YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

İqtisadi potensialın artırılması üçün geniş imkanlar mövcuddur

   Milli Məclisin iqtisadi siyasət Komitəsinin üzvü, iqtisad elmləri doktoru Ayaz Orucov

 

- Ayaz müəllim, dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, hər bir bayram tədbiri hesabat xarakteri daşıyır, yəni ötən illərin təhlili fonunda qarşıda duran vəzifələr müəyyənləşdirilir. Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində proqram xarakterli çıxışında iqtisadi uğurların ölkəmizin hərtərəfli inkişafında əsas stimul olduğu bir daha diqqətə çatdırıldı. Bu uğurları şərtləndirən amillər hansılardır?
- Möhtərəm Prezidentimiz İlham Əliyev qeyd olunan çıxışında bu reallığı xüsusi olaraq bildirdi ki, son on il ərzində Azərbaycan kimi iqtisadi sahədə sürətlə inkişaf edən ikinci ölkə olmamışdır. Təbii ki, bu fikrin böyük qətiyyətlə səsləndirilməsinə əsas verən amillər var. İstər Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, istər Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasına həsr olunmuş konfransda, istərsə də Milli Məclisdə Nazirlər Kabinetinin illik hesabatında səsləndirilən rəqəmlərdən iqtisadi inkişafın bugünkü səviyyəsi daha aydın görünür. Ötən ildə ÜDM 6 faiz, qeyri-neft sektoru 10 faiz, əhalinin pul gəlirləri 8 faiz artıb. Ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulub ki, bu da rekord göstəricidir. Sərmayələrin 62 faizdən çoxu daxili mənbələr hesabına təmin edilib. Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara çatıb. Bu, ÜDM-nin 70 faizini təşkil edir. Strateji valyuta ehtiyatlarının ümumi daxili məhsula nisbətinə görə Azərbaycan dünyanın 20 ölkəsi arasındadır. 110 min yeni iş yeri açılıb ki, onlardan 80 mini daimidir. Orta aylıq əmək haqqı 6,2 faiz artaraq 423 manata, yəni 540 dollara çatıb. Yoxsulluğun səviyyəsi 5,3 faiz, işsizliyin səviyyəsi 5 faiz təşkil edir. Bu uğurların fonunda inkişafın Azərbaycan modelinin mövcudluğu beynəlxalq səviyyədə də qeyd olunur və öyrənilməsinin vacibliyi bildirilir. Dünyanı iqtisadi və maliyyə böhranının bürüdüyü illərdə Azərbaycanın heç bir problemi yaşamaması, əksinə iqtisadi artımın sürətinə görə liderliyini qoruması da bu reallığı ortaya qoydu. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması uğurların davamlılığına geniş imkanlar açır. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərdə də iqtisadiyyatın şaxələndirilməsi siyasəti yüksək dəyərləndirilir. Dövlət başçısı İlham Əliyevin sərəncamı əsasında təsdiqlənən «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında qarşıdakı on il üçün əsas hədəflər sırasında Azərbaycanın yüksək gəlirli ölkəyə çevrilməsi, bu günə qədər 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılması xüsusi qeyd edilir. İki regional inkişaf proqramının uğurlu icrası son on ildə qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas vermişdir. Artıq «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında Prezident sərəncamı imzalanıb. Sənəddə də iki proqramın icra olunduğu 10 ildə əldə olunan sosial-iqtisadi göstəricilər əksini tapıb. Ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artıb. 10 ildə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılıb. Bir sözlə, dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb. Dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasına həsr olunmuş konfransda bu əminliyi ifadə etmişdir ki, qəbul ediləcək növbəti- üçüncü proqram da vaxtında icra olunacaq və beləliklə, ölkəmizin uğurlu, dinamik inkişafı təmin ediləcək.
Əvvəldə də qeyd etdiyimiz kimi, regionların malik olduğu potensialdan istifadə etmək məqsədilə imzalanan Dövlət Proqramları və onların uğurlu icrası qeyri-neft sektorunun inkişafını sürətləndirir. İqtisadiyyatın enerji amilindən asılılığı azalır. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, bu, ölkə iqtisadiyyatında gedən dinamik inkişafın təzahürüdür. Hazırda aktivlərinin həcmi 36 milyard dollardan artıq olan Dövlət Neft Fondu ölkənin hərtərəfli inkişafına xidmət edən mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsini maliyyələşdirir. Maliyyə şəffaflığının yüksək səviyyədə təmin edilməsi hər bir layihənin icrasının nəzərdə tutulan vaxtda başa çatdırılmasını şərtləndirir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, möhkəm siyasi sabitlik üzərində qurulmuş iqtisadi sabitlik, infrastruktur layihələri, sosial proqramlar və digər istiqamətlər üzrə uğurlu fəaliyyət çox mühüm nəticələrə gətirib çıxarır. Ölkə Prezidentinin sərəncamı əsasında 2014-cü ilin «Sənaye ili» elan olunması, eyni zamanda bununla bağlı Tədbirlər Planının təsdiqlənməsi sənaye potensialının gücləndirilməsinə, işsizlik probleminin həllinə öz müsbət təsirini göstərəcək. Yeni sənaye müəssisələrinin yaradılması minlərlə iş yeri deməkdir.
