YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Milli Məkan Məlumatları İnfrastrukturu xəritəçəkmənin yeni paradiqması kimi

   Azərbaycan Respublikasın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov

- Qərib müəllim, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin beynəlxalq əlaqələri barədə nə deyə bilərsiniz?

- Müstəqil Azərbaycan dövlətinin  həyata keçirdiyi xarici siyasətin prioritetlərindən biri beynəlxalq təşkilatlarla ikitərəfli əlaqələri və  bərabərhüquqlu münasibətləri yeni çağırışların tələblərinə uyğun olaraq qarşılıqlı hörmət və  maraqlar prinsipi çərçivəsində möhkəmləndirməkdir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və onun siyasi kursunun ən layiqli davamçısı olaraq cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu strategiya ölkəmizin beynəlxalq aləmə inteqrasiyasını sürətləndirir. Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk olaraq Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması tarixi hadisədir və  bu, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi kimi qiymətləndirilməlidir. Eyni zamanda, Azərbaycan dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələr quraraq bunu dövlətlərarası sivil münasibətlər müstəvisində daim inkişaf etdirir. Bütün bunlar müvafiq dövlət qurumlarının da öz fəaliyyət istiqamətləri sahəsində səmərəli  beynəlxalq əməkdaşlığı üçün geniş üfüqlər açır.

Azərbaycan Respublikası Prezidentinin 6 sentyabr 2001-ci il tarixli 576 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamə”yə əsasən komitə ölkəmizdə geoməkan məlumatlarının idarəolunmasında çox geniş səlahiyyətlərə malikdir. Qloballaşan dünyada informasiya cəmiyyəti qurmağı qarşısına məqsəd qoymuş ölkənin iqtisadiyyatı üçün məkana bağlı məlumatlardan zamanın tələblərinə uyğun şəkildə istifadənin təmin olunması zəruridir. Sonuncu məsələnin uğurla həlli isə bu sahədə mövcud beynəlxalq təcrübənin öyrənilməsi, beynəlxalq təşkilatlarda üzvlük və təcrübə mübadiləsindən keçir.

Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi fəaliyyət istiqamətində ən mühüm əməkdaşlıq platformalarından biri də BMT-nin Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Təşəbbüsüdür (UN-GGIM). Bu təşəbbüsün məqsədi qlobal geoməkan informasiyası üçün gündəmin müəyyənləşdirilməsində aparıcı rol oynamaq və ondan başlıca qlobal çağırışlara yönəlik istifadəni təşviq etməkdir. Həmin təşəbbüs Üzv Ölkələr arasında, eləcə də Üzv Ölkələrlə beynəlxalq təşkilatlar arasında əməkdaşlıq və koordinasiya üçün bir forum rolunu oynayır. UN-GGIM iki paralel strukturdan – 2011-ci ildə BMT-nin ECOSOC (BMT-nin İqtisadi və Sosial Şurası) vasitəsilə yaratdığı Ekspertlər Komitəsi (ilk iclası 2011-ci ilin oktyabrında Koreyanın Seul şəhərində, ikinci iclası  2012-ci ilin avqust ayında ABŞ-ın Nyu York şəhərində, üçüncü iclası isə 2013-cü ilin iyul ayında Birləşmiş Krallığın Kembric şəhərində  keçirilmişdir) və yüksək səviyyəli Forumdan (ilk iclası 2011-ci ilin oktyabrında Koreyanın Seul şəhərində, ikinci iclası  2013-cü ilin fevral ayında Qətərin paytaxtı Doxa şəhərində keçirilmişdir) ibarətdir. BMT-nin rəsmi Ekspertlər Komitəsi UN-GGIM üçün ekspertlərin qlobal məsləhətləşməsi mexanizmini təmin edir və Yüksək Səviyyəli Forumun gündəliyini hazırlayır. Adıçəkilən bütün bu tədbirlərdə ölkəmizi məhz Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndə heyəti təmsil etmişdir. Doxada keçirilən Yüksək səviyyəli Forumda və keçən il (1928-ci ildən etibarən keçirilən, yalnız dəvətnamə ilə iştirakı nəzərdə tutan və strateji müzakirələrin aparıldığı məkan kimi xarakterizə edilən) Kembric Konfransı ilə Birləşmiş Millətlər Təşkilatının Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Ekspertlər Komitəsinin Üçüncü Sessiyasının birgə iclasının Nazirlər seqmentlərində mən təqdimatlarla çıxış etmişəm.

