YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Həyata keçirilən dövlət proqramları bölgələrin dinamik inkişafını şərtləndirir

   Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov

- Azər müəllim, son vaxtlar ölkəmiz yenidən beynəlxalq aləmin diqqət mərkəzindədir. Avropa Şurasına sədrlik etməyimiz, o cümlədən, ATƏT PA-nın 23-cü illik sessiyasının və NATO PA-nın nüfuzlu «Rouz-Rout» seminarının Bakıda keçirilməsi Azərbaycanın həm regional, həm də qlobal müstəvidə aparıcı faktora  çevrilməsinin təsdiqi sayıla bilərmi?

- Birmənalı şəkildə qeyd edilməlidir ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən müasir zamanın tələblərinə uyğun şəkildə davam və inkişaf etdirilən xarici siyasət kursu ölkəmizin əldə etdiyi uğurların əsas amillərindən biridir. Bu mənada Azərbaycana qarşı beynəlxalq diqqətin artmasını, ölkəmizin əsas tərəfdaş dövlətlərdən birinə çevrilməsini məntiqi nəticə adlandırmaq olar. Həqiqətən də, Bakı son zamanlar ardıcıl olaraq çox nüfuzlu beynəlxalq tədbirlərə, toplantılara ev sahibliyi edir. Beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə maraqlı olan Azərbaycan dövləti bu toplantıların yüksək səviyyədə keçirilməsinə böyük şərait yaradır. Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən bu tədbirlər ölkəmizin dünyadakı nüfuzunu günü-gündən daha da sarsılmaz edir. O cümlədən, bu gün Azərbaycan Cənubi Qafqaz regionunun təhlükəsizliyinin əsas təminatçısı qismində çıxış edir. Bu gün bütün dünyada təhlükəsizlik anlayışı dövlətlərin malik olduğu müdafiə potensialı ilə ölçülərək yalnız hərbi hazırlıq sahəsini əhatə etmir. Müasir dövrdə ayrı-ayrı dövlətlərin və bütövlükdə regionların təhlükəsizliyi siyasi, iqtisadi, xüsusilə isə enerji təhlükəsizliyinin təminatı baxımından səciyyələndirilir. Xüsusilə, iqtisadi təhlükəsizlik ölkənin milli təhlükəsizliyinin mühüm tərkib hissəsi olub, dövlətin geosiyasi gücü hesab edilməklə müstəqilliyin möhkəmlənməsinə xidmət göstərir. Artıq 23 ildir, müstəqil dövlət kimi balanslaşdırılmış xarici siyasət yürüdən Azərbaycan həm də unikal coğrafi mövqeyə malik olmaqla bir deyil, bir neçə regionun təhlükəsizliyinin etibarlı və davamlı olmasında mühüm geopolitik faktor kimi çıxış edir. 


- Həyata keçirilən siyasət nəticəsində, o cümlədən iqtisadi sferada əldə olunan uğurlar ölkə daxilində vətəndaşların rifahının yüksəlməsində əsas aparıcı şərtlərdən sayılır. Bu gün ölkə daxilində həyata keçirilən inkişaf konsepsiyası xarici siyasətdə əldə olunan uğurlara adekvatdırmı? 

- Qeyd olunan uğurlar qısa zaman kəsiyində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli və mükəmməl iqtisadi strategiya nəticəsində əldə olunub. Həyata keçirilən düşünülmüş iqtisadi siyasət, liberallaşmanın struktur və keyfiyyət baxımından dərinləşməsi, dayanıqlı maliyyə ehtiyatlarının yaradılması, investisiya siyasətinin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, sosial infrastrukturun yenidən qurulması və digər islahatlar Azərbaycan iqtisadiyyatının kompleks inkişafını təmin edib. Ölkədə modern,  rəqabətqabiliyyətli və ixracyönümlü istehsalatların sayı artıb, əsas makroiqtisadi göstəricilər daha da yaxşılaşıb. 
 Son 10 ildə Azərbaycanda ümumi daxili məhsul 3 dəfədən çox, dövlət büdcəsinin gəlirləri 16 dəfə, sənaye məhsulları istehsalı 2,7 dəfə, daxili mənbələr hesabına əsas kapitala yönəldilən investisiyaların həcmi 18,4 dəfə, o cümlədən qeyri-neft sektoruna yönəldilən investisiyalar 21,6 dəfə artıb.  Bu dövrdə ölkəmizdə orta illik iqtisadi artım 12,9 faiz təşkil edib ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdəndir.  ÜDM-nin həcminə görə Azərbaycan dünya ölkələri arasında 40 pillə irəliləyərək 2003-cü ildəki 106-cı yerdən 2013-cü ildə 66-cı yerə yüksəlib. Ölkədə  makroiqtisadi sabitlik təmin edilib, inflyasiya 1,6 faiz civarındadır. Respublikamızın strateji valyuta ehtiyatları 50 mlrd. ABŞ dollarını ötüb. Sevindirici haldır ki, Azərbaycan neft ölkəsi kimi xarakterizə olunsa da, son illərdə iqtisadi inkişaf dinamikası əsasən qeyri-neft sektorunun payına düşür. Dövlət başçısı İlham Əliyevin səyləri sayəsində Azərbaycanda iqtisadiyyatın məqsədli diversifikasiyası siyasəti həyata keçirilir. Məlum olduğu kimi, ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən 2014-cü il Azərbaycanda "Sənaye ili" elan edilib. Respublikamızda həyata keçirilən sənayeləşmə siyasəti çərçivəsində qeyri-neft sənayesində məqsədyönlü tədbirlər davam etdirilməkdədir.