Göründüyü kimi, sistemli, ən əsası elmi əsaslara söykənən inkişaf strategiyası Azərbaycanın qarşısında geniş imkanlar açır. Ölkə iqtisadiyyatı inkişafın yeni mərhələsindədir. Yeni mərhələnin əsas məqsədi iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir.
- Hər ilin konkret sahənin adı ilə bağlanması təbii ki, belə bir həqiqəti ortaya qoyur ki, hərtərəfli inkişaf dövlətin siyasətində prioritetdir. «Sənaye ili» hansı uğurları vəd edir?
- Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında möhtərəm Prezidentimiz ötən ilin tarixdə uğurlu il kimi qaldığını bildirərək bu inamı ifadə etmişdir ki, əvvəlki illərdə qəbul edilmiş qərarlar və 2014-cü ildə görüləcək işlər cari ili də uğurla başa vuracağımıza imkan yaradacaq. Dövlət başçısı vurğulamışdır: «Hesab edirəm ki, bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət verilməlidir. Texnoparklar, yeni sənaye müəssisələri, ixrac yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması-bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir.» Məhz bu məqsədlərə nail olmaq üçün cari ilin «Sənaye ili» elan edilməsinin zərurət olduğu diqqətə çatdırıldı. Ölkə Prezidentinin 2014-cü ilin «Sənaye ili» elan edilməsi haqqında sərəncamında da qeyd edilir ki, ölkə sənayesi yeni inkişaf mərəhələsinə qədəm qoyub. Hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zəruridir. Müasirləşmək, yeniləşmək dövrün əsas tələbinə çevrilib. Yeni yaradılan və yaradılması nəzərdə tutulan müəssisələr bu baxımdan diqqətçəkəndir. Bir vacib məqamı da qeyd edək ki, strateji hədəflərə çatmaq üçün konkret icra mexanizmlərindən bəhs edərkən, peşəkar kadr məsələsi də vacib amil kimi qeyd edilir. Dövlət başçısı İlham Əliyev kadr hazırlığını iqtisadi inkişafın səviyyəsinə uyğunlaşdırmağı qarşıya mühüm vəzifə kimi qoyub: «Qarşımızda duran vəzifələri icra etmək üçün ilk növbədə hazırda peşəkar kadrlar lazımdır. Çünki bu gün Azərbaycan iqtisadiyyatı, xüsusilə ölkəmizin sənaye potensialı çox sürətlə inkişaf edir. Biz iqtisadi islahatlardan ölkəmizin sənayeləşməsinə qədər çox qısa və uğurlu yol keçmişik. Bu gün Azərbaycanda yaradılmış və yaranmaqda olan, müasir dünya standartlarına cavab verən sənaye müəssisələri iqtisadi inkişafımızı onilliklər bundan sonra da təmin edəcəkdir.» Qeyd edək ki, son on ildə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da mühüm uğurlar əldə olunub. Belə ki, bu müddət ərzində rəqabətqabiliyyətli müasir sənaye sahələri yaradılıb, sənaye məhsulu istehsalının həcmi 2,7 dəfə artıb. Davos Dünya İqtisadi Forumunun Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 39-cu yerə layiq görməsi də bu kimi uğurlarımızın göstəricilərindəndir.
İqtisadiyyatın şaxələndirilməsinin, qeyri-neft sektorunun inkişafının dövlətimizin siyasətində prioritet məsələ olması beynəlxalq tədbirlərdə də yüksək dəyərləndirilir. Azərbaycanın yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün əsas məkan seçilməsi də bu uğurlu siyasətdən qaynaqlanır. Cənab İlham Əliyev ölkənin hərtərəfli inkişafında Bakı və Bakıətrafı qəsəbələrin də sosial-iqtisadi inkişafını prioritet məsələ kimi öndə saxlayaraq, təsdiqlədiyi Dövlət Proqramlarında qarşıya qoyulan vəzifələri açıqladı. Qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlər planına uyğun olaraq görülən işlərin nəticəsidir ki, bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib, paytaxtla bölgələr arasında fərq müəyyən dərəcədə aradan qaldırılıb. Artıq Bakı və Bakıətrafı qəsəbələrin də sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının icrası başa çatıb, yeni sənədin qəbulu nəzərdə tutulur. Dövlət başçısı İlham Əliyevin hər bir bölgəyə, qəsəbəyə səfəri yeni müəssisələrin istifadəyə verilməsi və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Qeyd etdiyimiz kimi, yeni müəssisələrin açılması yeni iş yeri deməkdir. Bu isə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, işsizlik və məşğulluq problemlərinin həllinə öz müsbət təsirini göstərir.