Müvafiq istiqamətlərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və tabeliyində olan qurumların fəaliyyətini müasir səviyyədə təşkil etmək, zəruri koordinasiyanı həyata keçirmək üçün komitənin strukturunda Geoməkan və informasiya texnologiyaları, beynəlxalq əlaqələr şöbəsi və həmin şöbənin daxilində İnformasiya texnologiyaları, mətbuat və beynəlxalq əlaqələr sektoru yaradılmışdır. Struktur vahidinin bu şəkildə təşkili beynəlxalq təcrübənin öyrənilməsi, onun ölkəmizdə gedən elektron hökumət quruculuğu ilə əlaqələndirilməsi və yeni ideyaların təşviqi baxımından daha məhsuldar olmalıdır.

- Ekspertlər Komitəsinin dördüncü iclasında nə kimi məsələlər müzakirə olundu?

- Ekspertlər Komitəsinin dördüncü sessiyası 6-8 avqust 2014-cü il tarixlərində BMT-nin Nyu Yorkdakı mənzil qərargahında keçirildi. Bu tədbirdə ölkəmizi mənim rəhbərlik etdiyim nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə komitənin Geoməkan və informasiya texnologiyaları, beynəlxalq əlaqələr şöbəsinin müdiri Cavid Abdullayev və Dövlət Aerogeodeziya Müəssisəsinin direktoru Elçin Məhərrəmov da daxil idi.

Üzv ölkələrin və beynəlxalq təşkilatların nazirləri və yüksək rütbəli rəsmiləri müasir dünyanı dayanıqlı inkişafı üçün zəruri olan xəitəçəkmə və məkan problemlərinin müzakirəsi məqsədilə üç gün müddətində bir araya gəlmişdilər.

Etibarlı geoməkan informasiyasından istifadə iqlim dəyişikliyi, xəstəliklərin pandemiyası, ərzaq çatışmazlığı, iqtisadi böhranlar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması halları kimi qlobal çağırışların xəbərdarlığı, monitorinqi və idarəolunması yollarını dəyişməyə başlamışdır. Etibarlı geoməkan məlumatlarının istifadəsinə misal olaraq torpaq şürüşmələri, daşqınlar və zəlzələlər kimi surətli dəyişən ətraf mühitdə fövqəladə xidmətlər tərəfindən fəlakət əraziləri barədə məlumatların daha tez alınmasının mümkünlüyü və bunun nəticəsi olaraq böyük sayda insan həyatının xilas edilməsini göstərə bilərik.

Dördüncü sessiya Komitəni Üzv Ölkələr arasında əməkdaşlığın genişləndirilməsi və  milli, regional və qlobal inkişaf, həmçinin dayanıqlı inkişaf gündəmini dəstəkləmək üçün dəqiq, etibarlı və səlahiyyətli geoməkan informasiyasının asan əlçatan etmək üçün yardımçı olmaq kimi mühüm mandatının həyata keçirilməsi istiqamətində irəli aparmaqda davam etdi.

BMT-nin Baş Katibinin  İqtisadi və Sosial Məsələlər üzrə müavini Vu Honqbo öz giriş nitqində qeyd etdi ki, “Expertlər Komitəsinin öz şərəfli səfərinə başladığı cəmi üç il olsa da, artıq bir sıra erkən nailiyyətlər əldə olunub. Keçən iki sessiyanın statistik rəqəmlərindən bəlli olduğu kimi, Üzv Ölkələrin iştirakçılıq səviyyəsi artmışdır. Ekspert və işçi qrupların yaradıldığı fəaliyyət sahələrinin sayı artmış və sizin işiniz beynəlxalq ictimaiyyətin həqiqətən artan marağını və dəstəyini cəlb etmişdir”.

Cənab Honqbo daha sonra qeyd etdi ki, “bu sessiyanın gündəliyində mühüm yeni və ikinci və üçüncü sessiyadan inkişaf edən mövcud strateji məsələlər daxil edilmişdir. Bu mövzular milli, regional və qlobal səviyyədə çağırışlara yönəlmişdir”.

