YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

26 il öncə xalqımız böyük müdriklik nümayiş etdirib Ümummilli Lider Heydər Əliyevi Azərbaycan Prezidenti seçdi

   Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini

- Mübariz müəllim, məlum olduğu kimi 26 il əvvəl, oktyabrın 3-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Bu hadisənin tarixi əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik...

- Mədəni-mənəvi dəyərlərin xalqın tərəqqi və rifaha qovuşmasında əhəmiyyətini dərk etmək və hər zaman ümumxalq mənafeyi, dövlətçilik maraqları naminə bu dəyərli xəzinədən bəhrələnmək, ona qayğı ilə yanaşmaq yalnız dahi liderlərə xas xüsusiyyətdir. Azərbaycan xalqının taleyində bu müqəddəs məramı yerinə yetirən şəxsiyyət Ulu Öndər Heydər Əliyev olub.

Sadə, zəhmətkeş azərbaycanlı ailəsində dünyaya göz açan, tükənməz fitri istedad sahibi Heydər Əliyev doğma xalqının dərdlərinə dərindən bələd olan, hələ çox gənc ikən məkrli qonşuların min bir hiyləsini öz gözləri ilə görən, mükəmməl təhsil alan, o cümlədən tarixi biliklərə dərindən yiyələnən, son dərəcə geniş dünyagörüşünə və biliklərə malik, doğma xalqını və yurdunu hədsiz məhəbbətlə sevən nadir tarixi şəxsiyyətdi. O, yarım əsrdən artıq zəngin idarəçilik təcrübəsinə, müxtəlif xarakterli və səviyyəli idarəçilik sistemlərinin bütün incəliklərinə bələd olan, sovet məkanında kiçik bir respublikanın təmsilçisi olmasına baxmayaraq, dünyanın altıdabirini əhatə edən SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri səviyyəsinə ucalan lider idi. Polad iradə sahibi, cahanın bugünkü siyasətini müəyyənləşdirən dünya liderləri içərisində seçilən-sayılan, hamı tərəfindən qəbul olunan əzəmətli şəxsiyyət idi. Keçid dövrünün mürəkkəb burulğanından Azərbaycanı xilas etmək üçün Ulu Tanrının xalqımıza, Vətənimizə bəxş etdiyi Ümummilli Lider idi!

Müasir Azərbaycan tarixinin otuz ildən artıq dövründə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi illərini əhatə edən böyük bir hissəsi Ümummilli Lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Onun müəyyən etdiyi mükəmməl inkişaf konsepsiyasının həyata keçirilməsi dövlət suverenliyini bərpa edən Azərbaycanda demokratik ölkə quruculuğu və kompleks islahatların reallaşmasına, azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasına, sürətli inkişafın təmin olunmasına dərin əsaslar yaratdı. Ölkəmizin yaşadığı çətin zamanlarda Ulu Öndər dövlət quruculuğu və müstəqilliyimizin möhkəmləndirilməsi kimi ümdə məsələlərlə yanaşı, milli-mənəvi həyatın inkişafına xüsusi diqqət yetirirdi.

Heydər Əliyev Ümummilli Lider missiyasında ölkəmizi etnik separatçılıq, dini zəmində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi salmaq istəyənlərin niyyətlərini puç edərək dövlətçiliyimizi xilas etdi. Milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı azərbaycançılıq məfkurəsi ətrafında səfərbər etməklə Ulu Öndər Azərbaycan dövlətçiliyinin sarsılmaz əsasını yaratdı.

Tariximizdə elə şanlı günlər yaşanıb ki, onlar bir xalq kimi gələcək mövcudluğumuzu, birliyimizi, inkişafımızı, ümumilikdə müqəddəratımızı təyin etməyə qadir olub. Bu dövrlərdən biri müdrik xalqımızın qəti və sərrast tələbi ilə dünyanın böyük siyasət adamı, Vətənin yeganə ümid yeri, qurtuluş çırağı olan Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişi olub.