- Vətəndaş amili dövlət siyasətinin əsasında dayanır. İqtisadi sahədə islahatların güclü sosial siyasətlə tamamlanmasını necə şərh edərdiniz?
- Daim qeyd olunduğu kimi, uğurlar yeni-yeni hədəflərin müəyyənləşdirilməsi üçün əsasdır. Qarşıdakı illər üçün başlıca hədəflərdən biri də Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir. İqtisadiyyatın aynası olan büdcə son on ildə 20 dəfədən çox artıb. 2014-cü ilin büdcəsi ölkəmizin əldə etdiyi uğurların və təcrübənin bir daha təsdiqidir. Bu faktı qeyd edək ki, ölkədə həyata keçirilən iqtisadi islahatların nəticəsi olaraq Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin illik artım sürəti ötən on ildə dünya ölkələri arasında ən yüksək göstəricilərdən birini təşkil edir. Azərbaycan dövlət büdcəsi ilə də Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik olduğunu nümayiş etdirir. Dövlət başçısı İlham Əliyev bildirir ki, bütün uğurlarımızı ancaq neft amilinə bağlamaq səhv olardı. Dünyada bizdən qat-qat çox neft-qaz hasil və ixrac edən bəzi ölkələrin maliyyə durumuna baxsaq görərik ki, neft-qaz hələ ölkənin uğurlu inkişafını təmin etmir. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması uğurların davamlılığında həlledici rol oynayır. Dövlət başçısı İlham Əliyev bir əsas məqamı da bildirir ki, iqtisadi inkişaf prosesi elədir ki, bu inkişafı, irəliləyişi həm gözlə görmək mümkündür və həm də statistik rəqəmlərdə öz əksini tapır. İqtisadi sahədəki islahatlar güclü sosial siyasətlə tamamlanır. Regional inkişaf proqramlarının icrasına başlananda, yəni 2004-cü ildə ölkəmizdə orta əmək haqqı 100 dollar səviyyəsində idi. Bu gün isə həmin rəqəm 540 dollar səviyyəsindədir. Orta pensiya 2004-cü ildə 20 dollar, hazırda isə 200 dollardan çoxdur. Bir rəqəmi də qeyd edək ki, hazırda ölkəmizdə pensiyalar əmək haqlarının 40 faizini təşkil edir ki, bu da Avropanın inkişaf etmiş ölkələrinin kriteriyaları səviyyəsindədir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlardan biri kimi vətəndaşlara sovet dövründən qalmış əmanətlərə görə kompensasiyaların verilməsini qeyd etməliyik. Artıq bu proses başa çatıb.
«Bir neçə il bundan əvvəl qarşıya qoymuşdum ki, Azərbaycanda yoxsulluq kimi sosial bəla aradan qaldırılsın» bildirən dövlət başçısı İlham Əliyev son illərdə yoxsulluq şəraitində yaşayan insanların sayının beş dəfə azalmasını bu məqsədə çatmaq istiqamətində atılan addımların uğurlu nəticəsi kimi qeyd edir. Son 10 ildə yoxsulluq səviyyəsi 49 faizdən 5,3 faizə enib. Bu da dünyanın ən çox inkişaf etmiş ölkələrinin göstəriciləri səviyyəsindədir. Qeyd edək ki, 2008-2015-ci illəri əhatə edən «Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı» özündə doqquz əsas strateji məqsədi əks etdirir. Bura makroiqtisadi sabitliyi saxlamaqla və qeyri-neft sektorunu tarazlı inkişaf etdirməklə davamlı iqtisadi artımın təmin edilməsi, əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yoxsul əhalinin sayının əhəmiyyətli dərəcədə azalmasına nail olunması, səmərəli sosial müdafiə sistemini inkişaf etdirməklə aztəminatlı ailələrin və sosial cəhətdən həssas qrupların sosial riskinin azaldılması, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirlərinin sistemli şəkildə davam etdirilməsi, təhsil və səhiyyə sahəsində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi daxildir. Dövlət Proqramının icrasına başlanıldığı vaxtdan ötən dövr ərzində qeyd olunan istiqamətlər üzrə zəruri tədbirlər həyata keçirilmiş və uğurlu nəticələr əldə olunmuşdur.