Ekspertlər Komitəsi qlobal geodeziya koordinat sisteminin təkmilləşdirilməsi, etibarlı geoməkan verilənlərinin istifadəsini dəstəkləmək üçün tələb olunan fərdi məlumatlarla bağlı qanunların daxil olduğu hüquqi və siyasi platformalara yanaşmaların identifikasiyası, dayanıqlı inkişaf üçün qlobal xəritəçəkmənin inkişafı, geoməkan  standartlarının müəyyənləşdirilməsi və tətbiqi, geoməkan informasiyası ilə statistika informasiyasının əlaqələndirilməsi, geoməkan icması üçün prinsiplər barədə birgə bəyanatın tərtibi  kimi strateji məsələlərin öhdəsindən müvəffəqiyyətlə gəlmişdir. Tədbir çərçivəsində treninqlər, məsləhət xidmətləri və geoməkan məlumatlarının yaxşı idarəolunmasının təşviqi ilə ölkələrin bacarıqlarının inkişafı əsaslı şəkildə dəstəklənmişdir.

Əhəmiyyətli məqamlardan biri də ondan ibarətdir ki, tədbir bütün dünyada əlçatan olacaq daha ardıcıl məkan mövqeləndirməsini təmin edən dayanıqlı qlobal geodeziya istinad platforması üçün bir fundament təqdim etmişdir. Bu, olduqca vacibdir, çünki dəqiq mövqeləndirmə mülki tikinti və nəqliyyatdan, dayanıqlı inkişaf və fövqəladə halların idarə­olun­masına kimi insan həyatının faktik olaraq bütün aspektlərində tətbiq olunur.

Qeyd edək ki, 2015-ci ilin “Xəritə ili” elan olunması barədə Beynəlxalq Kartoqrafiya Assosiasiyasının təklifi iştirakçılar tərəfindən dəstəklənib.

- Sessiya ilə yanaşı daha hansı tədbirlərdə iştirak etdiniz?

- Ekspertlər Komitəsinin sessiyası ilə yanaşı bir sıra digər önəmli tədbirlər də təşkil olunmuşdu. Bunlardan ən mühümü Statistik və Geoməkan İnformasiyasının inteqrasiyası üzrə Qlobal Forum idi. Forumun sessiyadan öncə 4-5 avqust tarixlərində təşkil edilməsi geoməkan və statistika qurumlarının mümkün qədər geniş speltrini bir yerə toplamaq məqsədi daşıyırdı.

Məlumdur ki, müasir dövrdə dövlət və özəl sektorlarda qərarların qəbulu proseslərində istinad kimi istifadə olunan informasiyaların başlıca təminatçıları geoməkan və statistika mütəxəssisləridir. Milli və qlobal çağırış və problemlərin mürəkkəb­liyinin artması ilə müvafiq proseslərin iqtisadi, sosial və ətraf mühiti əhatə edən tərkib hissələri arasında qarşılıqlı əlaqələrin dərk edilməsi zərurəti həlledici amilə çevrilir. Hazırkı qlobal cəmiyyətdə qərarların qəbul edildiyi əsasların uyğunluğunun artırılması üçün geoməkan informasiyası və statistik informasiyanın əlaqələndirilməsinin dəyəri və zəruriliyi aşkar şəkildə qəbul olunur. Rastlaşdığımız başlıca çağırış isə bu inteqrasiyaya səmərəli və ardıcıl yolla nail olmağın ən uğurlu üsulunu müəyyənləşdirməkdir.

BMT-nin Statistika Komissiyası və Qlobal Geoməkan Məlumatlarının İdarəolunması üzrə Ekspertlər Komitəsi geoməkan və statistika informasiyasının milli və qlobal səviyyədə idarə olunması və səmərəli inteqrasiyası sahəsində çağırışların cavablandırılması zərurətini qəbul edərək bu sahədə həllərin tapılması məqsədilə əməkdaşlıq etməyə razılaşıblar. Onlar ən yaxşı təcrübələrin yayılması, inkişaf etdirilməsi, statistika və geoməkan mütəxəssisləri icmalarını bir yerə toplamağın yolu kimi beynəlxalq konfransın (Forumun) təşkili, statistik və geoməkan informasiyasının inteqrasiyası üçün qlobal standart olaraq statistika-məkan platformasının yaradılması işinin dəstəklənməsi məqsədilə Statistik və Geoməkan İnformasiyasının İnteqrasiyası üzrə Ekspert Qrupunun yaradılması barədə razılığa gəlmişlər.