Ulu Öndərin hələ 1969-1982-ci illərdə Vətəninin, millətinin tərəqqisi, inkişafı, rifahı üçün gördüyü misilsiz işlər xalqımız tərəfindən unudulmamışdı.Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Ulu Öndərin sovet dövründəki milli maraqlara əsaslanan düşünülmüş siyasətini və fəaliyyətini haqlı olaraq "milli dövlətçiliyin təməl əsasları” kimi dəyərləndirib: "Sovet hakimiyyəti illərində onun fəaliyyəti böyük bir təcrübə xəzinəsi, dövlət idarəçiliyi akademiyasıdır. Bu gün Azərbaycanın istifadə etdiyi iqtisadi, siyasi, elmi, hərbi, energetik, mədəni, ictimai və sosial potensial məhz həmin illərdə Heydər Əliyevin uzaqgörənliyi sayəsində yaradılmışdır. Məhz həmin illərdən xalqımızın şüurunda azərbaycançılıq ideyası həmişəlik hökm sürməyə başlamışdır. ...Bu kontekstdə Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi ölkənin gələcək müstəqillik perspektivinə hazırlığının ilkin mərhələsi kimi səciyyələndirilə bilər”.

Məhz 1993-cü ilin iyununda Onun hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluş tarixində həlledici dönüş baş verdi. Müdrik dövlət xadiminin bir neçə siyasi gedişindən sonra müstəqilliyimiz üçün ciddi təhlükə mənbəyinə çevrilən vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək planları puç oldu. Bu, Ulu Öndər Heydər Əliyevin sadəcə hakimiyyətə qayıdışı deyil, eyni zamanda ölkənin qurtuluşu, qəhrəmanlıq tarixidir. Əgər xalqın təkidi ilə Heydər Əliyev həmin gün yenidən hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq çətin ki mümkün olacaqdı.

1993-cü ilin oktyabr ayının 3-ü Azərbaycan Respublikasının Prezidenti postuna keçirilən seçkilərdə dahi lider Heydər Əliyev səsvermədə iştirak edən 3 milyon 919 min 923 nəfər vətəndaşın rəğbətini qazanaraq (98.84%) böyük üstünlüklə qalib gəldi və Azərbaycan Respublikasının Prezidenti seçildi. Həmin prezident seçkisi Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi oldu. Artıq müstəqil və demokratik dövlət quruculuğu tarixində yeni bir mərhələ başlayırdı. Böyük düha, hər şeydən öncə, torpaqlarımıza yiyələnmək üstündə ən kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi, ölkəni parçalanıb yox olmaq təhlükəsindən qurtardı, dövlətimizi qoruyub saxlamaqla azadlığımızı, müstəqilliyimizi təmin etdi. Dövlət başçısının qətiyyəti xalqda ruh yüksəkliyi yaratdı, itmiş inamını özünə qaytardı, Azərbaycanı qanlı burulğandan çıxardı, bununla da sabitlik və əmin-amanlıq yarandı.

- Ulu Öndərimizin respublika Prezidenti kimi fəaliyyəti dövründə Azərbaycan hansı uğurlara imza atdı?

- Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olduğu 10 illik dövr ərzində öz andiçmə mərasimində səsləndirdiyi bütün məqsədlərə nail oldu: ölkənin həyatında çox zəruri olan ictimai-siyasi sabitləşmə, demokratik prinsiplərin və təsisatların yaradılması və təkmilləşdirilməsi vəzifələrini həyata keçirdi, dövlət aparatını möhkəmləndirdi və iş qabiliyyətli dövlət idarəçilik təsisatlarını formalaşdırdı. Ulu Öndər həmçinin müstəqil dövlətin neft strategiyasını hazırladı, ölkənin əsas regional energetik sahəyə transformasiyasını reallaşdırdı, "Böyük İpək yolu” layihəsində fəal iştirak etməklə Azərbaycanın regional logistik mərkəz kimi rolunun dəyişdirilməsinə nail oldu. Dahi şəxsiyyət istər daxili, istərsə də xarici siyasəti elə gerçəkləşdirdi ki, Azərbaycan regional və beynəlxalq səviyyədə söz sahibi olan ölkəyə çevrildi.