- Sizcə, «Sənaye ili» regionların sosial-iqtisadi inkişafında nə kimi rol oynamaqdadır?

- Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı dövlət siyasətinin prioritetlərindən biri də sənaye coğrafiyasının genişləndirilməsidir. Artıq istehsal sahələrinin əsasən bir məkanda-paytaxtda təmərküzləşməsi məqbul hesab edilmir, iri sənaye güclərinin həm də bölgələrdə yaradılmasına üstünlük verilir. Ümumiyyətlə, son 10 ildə Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasında regionların payı ilbəil artır. Bu da, ilk növbədə, bölgələrin ənənələri, inkişaf perspektivləri, əmək resursları və digər cəhətlər nəzərə alınmaqla qəbul edilən məqsədli Dövlət proqramları nəticəsində mümkün olur. 2003-cü ildən bəri respublikamızda regionların sosial-iqtisadi inkişafı ilə bağlı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən iki Dövlət Proqramı müvəffəqiyyətlə icra edilib. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Belə ki, Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə  və digər xidmətlərin səviyyəsi yüksəlib, 380-dən çox sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb. Regionların tarazlı sosial-iqtisadi inkişaf siyasəti qarşıdakı illərdə də davam etdiriləcək. Belə ki, regionların sosial-iqtisadi inkişafına dair artıq icrası uğurla başa çatan iki Dövlət Proqramının davamı olaraq 2014-2018-ci illəri əhatə edəcək yeni Dövlət Proqramı qəbul edilib. Yeni Dövlət Proqramında qeyri-neft sektorunun inkişafı, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalının genişləndirilməsi, sahibkarlığın inkişafı, yol və nəqliyyat infrastrukturunun, rabitə xidmətlərinin, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması və s. istiqamətlərdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

- Azər müəllim, bəs kənd təsərrüfatının inkişafı hansı səciyyəvi xüsusiyətləri ilə seçilir? 

- Bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində olduqca münbit bir şərait yaradılıb. Qəbul olunan dövlət proqramları Azərbaycanın ərzaq təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasını həyata keçirir. Bu gün ölkəmizdə ərzaq təhlükəsizliyi məsələsi ölkə əhalisini təmin edəcək həcmdə məhsulun istehsalı və emalı potensialının mövcudluğu, ölkə əhalisi tərəfindən istehlak edilən ərzaqın keyfiyyəti, dövlət əhəmiyyətli strateji ərzaq məhsullarının ölkədaxili istehsalı kimi komponentləri özündə birləşdirir. «Regionların sosial-iqtisadi inkişafı» Dövlət Proqramının uğurla icrası regionların sənayeləşməsilə yanaşı aqrar sahənin inkişafı baxımından yüksək dəyərə malikdir. 2009-2013-cu illəri əhatə edən «Regionların sosial-iqtisadi inkişafı» Dövlət Proqramı daha geniş və əhatəli olmaqla bölgələrin bütün ərazisində kompleks tədbirlərin həyata keçirilməsinə və bununla da regionların daha da gözəlləşməsinə yol açır. Bu gün regionlarımızın inkişaf dinamikası olduqca yüksək səviyyədədir. Regionların ənənəvi istehsal sahələrinə uyğun ixtisaslaşması, kənd təsərrüfatının intensiv yüksəlişi, yeni heyvandarlıq komplekslərinin, quşçuluq təsərrüfatlarının yaradılması və kənd təsərrüfatı məhsullarının saxlanması infrastrukturunun yaradılması bu sahənin inkişafına yeni töhvələr verməklə yanaşı bölgələrin də inkişafını sürətləndirir. Yəni, kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı rayonların ümumi inkişaf tempini artırır. Bu gün ölkəmiz ərzaq təhlükəsizliyi dövlət proqramının icrası nəticəsində öz ərzaq təhülkəsizliyini təmin edir. Bölgələrdə taxıl biçimi olduqca yüksək səviyyədədir. Bununla yanaşı, rayonlarımzda turizmin inkişafı üçün yaradılan infrastruktur da olduqca mühüm əhəmiyyət kəsb edir. Azərbaycan artıq regionun əsas turizm mərkəzinə çevrilir. Bu isə məhz qeyd etdiyimiz dövlət proqramlarının düzgün icrasının və ölkə rəhbərliyinin regionların inkişafına qayğısının nəticəsidir.