Forumun əsas məqsədləri statistik və geoməkan informasiyasının inteqrasiyası üzrə ümumi təsəvvürün formalaşdırılması, “Post-2015” İnkişaf Gündəliyi kimi informasiya müzakirələrində birgə yanaşmaya nail olunması, texniki imkanların inkişafı üçün istiqamətin birgə müəyyənləşdirilməsi, statistik geoməkan platforması mexanizminin zəruriliyinin dəstəklənməsi idi. Forumda müxtəlif ölkələrin müvafiq qurumlarının rəhbərlərinin də daxil oduğu 150-dən artıq nümayəndə iştirak edirdi və başlıca müzakirələr BMT-nin Statistika və Geoməkan İnformasiyasının İnteqrasiyası üzrə Ekspert Qrupu tərəfindən hazırlanmış  “Qlobal coğrafi təsnifləşdirmə və geokodlaşdırma təcrübələri” adlı əsas sənəd ətrafında cərəyan etmişdir. Sənəd əsasən aşağıdakı məsələlərin tədqiqinə həsr olunmuşdu:

- müvafiq platformaların istifadəsi Milli Məkan Məlumatları İnfrastrukturu və Avropada INSPIRE direktivlerinin tələbləri və spesifik statistik məkan platformalarına malik ölkələrin sayı ilə məhdudlaşır;

- statistik vahidlərin qeydiyyatı verilənlərinin geokodlaşdırılmasında istifadə olunan əsas metod sadalama coğrafiyasıdır, lakin bu metod çox ənənəvi metoddur və verilənlərin nəşrinin faydalılığını sadalama və səpilmə ərazilərinin birləşdirilməsi ilə məhdudlaşdıra bilər;

- GPS və buna bənzər texnologiyalar vasitəsilə birbaşa çəkiliş məxsusən inkişaf edən ölkələrdə daha geniş yayılmaqdadır və görünür ki, digər metodları qabaqlayır;

- Ölkələrin əksərriyyəti statistik məlumatların paylaşılması üçün dövlət ərazi vahidləri sərhədlərindən istifadə edirlər.

Nümayəndə heyətimiz Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas hədəflərini forum iştirakçılarının diqqətinə çatdıraraq qarşıya qoyulan məqsədlərə nail olmaq üçün mühüm alətlərdən biri kimi geoməkan və statistika məlumatlarının inteqrasiyasını xüsusi vurğulayıb, bu istiqamətdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində aparılan işlər barədə müfəssəl məlumat verib. Bununla yanaşı, forum iştirakçıları interaktiv xəritə interfeysi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanaraq qurumun geoserverində yerləşdirilmiş Regionların İnkişafı Analitik İnformasiya Sistemi barədə məlumatlandırılıblar. Forum iştirakçılarının nəzərinə çatdırılıb ki, Azərbaycan Milli Məkan Məlumatları İnfrastrukturunun prototipi kimi nəzərdə tutulan bu sistem orqanlararası mübadiləyə əsaslanaraq fundamental bir platforma kimi daha da genişləndiriləcək.

Forum çərçivəsində hazırda həmin sistem üçün suvarılan torpaqların uçotuna dair hazırlanan yeni modul barədə fikir mübadiləsi aparılıb. Tədbirdə bir çox ölkələrin müvafiq sahələrə məsul dövlət qurumlarının rəhbərləri ilə aparılan fikir mübadiləsində ölkəmizdə bütün sahələr üzrə, o cümlədən geoməkan və statistik informasiyanın inteqrasiyası sahəsində görülmüş işlər məmnunluqla qarşılanıb, Azərbaycanın bu sahədə bir sıra beynəlxalq təşkilatlarda çox ciddi mövqeyə malik olduğu xüsusi vurğulanıb.

- Qlobal səviyyədə xəritəçəkmənin vəziyyəti müzakirə edildimi?