Yeni xarici siyasət xətti müəyyənləşdirilərkən iqtisadi inkişafa nail olmaq üçün respublikanın beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində addımlar atmaq zərurətə çevrilmişdi. Belə şəraitdə ən məntiqli gediş münaqişəni dondurmaq, bununla da informasiya blokadasından xilas olub beynəlxalq aləmə inteqrasiya şəraiti formalaşdırmaq idi. Heydər Əliyev atəşkəs rejimi şəraitində iqtisadi inkişafın əsas prioritetlərini formalaşdırdı. 1994-cü ilin may ayında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin gedişində iki tərəf arasında atəşkəsi nəzərdə tutan protokol imzalandı. Atəşkəs müqaviləsinin imzalanması ordu quruculuğu prosesini sürətləndirmək, ölkə daxilində sabitlik yaratmaq, münaqişənin həlli istiqamətində yeni mərhələyə daxil olmaq üçün münbit şərait yaratdı.

Ulu Öndər sosializmdən kapitalizmə keçid dövründə dövlətin qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməyi bacardı və dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla keçmiş, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan modelini yaratdı. Heydər Əliyev qısa zamanda Azərbaycana şəxsi sahibkarlığa, azad rəqabətə meydan açan, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran liberal inkişaf modelini tətbiq etdi. Gənc müstəqil dövləti müasir, güclü, davamlı iqtisadi inkişafa malik ölkəyə çevirmək üçün Ümummilli Lider Heydər Əliyev gələcək siyasi-iqtisadi islahatların köklü transformasiyasının əsası olacaq yeni neft strategiyasını müəyyənləşdirdi. O, həmin dövrdə respublikanın məhdud maliyyə imkanları və zəif büdcəsi ilə qarşıya qoyulmuş önəmli məqsədlərin yaxın gələcəkdə reallaşdırılmasının mümkünsüzlüyünü nəzərə alaraq xarici şirkətlərlə Xəzərin Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının mənimsənilməsini nəzərdə tutan müqavilələrin imzalanmasının əhəmiyyətini görürdü. XX əsrin qlobal layihələrindən biri kimi alternativ enerji mənbələri axtaran müasir dünyanın yeni geoiqtisadi xəritəsinin müəyyənləşməsinə əsaslı təsir göstərən, Heydər Əliyev dühasının, iradəsinin və müdrikliyinin məhsulu olan "Əsrin müqaviləsi” Azərbaycanın siyasi və iqtisadi cəhətdən möhkəmlənməsinə, beynəlxalq iqtisadi münasibətlər sistemində öz layiqli yerini almasına təkan verdi. Yeni neft strategiyası xarici sərmayədarların Azərbaycanın neft yataqlarının işlədilməsinə cəlb edilməsini, xam neftin daşıma yollarının şaxələndirilməsini, neft gəlirlərinin səmərəli idarə edilməsini və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin etdi.

Ulu Öndərin xalqı qarşısında ən böyük xidmətlərindən biri və mühümü Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılması ilə yanaşı, həm də ölkəmizin dünya birliyində layiqli yer tutmasının təmin edilməsi oldu. Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas məsələlərdən biri dövlət quruculuğu prosesinin təşkil edilməsi idi ki, xalqın seçdiyi Lider bunu uğurla həyata keçirirdi. Ölkədə fikir və söz, vicdan, məlumat və digər azadlıqlar demokratik, sivilizasiyalı cəmiyyətin yaranmasına imkan verən başlıca şərtlər kimi müstəqil Azərbaycanda məhz 1993-cü ildən etibarən bərqərar olmağa başladı. Ümummilli Liderin hakimiyyətə gəlişi ilə insan hüquqlarının qorunması üçün bütün təminatlar yaradıldı. Demokratik cəmiyyət quruculuğu prosesində ən mühüm addım, şübhəsiz ki, ali hüquqi sənədin - Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi oldu. Ulu Öndər Heydər Əliyevin Konstitusiyanın hazırlanmasında, qəbul edilməsində böyük liderlik əməyi və töhfəsi danılmazdır. Konstitusiyanın qəbulu dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artırılması baxımından çox mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir.

Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il 12 noyabr tarixində ümümxalq səsverməsi - referendum yolu ilə qəbul edildi. Azərbaycan Respublikası Konstitusiyasının ən önəmli cəhətlərindən biri ondan ibarətdir ki, o, müasir dövlət quruculuğu üçün tələb olunan, demək olar ki, bütün prinsipial məqamları özündə əks etdirir. Konstitusiyanın qəbul edilməsindən sonra ölkəmizdə irimiqyaslı dəyişikliklər baş verdi: birbaşa xalq tərəfindən seçilən qanunverici orqan formalaşdı və ötən dövr ərzində Konstitusiya əsasında cəmiyyət və dövlət həyatının ən müxtəlif sahələrini əhatə edən yüzlərlə normativ-hüquqi akt qəbul edildi. Eləcə də Azərbaycan xalqının vahidliyini təcəssüm etdirən və dövlətçiliyin varisliyini təmin edən, Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət edilməsinin, məhkəmə hakimiyyətinin müstəqilliyinin real təminatçısı olan Prezident institutu formalaşdırıldı. Bundan əlavə, dövlət hakimiyyəti orqanlarının səmərəli fəaliyyətinin təşkili üçün onların təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıldı, Azərbaycanda yerli özünüidarəetmə institutu - bələdiyyə orqanları yaradıldı və fəaliyyətə başladı.

Ulu Öndər Heydər Əliyev rəhbərliyi altında quruculuq işlərinin sürətlə davam etdiyi dövrdə qəbul olunmuş qanunların əhəmiyyətinə toxunarkən belə söyləmişdir: "Bu qanunlar Azərbaycanda müstəqil dövlətin inkişafı, iqtisadi islahatların aparılması üçün, qanunun aliliyini təmin etmək, hüquqi dövlət yaratmaq üçün çox əhəmiyyətli olmuşdur”.

- Azərbaycanda  dövlət-din münasibətlərinin tənzimlənməsi də vacib məqamlardan biri idi. Ulu Öndərimizin bu istiqamətdəki fəaliyyətini necə səciyyələndirərdiniz?

- Azərbaycanın son onilliklər ərzində bir çox sahələrdə qazandığı uğurlar heç şübhəsiz ki, müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyətin - Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlıdır. Ümummilli Liderin prezident seçilməsindən sonra Azərbaycanda hər bir sahədə olduğu kimi, dini sahədə də mövcud problemlər aradan qaldırılmağa başlanıldı. Respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması məhz müdrik dövlət xadiminin möhtəşəm fəaliyyətinin təzahürüdür.

Müasir Azərbaycanda mükəmməl dövlət-din münasibətləri sisteminin formalaşması və tətbiqinin müstəqil dövlətimizin memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin fəaliyyəti ilə bağlı olması hamımıza məlumdur. Bu sahədə Ulu Öndərin zəngin irsinin öyrənilməsi və təbliği təkcə tarix və müasir dövr baxımından deyil, həm də gələcəkdə proseslərin istiqamətini düzgün müəyyənləşdirmək və yönləndirmək nöqteyi-nəzərindən xüsusi əhəmiyyət kəsb edir. Belə ki, XXI əsrin ilk illərindən dünyada baş verən proseslər, xüsusilə dini zəmində terrorun, radikallığın və ekstremizmin güclənməsi yeni yaranmış müstəqil dövlətlərin din sahəsində ardıcıl, effektiv və daha həssas siyasət həyata keçirmələrini zərurətə çevirdi.

