YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan qadınları milli inkişafa dəyərli töhfələr verirlər

Müsahibimiz YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə

- Pərvin xanım, fədakarlıq və müdriklik nümunəsi olan Azərbaycan qadınlarının cəmiyyət həyatında rolunu və fəallığını necə dəyərləndirmək olar?

- Ana dilimizin, mədəniyyətimizin, mənəviyyatımızın ən etibarlı dayağı olan Azərbaycan qadınları hər zaman fədakarlıq, dərin düşüncə, müdriklik, vətənpərvərlik nümayiş etdirərək gələcək nəsillər üçün əsl örnək olublar. Zəriflik, incəlik, müqəddəslik rəmzi olan ana-bacılarımızın qəhrəman xalqımızın mənəvi dəyərlərinin formalaşmasında, qorunmasında rolu əvəzsizdir. Tarix boyu müqəddəs ana şərəfini uca tutan, mərdliyi, saflığı, ən əsası isə sədaqəti ilə dünyaya nümunə olan Azərbaycan qadını 8 Mart - Beynəlxalq Qadınlar Gününü qalib ölkənin qadınları kimi qeyd edirlər. Ölkəmizin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edən Azərbaycan qadını daim yüksək mənəvi idealların, nəcib, xeyirxah təşəbbüslərin tərəfdarı kimi çıxış edib, dünyada sülhün, əmin-amanlığın, sabitliyin bərqərar olmasına çalışıblar. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlarımız seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Əsrlərin sınaqlarına uğurla sınə gərən qadınlarımızın, yüksək ləyaqətinin, müdrikliyinin daşıyıcıları ağbirçək analarımızın dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.

- Dövlət qadın siyasəti hər zaman prioritetdir. Qadınların cəmiyyətdə, o cümlədən dövlət idarəçiliyində rolunun artmasına xüsusi diqqət ayrılır. Bu barədə nə deyə bilərsiniz?

- “Azərbaycan qadınları öz ağıllarına və istedadlarına görə, gözəlliklərinə görə dünya qadınları içərisində özünəməxsus və çox yüksək yer tuturlar”,- deyən Ulu Öndər Heydər Əliyev ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verirdi. Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışından və gender bərabərliyinin təmini ilə bağlı bir sıra mühüm addımların atılmasından sonra qadınlar ölkəmizdə öz hüquqlarının tam sahibinə çevrildilər. Bu gün respublikamızda dövlət qadın siyasəti, Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələr ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir.
Qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşan Qalib Lider İlham Əliyevin yürütdüyü siyasət sayəsində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir.

Xüsysu qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə qadınlarımızın nüfuzunu daha da yüksəklərə qaldırıb. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Məsuliyyətli missiyasını böyük əzmkarlıqla öz üzərinə götürmüş Mehriban xanım Əliyevanın çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi, vətənpərvərlik, bəşəri ideallara sadiqlik və zərif humanizm dayanır. Həyatının mənasını Vətəninə və xalqına xidmətdə görən ölkənin birinci xanımının təşəbbüsü ilə həyata keçirilən layihələr təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda, beynəlxalq sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual sahələri də əhatə edir. Hər bir azərbaycanlı qadınına nümunə olan ölkəmizin birinci xanımı sadəliyi və səmimiliyi ilə insanların sevgisini qazanıb. Mehriban xanım Əliyevanın beynəlxalq görüş və tədbirlərdə Azərbaycan qadınlarını ləyaqətlə təmsil etməsi, səsini ən yüksək tribunalardan dünya ictimaiyyətinə çatdırması, təltif olunduğu beynəlxalq mükafatlar Azərbaycan qadınının dünyadakı böyük nüfuzunun daha bir təsdiqidir.

Bu gün Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin Müzəffər lider portretini uğurla tamamlayır. Artıq Azərbaycan qadını bacarıqlı siyasətçi, iş adamı, dövlət məmurudur. Qadınlarımızın bu fəallığı ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Azərbaycan qadınının qazandığı nailiyyətlər bu gün qadın fəallığı ənənələrini yaşadır, məsuliyyəti artırır, gələcək nəsillər üçün davamlı inkişafa yol açır.