- İclas çərçivəsində daha bir önəmli tədbir - Qlobal Xəritəçəkmə üzrə Beynəlxalq Rəhbər Komitənin 21-ci iclası təşkil olunub. Azərbaycan nümayəndə heyəti həmin tədbirdə müşahidəçi kimi iştirak edib.

Qlobal Xəritəçəkmə üzrə Beynəlxalq Rəhbər Komitəyə BMT-nin Qlobal Geoməkan Məlumatlarının İdarəolunması üzrə Ekspertlər Komitəsinin katibliyinin keçmiş rəhbəri, uzun müddət BMT strukturlarında önəmli vəzifə daşımış, sinqapurlu professor Pol Şonq prezident seçildikdən sonra qurumun fəaliyyətində böyük canlanma müşahidə olunmaqdadır.

Rəhbər Komitənin budəfəki iclasında Qlobal Xəritəçəkmə informasiyasının yaradılması və istifadəsi üzrə strateji müzakirələr aparılıb. Müzakirələrdə ayrı-ayrı ölkələrin nümunəsi təqdim edilib, beynəlxalq və regional təşkilatların, həmçinin xəritəçəkmə sahəsində nüfuzlu şirkətlərin təqdimatları dinlənilib. Xəritəçəkmənin paradiqmasının dəyişdiyi xüsusi vurğulanıb, müasir dövrdə xəritəçəkmə fəaliyyətinin zirvəsi olan milli məkan məlumatları infrastrukturlarının ümumi xarakteristikaları müzakirə olunub. Qeyd edilib ki, Azərbaycandan qlobal xəritədən istifadəçi kimi qeydə alınmış şəxslərin sayı 40-a yaxındır. Azərbaycanın müvafiq məlumatları ötən dövr ərzində 200 dəfədən artıq yüklənərək istifadə olunmuşdur.

Vurğulanıb ki, Qlobal Xəritə bütün Yer kürəsinin quru sahəsini 1 kilometr ayırdetmə ilə örtən tematik verilənlər toplusudur. Hər bir tematik lay ictimaiyyət tərəfindən kompyuter vasitəsilə asanlıqla əldə edilə bilən rəqəmsal formatda nəşr olunur. Onun məzmunu adi 1:1000000 miqyasda xəritəyə ekvivalentdir. Müvafiq geoməkan məlumatları yığımları yüksəkliklər, bitki örtüyü, torpaq örtüyü, torpaq istifadəçiliyi, nəqliyyat, drenaj sistemləri, sərhədlər və məskunlaşma mərkəzləri kimi laylardan ibarətdir. Bu məlumatlar təxminən 5 ildən bir yenilənir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi artıq 10 ildən çoxdur ki, bu təşkilatla əməkdaşlıq edir.

2012-ci il oktyabrın 5-də Qlobal Xəritəçəkmə üzrə Beynəlxalq Rəhbər Komitənin rəsmi saytında Azərbaycan Respublikasının Qlobal Xəritəsinin 2-ci versiyası istifadəyə verilib. Bütün istifadəçilərin Azərbaycanın açıq geoməkan məlumatlarından yararlana bilməsi üçün tam şərait yaradılıb. Nəqliyyat, torpaq örtüyü və sosial yönümlü məkansal məlumatları özündə ehtiva edən 5-dən artıq elektron təbəqəli bu qlobal coğrafi informasiya sisteminin bundan sonra da təkmilləşdirilməsi gözlənilir. Azərbaycan, həmçinin təqdim etdiyi məkansal məlumatlardan istifadə dinamikası və məqsədləri barədə müfəssəl statistik məlumatlar da əldə edir.

Tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidentinin 20 aprel 2011-ci il tarixli Fərmanı ilə nəşr edilən “Azərbaycan Respublikasının Milli Atlası” nümayiş etdirildi.

- Hansı regional təsisatların iclaslarında iştirak etdiniz?