Hazırkı dünyamızda beynəlxalq münasibətlər sistemindəki mövcud vəziyyət, dünyada cərəyan edən qanlı hadisələr bir daha sübut edir ki, dinə yalnız inanc, mənəviyyat və hüquq məsələsi kimi deyil, həm də dövlətin və cəmiyyətin təhlükəsizliyi və sabitliyi prizmasından yanaşmaq lazımdır. Bu mənada Heydər Əliyevin dövlət-din münasibətləri, milli-mənəvi, o cümlədən dini dəyərlərin qorunması və təbliği, eləcə də tarixi-dini abidələrin bərpası, tolerantlığın və dinlərarası dialoqun təşviq edilməsi sahəsində zəngin irsinin öyrənilməsi və düzgün təbliği Azərbaycanla yanaşı, digər ölkələr üçün də olduqca faydalıdır. Bununla yanaşı, dünyəvi dövlətdə dinin yeri, eləcə də qloballaşma prosesinin getdikcə dərinləşdiyi hazırkı dövrdə milli adət-ənənələrin yaşadılması və mənəvi irsin mühafizəsi çağdaş dünyanın ən aktual məsələlərindən biri hesab olunmaqdadır. Zaman keçdikcə sürətlənən qloballaşma prosesi sanki xalqların milli xüsusiyyətlərini və özünəməxsusluğunu əridərək ümumi milli dəyərlərə malik vahid dünya cəmiyyəti formalaşdırır. Təbii ki, bu, təkcə xalqların deyil, milli dövlətlərin də gələcəyi ilə bağlı ciddi suallar doğurur. Azərbaycan xalqı üçün bu sualların cavabları Heydər Əliyevin zəngin elmi-nəzəri və əməli irsində axtarılmalıdır.

- Mübariz müəllim, Ümummilli Liderimiz Heydər Əliyevin siyasətində tolerantlıq, multikulturalizm ideyalarının həyata keçirilməsi istiqamətində görülən işlər haqqında nə deyə bilərsiniz?

- Ulu Öndərin həyata keçirdiyi siyasətdə tolerantlıq hər zaman diqqət mərkəzində olub. Həyat göstərir ki, tolerantlıq Azərbaycan xalqı üçün hüquqi bir mexanizm deyil, o, eyni zamanda mənəvi borcdur. Məhz bu siyasət xalqların yaxınlaşmasına, dini dözümlülük ənənələrinin qorunub saxlanılmasına çox böyük töhfə vermişdir. Bütün konfessiyalara eyni səviyyədə münasibət, onların ibadətgahlarını fərq qoymadan ziyarət etmək, müxtəlif dinlərin və xalqların nümayəndələri ilə görüşlər Heydər Əliyevin tolerantlığa verdiyi önəmi bir daha göstərir. Azərbaycanda bütün dini mərasimlər zamanı müxtəlif konfessiyaların nümayəndələrini bir arada görmək ənənəsi də xalqın dahi liderinin zamanında qoyulmuşdur. Heydər Əliyev cəmiyyətimizdəki tolerantlıq və humanizm mühitinə görə xalqımızın yaddaşına borclu olduğumuzu deyirdi. O, Azərbaycan xalqına xas olan insanpərvərlik və tolerantlıq kimi yüksək mənəvi keyfiyyətləri əsas gətirərək ölkəmizdə milli-irqi ayrı-seçkilik, dini dözümlülük zəminində humanizmə zidd halların baş verməsini imkansız sayırdı.

Ulu Öndər 1993-cü ilin 10 oktyabrında andiçmə mərasimindəki nitqində demişdir: "Demokratik sivilizasiyalı cəmiyyətdə insan hüquqlarının qorunması dövlətin əsas vəzifələrindən biridir. Əmin ola bilərsiniz ki, bu yüksək vəzifədə mən həmin sahəni daim diqqət mərkəzində saxlayacağam və insan hüquqlarının qorunması üçün bütün təminatları yaradacağam. Bir sözlə, cəmiyyətimizdə insanın tam azad olması üçün şərait yaradılacaqdır. Bu baxımdan həyatımızın indiki mərhələsində vicdan azadlığı məsələsi də mühüm yer tutur. Xalqımız öz dininə qayıtdı. İslam dini dünyada öz tarixi yerini tutmuşdur. Xalqımızın mənəviyyatına, elminə, qüdrətinə, zəkasına islam dininin böyük təsiri olmuşdur. Milli ənənələrimiz, mədəniyyətimiz bir çox hallarda islam dini vasitəsilə nəsildən-nəsilə keçib, indi böyük milli sərvətimiz kimi bugünkü nəsillərə çatmışdır. Azərbaycanda islam dininə insanların sərbəst etiqad etməsi üçün bütün şərait yaradılmış və bundan sonra da yaradılacaqdır. Güman edirik ki, bizim dinimiz respublikanın bu ağır dövründə vətəndaş həmrəyliyinin, vətəndaş birliyinin yaranması üçün çox böyük fəaliyyət göstərəcəkdir. Azərbaycan çoxmillətli respublikadır. Bu, respublikanın səciyyəvi cəhətidir. Bunun böyük tarixi var və bu tarixlə, respublikanın bu ictimai-siyasi mənzərəsi ilə biz fəxr edirik. Respublikamızda bütün vətəndaşlar dini və milli mənsubiyyətindən asılı olmayaraq eyni hüquqa malikdirlər və bundan sonra da bütün vətəndaşların bərabər hüquqla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında iştirak etməsi üçün imkanlar yaradılacaqdır. Bu gün bizim islam dininin, Qafqaz müsəlmanlarının rəhbəri, xristian dininin, yəhudi dininin nümayəndələri məni bu vəzifəyə gəlmək münasibətilə təbrik etdilər. Mən onlara öz minnətdarlığımı bildirirəm və əmin etmək istəyirəm ki, Azərbaycanda bütün millətlərin, bütün dinlərin bərabər hüquqla yaşaması üçün bütün şərait yaradılacaqdır...”

