YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Xalqımızın yeganə seçimi cənab İlham Əliyevdir

Müsahibimiz YAP Xətai rayon təşkilatının sədri, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə

- Vüqar müəllim, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyevin Prezidentlik fəaliyyətinin 20 ili tamam oldu. Sizcə, ötən 20 il müasir tariximizə hansı möhtəşəm, unudulmayacaq qürur  səhifələrini yazdı?

- Son 20 ildə keçilən yola nəzər salmaq üçün öncə bu yolun uğurlu davamını şərtləndirən mühüm məqamları qeyd etməliyik. Prezident İlham Əliyevin vurğuladığı kimi, bugünkü reallıqları 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik. Çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşadıqları tariximizin qara, faciəli səhifəsidir. O illərdə hakimiyyəti zəbt edənlərin siyasi savadsızlığı, səriştəsizliyi, idarəçilik təcrübələrinin yoxluğu, ən əsası şəxsi ambisiyalarının quluna çevrilərək dövlət maraqlarını arxa planda saxlamaları ucbatından Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Əgər 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Dövlət başçısı İlham Əliyevin cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin fonunda keçirilən VII qurultayında səsləndirdiyi bu çağırışı xatırlatmaq istərdim: “ O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq.”

Son 20 ildə Prezident İlham Əliyev 1993-2003-cü illərdə formalaşdırılan möhkəm təmələ söykənərək həyata keçirdiyi düşünülmüş siyasəti ilə ölkəmizin hər bir sahədə uğurlu inkişafına nail oldu, dünyaya inkişafın Azərbaycan modelini təqdim etdi. Reallıq budur ki, Ümummilli Liderin 2003-cü ildə Prezidentliyə namizədliyini cənab İlham Əliyevin xeyrinə geri götürərək xalqa tarixi müraciəti bugünkü xoşbəxt həyatımız naminə atılmış həlledici addım oldu. Çünki 2003-cü il  müstəqillik tariximizin həlledici dövrü  idi. Məlum olduğu kimi, hər bir ölkənin inkişafında güclü lider və düşünülmüş siyasət amilləri əsasdır. Xalqımız məhz bu amili əsas götürərək  2003-cü ildə düzgün seçim etdi, Heydər Əliyev yolunun davamına səs verərək cənab İlham Əliyevi Prezident seçdi. Artıq bu gün Azərbaycanın həyatında yeni dövr başlayır. Tarixin inkişaf qanunauyğunluqlarından da məlum olduğu  kimi, hər dövrün öz tələbi var. Son 20 ildə Azərbaycanda zamanın çağırışlarına adekvat addımlar atmaq daim diqqət mərkəzində saxlanılıb. Başqa sözlə, inkişafın hər mərhələsinin qarşıya  qoyduğu  yeni hədəflər ölkə Prezidentinin təkmil islahatları, təşəbbüsləri, qəbul etdiyi müdrik qərarlarla tamamlanıb.

Əgər bu gün Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasından, Qarabağın, Şərqi Zəngəzurun dirçəlməsindən bəhs ediriksə, təbii ki, bunu son 20 ilin uğurlarının ümumiləşdirilmiş ifadəsi kimi xarakterizə etməliyik. Bu məqamda cənab İlham Əliyevin YAP-ın VII qurultayında səsləndirdiyi bu çağırışı xatırlatmaq yerinə düşərdi: “Hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq.”   

Azərbaycan həqiqətən də zamanı qabaqlayaraq bütün sahələrdə davamlı uğurlara imza atır. Torpaqlarımızın 30 il işğal altında qalmasına gəldikdə isə, bu, heç də Azərbaycanın hansısa bir sahədə zəif olmasından irəli gəlmirdi. Azərbaycan dövləti məsələnin sülh yolu ilə həllini istəyirdi. Çünki bunun üçün hüquqi əsas mövcud idi. BMT Təhlükəsizlik Şurasının qəbul  etdiyi 4 qətnamədə Qarabağın Azərbaycan ərazisi olduğu, erməni silahlı birləşmələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapmışdı. Lakin beynəlxalq hüququn bu fundamental tələbinə baxmayaraq, əksər dünya güclərinin reallıqda  ikili standartlara əsaslanan siyasəti Azərbaycanı ruhdan salmadı, əksinə dövlətimiz hücum diplomatiyasını daha da gücləndirərək diplomatik uğurlarının miqyasını genişləndirdi, hər sahədə sürətli inkişafını təmin etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük İkinci Qarabağ müharibəsində yazdığı Zəfər səhifəsi ölkəmizin bütün sahələrdə qazandığı uğurların ümumiləşdirilmiş ifadəsi oldu. Ötən il  Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi birgünlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin, bundan öncə aprelin 23-də Laçın buraxılış-keçid məntəqəsinin yaradılması ilə ərazi bütövlüyümüzün tam təmin edilməsi çağdaş tariximizə növbəti zəfər səhifələrinin yazılmasına gətirib çıxardı. Əvvəldə də qeyd etdiyim kimi, güclü lider və düşünülmüş  siyasət ölkəmizin bugünkü möhtəşəm qələbələrinin təminatçısıdır.