- Ekspertlər Komitəsinin iclası ilə paralel regional təsisatların da məsləhətləşmələri keçirilirdi. Belə məsləhətləşmələrdən biri adıçəkilən Ekspert Komitəsinin Avropa regional bölməsinin yaradılması ilə bağlı təşkil edilmişdir. Yeni qlobal tarazlaşma proseslərində xüsusi geosiyasi çəkiyə malik olan Avropa İttifaqı ilə  Cənubi Qafqaz geosiyasi məkanında sürətlə regional liderdən qlobal əməkdaşlıq müstəvisində əhəmiyyətli mövqeyə malik ölkəyə çevrilməkdə olan Azərbaycan Respublikasının əlaqələrinin genişlənməsi böyük əhəmiyyət kəsb edir.  Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi də öz fəaliyyətində Avropanın müvafiq qurumları ilə əlaqələrin qurulmasına xüsusi önəm verir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin razılığına əsasən Avropada milli xəritəçəkmə və kadastr agentliklərinin assosiasiyası olan “EuroGeographics”in fəaliyyət istiqamətinə Azərbaycan Respublikasında yeganə dövlət orqanı kimi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin fəaliyyət istiqaməti uyğun olduğundan, komitə adıçəkilən Assosiasiyada ölkəmizi təmsil edir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi “EuroGeographics”in Baş Assambleyalarında, biliklər mübadiləsi şəbəkələrinin iclaslarında yaxından iştirak edir. BMT-nin Qlobal Geoməkan Məlu­matlarının İdarəolunması üzrə Ekspertlər Komitəsi (UN-GGIM) özünün regional bölmələrinin inkişafına xüsusi önəm verir və Avropada da belə bir qurumun yaradılması yaxın günlərdə yekunlaşmalıdır. Avropadan olan Üzv ölkələrinin nümayəndələrinin iştirakı ilə keçirilən  məsləhətləşmələrdə UN-GGIM:Europe- un ilk Plenar iclasının keçiriləcəyi yer və zaman, həmçinin iclasa hazırlıq və onun gündəliyi müzakirə olunmuşdur. Həmçinin, təşkilati məsələlərlə bağlı yaradılmış 3 işçi qrupun hesabatı dinlənilmişdir.

“Eurogeographics”dən fərqli olaraq yeni yaradılacaq qurumda hər bir ölkəni yalnız bir təşkilat təmsil etməlidir.

Ekspertlər Komitəsinin iclasının son günündə Azərbaycan nümayəndə heyəti, həmçinin Asiya və Sakit Okean üçün Geoməkan İnformasiyasının İdarəolunması üzrə BMT-nin Regional Komitəsinin İcraçı Şurasının məsləhətləşmələrində iştirak edib. 

Qeyd edək ki, 2012-ci il noyabrın 1-də Tailand Krallığında keçirilmiş BMT-nin Asiya və Sakit Okean üzrə Regional Kartoqrafik Konfransında mən adıçəkilən Şuraya üzv seçilmişəm. Tədbirdə Regional Komitənin növbəti plenar iclasının gündəliyi və digər məsələlər nəzərdən keçirilib. 

Növbəti plenar iclasda Azərbaycan nümayəndə heyətinin ölkəmizdə geoməkan məlumatlarının idarəolunması sahəsində bacarıqların inkişafı mövzusunda məruzə ilə çıxış edəcəyi qərara alınıb.

- Deyilənlərdən belə aydın olur ki, Milli Məkan Məlumatları İnfrastrukturu artıq xəritəçəkmənin yeni paradiqması kimi özünü təsdiq etmişdir. Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması istiqamətində ölkəmizdə nə kimi işlər görülür və planlaşdırılır?

- BMT-nin Qlobal Geoməkan Məlumatlarının İdarəolunması üzrə Ekspertlər Komitəsinin işində iştirak edən Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev bildirib ki, Azərbaycanın xəritəçəkmə və Qlobal Forumda müzakirə edilən başqa məsələlər üzrə artıq əhəmiyyətli nailiyyətləri və geniş təcrübəsi vardır. O, qeyd edib ki, Azərbaycanın bu cür tədbirlərdə iştirak etməsi vacibdir və respublikamız bu sahədə təcrübəsini bölüşərək digər ölkələrin də bu sahədə inkişaf etməsinə dair öz töhfəsini verir.

Bu baxımdan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması ilə əlaqədar həyata keçirdiyi ardıcıl və dünya təcrübəsinə əsaslanan tədbirlər elmi cəhətdən əsaslandırılmış nəticənin əldə olunmasına yönəlib.