Dövlət başçısı İlham Əliyev daim çıxışlarında diqqəti dünyanın müxtəlif yerlərində yaşanan gərginliklərə, qarşıdurmalara, müharibələrə, maliyyə və iqtisadi böhrana yönəldərək bildirir ki, bütün bunlar belə bir gerçəkliyin təsdiqidir- Yalnız düzgün siyasət sosial və iqtisadi məsələlərin uğurlu həllinə yol aça bilər. Həmin ölkələr yaşanan maliyyə-iqtisadi böhranları beynəlxalq maliyyə qurumlarının yardımı olmadan çözmək imkanında olmadıqlarını təsdiqlədilər. Azərbaycan isə o ölkələrdəndir ki, öz hesabına yaşayır, heç bir yerdən yardım almır. Xatırlasaq, cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində əhalinin sosial müdafiəsinin gücləndirilməsini prioritet məsələ kimi önə çəkərək bildirmişdir ki, əmək haqları, pensiyalar ildə ən azı iki dəfə artırımalıdır. Bu əminliyə əsas kimi ölkəmizin iqtisadi və maliyyə imkanlarının günbəgün genişlənməsi qeyd edilmişdir. Bircə faktı qeyd etmək kifayətdir ki, bu gün Azərbaycan böyük həcmdə maliyyə vəsaiti tələb edən layihənin öz imkanları hesabına həyata keçirmək imkanındadır. Bu uğurlara əsas verən amil isə düzgün və düşünülmüş siyasətdir. Azərbaycan bu gün özünü dünyaya sosial dövlət kimi təqdim edir.
- Ayaz müəllim, beynəlxalq maliyyə qurumlarının Azərbaycanla bağlı rəyləri gələcək barədə hansı təsəvvürləri yaradır?
- Bir faktı qeyd etmək kifayətdir ki, uğurlu sosial-iqtisadi islahatların nəticəsidir ki, Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtiasadiyyatını rəqabət qabiliyyətliliyinə görə 39-cu yerə layiq görüb. Eyni zamanda bir müddət öncə ABŞ-ın «Heritage» Fondu və «Wall Street Journal» qəzetinin birgə hazırladığı «İqtisadi Azadlıq indeksi-2014» adlı hesabatda Azərbaycan 100 mümkün xaldan 61,3 xal toplamaqla dünyanın 186 ölkəsi arasında 81-ci yeri tutaraq iqtisadi cəhətdən orta azad ölkələr sırasına daxil olub. Hesabatda ölkəmizdə yaradılan əlverişli biznes mühiti təqdir olunur, şəffaflıq prinsipinin qorunmasına xidmət edən addımlar önə çəkilir. Son on ildə ümumi daxili məhsulun 3,4 dəfədən çox artması, ölkə iqtisadiyyatına 150 milyard dollardan artıq investisiyanın yatırılması uğurlu hadisə kimi vurğulanır. Bu inam ifadə edilir ki, uğurlu siyasətin nəticəsi olaraq Azərbaycanı qarşıdakı illərdə daha önəmli uğurlar gözləyir. Mütəmadi olaraq Cənubi Qafqaz ölkələrində əhalinin Prezidentlərinə etimadını, ölkədəki ictimai-siyasi, iqtisadi durumu öyrənmək məqsədilə sorğu keçirən ABŞ-ın nüfuzlu «Gallup» təşkilatının hesabatlarında əksini tapan statistik rəqəmlərdən də məlum olur ki, dünya dövlətlərini narahat edən qlobal maliyyə böhranına baxmayaraq iqtisadiyyatı sürətli, dinamik və davamlı inkişaf yolu ilə irəliləyən Azərbaycan aparılan məqsədyönlü islahatlar nəticəsində qazandığı liderlik adını qoruyub saxlayır. Azərbaycan eyni zamanda beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır və nüfuz qazanır. Məlum olduğu kimi, ötən il İstanbulda keçirilən Xəzər Forumunun sonunda müxtəlif nominasiyalar üzrə Xəzər mükafatları təqdim olunmuşdur. Dövlət başçısı İlham Əliyev regionda həyata keçirilən transmilli layihələrdə liderliyinə görə «İlin Xəzər dövlət adamı» mükafatına layiq görüldü.
Məhz bu uğurlarımızın fonunda möhtərəm Prezidentimiz İlham Əliyev böyük qətiyyətlə və inamla söyləyir: «Gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər amil vardır.» «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında əksini tapan müddəalar və onların icra mexnaizmləri uğurlu gələcəyimizin təsdiqidir.