Bu gün artıq Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir, keçmiş məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdırlar. Bu günədək Füzuli və Laçın şəhərləri, Ağalı, Talış və Zabux kəndləri sakinlərinə qovuşub və bu ərazilərə qayıdış davam edir. Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində belə bir müjdəni də verdi ki, 2024-cü ildə keçmiş məcburi köçkünlər Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərlərinə qayıdacaqlar. Bütövlükdə 2026-cı ilədək işğaldan azad edilmiş ərazilərimizə qayıdan sakinlərin sayı 140 min nəfərə çatacaq. Yeri gəlmişkən onu da qeyd edim ki, qarşıdakı illərin hədəfləri sırasında Qərbi Azərbaycana qayıdışımız da əsas yer tutur. Tarixi ədalət bu hədəfə çatmağımızı da diktə edir.

- Haqqında söhbət açdığınız yeni dövrün şərtləndirdiyi mühüm hadisələrdən biri fevralın 7-də prezident seçkilərinin keçirilməsidir. Artıq seçkilərin təşviqat mərhələsindəyik. Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası prezidentliyə namizədi cənab İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyasını “Qalib xalqın qalib Lideri!” devizi altında uğurla həyata keçirir. Prezident seçkilərinin bu mərhələsində  seçicilərə hansı çağırışları edərdiniz?

-Birmənalı vurğulamalıyam ki, 7 fevral tarixində keçiriləcək prezident seçkiləri çağdaş tariximizə Zəfər seçkiləri kimi yazılacaq. Bu seçkilər müstəqillik tariximizdə ilk dəfə olaraq  bütün ərazilərimizi əhatə edəcək. Qürurvericidir ki, işğaldan azad edilmiş ərazilərimizdə soydaşlarımızın  seçkilərdə yüksək səviyyədə iştirakını təmin etmək üçün seçki məntəqələri yaradılıb. Bu seçkilər, eyni zamanda, dövlət başçısı cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinin 20 ilinin təqdimatı olacaq. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasının timsalında xalqımıza verdiyi bütün vədləri layiqincə yerinə yetirən cənab İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində növbədənkənar prezident seçkilərini şərtləndirən amilləri qeyd edərək bu məqamı xüsusi qeyd etmişdir ki,  prezident seçkiləri yeni dövrə xeyir-dua verəcək. Yeni dövrün yeni hədəfləri olmalıdır. Yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi.

Məhz yeni dövrün diktə etdiyi bu ali hədəflərə çatmaq üçün hər birimiz seçki hüququmuzdan istifadə edərək 7 fevral prezident seçkilərində fəal iştirak etməli, “Qalib xalqın  qalib Lideri”, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməliyik. Çünki bu seçim gələcəyimizin təminatıdır. Daim Azərbaycanı zəfərlərə aparan, adını tariximizə qalib Lider kimi qızıl hərflərlə yazdıran cənab İlham Əliyevə xalqın sevgisi, inamı, etimadı sonsuzdur. Qalib Azərbaycan bundan sonra da qalib Prezidentinin rəhbərliyi ilə yeni zəfərlərə doğru inamla addımlayacaq. İnkişafımızın belə bir taleyüklü mərhələsində xalqımızın yeganə seçimi Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevdir və biz qalib xalq  olaraq fevralın 7-də bu seçimimizi seçki məntəqələrində öz səsimizlə rəsmiləşdirməliyik!