Məlumdur ki, Milli Məkan Məlumatları İnfrastrukturu – iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatında, torpaq idarəçiliyi sahəsində idarəetmə qərarlarının dəstəklənməsi üçün yaradılan informasiya mühitinin əsasını təşkil edən standartlar, sistemlər və prinsiplərdir.

MMMİ-nin qurulması məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 06.06.12-ci il tarixli 051 nömrəli və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin  04.06.12-ci il tarixli 129 nömrəli əmri ilə “Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika” üzrə Texniki Komitə (TK11) yaradılmış, Azərbaycanın ISO/TC 211-də təmsilçiliyi təmin olunmuş və ölkəmizdə müvafiq beynəlxalq standartların, həmçinin INSPIRE Direktivlərinin tətbiqi istiqamətində işlərə başlanmışdır. AZS ГОСТ 22268-2012 “Geodeziya. Terminlər və təriflər”, AZS ГОСТ Р 51605-2013 “Rəqəmsal topoqrafik xəritələr. Ümumi tələblər”, AZS ГОСТ Р 21830-2013 “Geodeziya alətləri. Terminlər və təriflər”, AZS ГОСТ Р 52438-2013 “Coğrafi informasiya sistemləri. Terminlər və təriflər” dövlət standartları təsdiq edilmiş, “Baza məkan məlumatları”, “Metaməlumatlar” və digər standartlar təsdiq olunmaq üçün təqdim edilmişdir.  

Milli Məkan Məlumatları İnfrastrukturunu müəyyən mənada Elektron Milli Atlas kimi də təqdim etmək olar. Kağız versiyadan fərqli olaraq, elektron versiya daim yenilənə bilir. Hər bir orqan öz məkan məlumatlarını zaman-zaman yeniləyərək daxil edir, müxtəlif orqanaların məlumatları olan xəritələri kəsişdirmək mümkündür, mündəricat elektron olduğundan axtarış da olduqca sadə həyata keçirilə bilir.

Müvafiq sistemlərin ilk qaranquşu olan yuxarıda qeyd etdiyimiz İnteraktiv xəritə interfeysi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanaraq qurumun geoserverində yerləşdirilmiş Regionların İnkişafı Analitik İnformasiya Sistemi hazırda daha da təkmilləşdirilir.

Dünyanın 120-dən artıq ölkəsində artıq Milli Məkan Məlumatları İnfrastrukturu ilə bağlı işlər aparılır və bununla əlaqədar geniş səlahiyyətlərə malik bir neçə dövlət orqanını əhatə edən müvafiq Koordinasiya Şuraları yaradılıb. Prinsiplərin hazırlanması ilə məhz bu Koordinasiya Şuraları məşğul olurlar. Beləliklə, ümumi tövsiyələr BMT və müvafiq orqanların ekspertləri tərəfindən təqdim olunur, onların icrası ilə Üzv Ölkələrin Nazirlər Kabineti tərəfindən müvafiq koordinasiya qurumları vasitəsilə həyata keçirilir. Ölkəmizdə də müvafiq koordinasiya qurumunun yaradılması ilə bağlı təkliflər  hazırlanaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir. Nəzərə almaq lazımdır ki, Geo-xidmətlərin istifadəsi zamanı meydana çıxan təhlükələrin başlıcası odur ki,  ayrı-ayrılıqda istifadəsinə məhdudiyyət qoyulmayan məkan məlumatları toplu halında ölkənin müdafiəsi və təhlükəsizliyi üçün böyük təhdid daşıya bilər.       

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi  hökumət strukturu olaraq, fundamental geoməkan informasiya əsasının keyfiyyətinin təminatı və zəmanətində mühüm rol oynamaqda davam edəcək, həmçinin  başlıca strukturların qorunmasının təmin olunması üçün zəruri olan prinsip və mexanizmlər üzərində nəzarətini gücləndirəcək. Elektron hökumət həllərinin tətbiqi ilə bağlı qanunvericilik təşəbbüslərində geoməkan məlumatlarının idarəolunmasına geniş yer ayrılması ilə bağlı əlaqədar orqanlarla fikir mübadiləsi aparırıq.  Müvafiq məsələlərin geniş təşviqi ilə bağlı tədbirlər planı üzərində işləyirik. Bu işlərdə geniş ictimaiyyətin və mətbuatın da yardımına ümid edirik