Ulu Öndərin müəllifi olduğu və öz andında səsləndirdiyi tolerant, multikultural ideyalar, bütün dinlərin nümayəndələrinə eyni münasibət göstərilməsi və bərabər imkanlar yaradılması bu gün ölkə siyasətinin mühüm istiqamətlərindən birini təşkil etməklə yanaşı, dövlətin bu sahədə gələcək strategiyasının da ayrılmaz tərkib hissəsinə çevrilib.

Ümummilli Liderin dini etiqad azadlığının təmin olunması, müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, dövlət-din münasibətlərinin tənzimlənməsi, inkişafının təmin edilməsi, dini etiqad sahəsində maarifləndirmə işinin aparılması, dini təhsil ilə bağlı məsələlərin həll edilməsi, həmçinin vətəndaşların vicdan azadlığının təmin edilməsi, dini ənənələrin, dözümlülük və tolerantlıq münasibətlərinin qorunması, dini mühitdəki radikal elementlərin qarşısının alınması isiqamətlərində atdığı ən mühüm addımlardan biri, heç şübhəsiz ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə 2001-ci ilin 21 iyununda imzaladığı fərman olmuşdur.

- Ölkəmiz tolerantlıq və multikulturalizm məkanı olmaqla yanaşı bu dəyərlərin təbliğinə xidmət edən tədbirlərə ev sahibliyi edir...

-Bu gün tolerantlıq və multikulturalizm Azərbaycanın dövlət siyasətinə və Azərbaycan xalqının həyat tərzinə çevrilib. Heç şübhəsiz ki, bu ənənələrin inkişafı və təbliğində ən böyük layihələri Heydər Əliyev Fondu reallaşdırır. Heydər Əliyev Fondunun gördüyü işlər - ibadət evlərinin təmiri və yenidən qurulması, Azərbaycanın tolerant və multikultural dəyərlərinin dünyaya çatdırılması istiqamətində həyata keçirilən tədbirlər müstəsna əhəmiyyətə malikdir. Vətənimizdə və digər ölkələrdə bəşər övladı üçün nümunə kimi qəbul ediləcək sülh və barışıq məzmunlu, xalqlar və dinlər arasında fərq qoymamaq məqsədilə reallaşdırılan layihələr davamlı xarakter alıb. Xüsusilə vurğulanmalı məqamlardan biri də odur ki, belə mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi barədə qərar verilərkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın beynəlxalq təşkilatlardakı yüksək nüfuzu və çoxşaxəli səmərəli fəaliyyəti həlledici rola malik olur. Azərbaycan Respublikasında multikulturalizmin özünəməxsus, nümunəvi modelinin formalaşdığını bütün dünya birmənalı olaraq təsdiqləyir. Heydər Əliyev Fondu beynəlxalq ictimaiyyətə bu həqiqətlərin çatdırılması istiqamətində çoxsaylı təşəbbüslərlə çıxış edir, layihələr reallaşdırır.

