzdir, qanunaziddir. Dəfələrlə olub ki, polislər öz həyatlarını qurban verməklə terrorun, kütləvi cinayətkarlıqların qarşısını alıblar.

Çox təəssüflər olsun ki, onların bu antidövlət və antixalq təbliğatına inanan, virtual kütlənin tərkib hissəsinə çevrilənlər də tapılır ki, onlar da pandemiyanın ya qurbanına, ya da yayıcısına çevrilirlər. Bu səbəbdən də ictimai qınaq və cəza tədbirləri kontekstində “beşinci kolon”un təxribatlarının qarşısı qətiyyətlə alınmalıdır, layiq olduqları cəzaya məhkum edilməlidirlər. Əgər söhbət xalqımızın sağlamlığından, dövlətimizin dayanıqlılığından, müstəqilliyimizin əbədiliyindən gedirsə, hər bir vətəndaş dövlətin, hakimiyyətin yanında olmalıdır, fərdi dəstəyini verməlidir. Hətta, Koronavirus pandemiyası görünməz düşmənlə müharibə olduğundan proseslər xalqın, dövlətin maraqları naminə sərt, müharibə qanunları ilə idarə olunmalıdır.

İnsanlar polisə qarşı anti-təbliğat aparan “beşinci kolon”un yalanlarına, onların təxribatlarına uymamalıdır. Hər kəs bilsin ki, “beşinci kolon”, xüsusilə də AXCP və “Milli şura” cinayətkarlığı, separatizmi, ekstremizmi təbliğ edən yuvadır. Baxın, Əli Kərimlinin sürücüsü Paşa Umudov narkotik satışına görə həbs olunub. Əli Kərimlinin müşaviri Qabil Məmmədrzayev soyğunçuluğa görə həbs olunub. Əli Kərimlinin ən yaxın adamlarından olan Təzəxan Mirələmlinin atası narkotik qaçaqmalçılığına görə həbs olunub. Əli Kərimliyə hər ay Rusiyadan 30 min dollar göndərən Saleh Rüstəmli, eyni zamanda, Tofiq Yaqublu xuliqanlıq əməllərinə görə həbs olunublar. Görürsünüz ki, sanki cinayətkarlardan ibarət olan bu qruplar polis əleyhinə ictimai rəydə mənfi imic yaratmağa cəhd edirlər. Təbii ki, bütün bunlar onlara erməni dairələri tərəfindən verilmiş siyasi sifarişdir.

Azərbaycan polisi hər zaman qanunun aliliyinin təmin olunmasına çalışıb, heç bir vətəndaşa qarşı vəhşilik, kobudluq etməyib. İddia edirlər ki, guya Azərbaycan polisi vəhşilik edir. Birincisi, vəhşilikdən danışırıqsa, niyə Əli Kərimli, Sevinc Osmanqızı, Cəmil Həsənli, Qənimət Zahid bu gün bəzi ölkələrdə insan ölümü ilə nəticələnən polis vəhşiliklərindən söz açmırlar? İkincisi, Azərbaycan polisi karantin qaydalarına riayət etmək üçün xidmət aparır. Qanunları pozanları saxlayır, cərimələyir. Məgər bu vəhşilikdirmi? “Beşinci kolon”un məntiqilə çıxış etsək, o zaman polis işləməməlidir və cinayətkarlıq baş alıb getməlidir? Bunun harasındadır sağlam məntiq?.

Bu səbəbdən də hər kəs hadisələrə obyektiv baxmalı, qanunlara riayət etməli və polislərə, həkimlərə diqqət, qayğı göstərməli, onlara hörmət etməlidir.