Bu istiqamətdə həyata keçirilən ən mühüm tədbirlərdən biri də bu ilin may ayının 2-də Azərbaycan hökumətinin təşkilatçılığı, UNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu olub. Tədbirin açılış mərasimində dövlət başçımız cənab İlham Əliyevin söylədiyi nitq insanlar arasında həmrəylik yaratmaqda, müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırıb: "...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayıb-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur. Tarix və coğrafiyamız nümayiş etdirir ki, biz yalnız tərəfdaşlıq və qarşılıqlı hörmət ruhunda uğura nail ola bilərik. Azərbaycanın bugünkü sürətli inkişafı da məhz bu mədəni irsimizə və cəmiyyətimizin bütün nümayəndələrinin nümayiş etdirdiyi həmrəyliyə əsaslanır. Biz tariximiz, tarixi abidələrimizlə fəxr edirik. Onlar da əsrlər boyu müxtəlif dinlərin nümayəndələrinin Azərbaycanda yaşayıb-yaratdıqlarını göstərir. Biz qədim tariximizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri qədim Şamaxı şəhərində yerləşir. Qafqazın ən qədim kilsələrindən biri olan Qafqaz Albaniyasına məxsus kilsə bizim qədim Şəki şəhərindədir. Bizim tariximiz mədəni müxtəliflik tarixidir və bu gün həmin tarixi irs əsasında Azərbaycan dünyaya mədəniyyətlərarası dialoqun ölkələri yaxınlaşdırmağın, müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulmasının yeganə yol olduğunu nümayiş etdirir. Multikulturalizm bizim üçün həyat tərzidir. Bu söz nisbətən yeni olsa da, biz həmin ab-havada əsrlər boyu yaşamışıq. 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili” elan olunması onu sübut edir ki, biz dünyanın diqqətini bu mühüm ideyaya cəlb etmək istəyirik. 2017-ci il isə "İslam Həmrəyliyi İli” elan edilib. Bu da bizim tarixi irsimizi, kökümüzü və dünyaya açıq olduğumuzu nümayiş etdirən, rəmzi məna daşıyan addım idi. Hesab edirəm ki, bu meyillər dünyada üstünlük təşkil etsə, dünyada təhlükəsizlik, proqnozlaşdırıla bilmə və sülh bərqərar olar...”

Azərbaycanın sürətli inkişafını, uğurlu xarici və daxili siyasətini, o cümlədən dövlət-din münasibətlərinin effektiv tənzimlənməsini şərtləndirən başlıca iki amil mövcuddur. Birincisi, Heydər Əliyevin əsasını qoyduğu sağlam bünövrə, ikincisi, həmin sağlam bünövrə üzərində Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin qurduğu uğurlu strategiya. Azərbaycanın bütün sahələrdə həyata keçirdiyi siyasətin mahiyyətini, istiqamətini, perspektivini tam və dolğun dərk etmək üçün Ulu Öndərin siyasi irsinin daha dərindən öyrənilməsi olduqca zəruri və vacibdir.

Bir həqiqət var ki, bunu xalqımız gözəl dərk edir. Hazırda tərəqqi dövrünü yaşayan bütün millətləri, ölkələri keçid dövrünün çətin labirintlərindən görkəmli şəxsiyyətlər çıxarmışlar. Heydər Əliyev də bu qəbildən olan, Azərbaycanın taleyinə bəxş olunan dahi Liderdir. Çağdaş Azərbaycan bu gün - XXI yüzilliyin başlanğıcında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda uğurdan-uğura qovuşur.

Zamanın ən qanlı burulğanı içərisində çabaladığımız günlər arxada qalıb, tarixə çevrilib! Azərbaycan dövlətçiliyi məkrli düşmənlərin qanlı caynağından həmişəlik xilas edilib! Ölkəmiz özünün daha parlaq gələcəyinə doğru inamla irəliləyir. Bütün bunlar üçün hər bir vətən övladı, qədirbilən xalqımızın nümayəndələri dahi xilaskara - Heydər Əliyevə borcludur!