YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan regionda güclü sənaye ölkəsinə çevriləcək

   YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov

- Aydın müəllim, yola saldığımız 2014-cü ili Azərbaycan iqtisadiyyatı üçün necə qiymətləndirmək olar?

- Prezident, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu inkişafı 2014-cü ildə davam edib, bütün sahələrdə uğulu iqtisadi və sosial nəticələr əldə olunub. 2014-cü ilin ötən 11 ay üzrə iqtisadi və sosial inkişaf göstəricilərini nəzərdən keçirsək yola saldığımız ilin ölkəmiz üçün çox uğurlu olduğunu qeyd edə bilərik. Qeyd olunan dövrdə aparılan islahatlar daha da dərinləşib və nəticədə ölkəmizin dinamik inkişafı təmin edilib. Respublikamızda böyük layihələr icra olunub, ölkəmizin beynəlxalq nüfuzu artıb.
2014-cü ilin yanvar-noyabr aylarında  iqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan ümumi daxili məhsul istehsalı 2014-cü ilin on bir ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 53,7 milyard manata çatıb. Milli məhsulun bu həcmdə artımı dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Ötən il ən inkişaf etmiş Amerika və Avropa ölkələrinin iqtisadiyyatında iqtisadi artım 1-1,5 faiz artıb, yəni, ölkəmiz ÜDM-in artımına görə, ümümdünya göstəricisini bir neçə dəfə qabaqlayır. ÜDM-in istehsalında qeyri-neft sektorunda artım 6,5 faizi ötmüşdür ki, bu da ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasətin uğurlu nəticələrindən xəbər verir. Həmçinin, sənaye sahəsində çox mühüm nailiyyətlərə imza atılıb və sənaye sektoru inkişafın əsas lokomotivlərindən birinə çevrilib.
Regionların inkişafı ilə bağlı həyata keçirilən səmərəli siyasət öz bəhrəsini verib və ölkədə yeni yaradılan iş yerlərinin sayı 1 milyon 300 min nəfəri ötüb, yoxsullun səviyyəsi 5 faizdən də aşağı enib. İqtisadiyyata bu dövrdə 22 milyard dollardan artıq investisiya qoyulub ki, onun da böyük hissəsi daxili investisiyalardır.
2014-cü ildə Azərbaycan sosial sahədə də mühüm nailiyyətlərə imza atıb. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, demək olar ki, bütün strukturlarda əməkhaqqı artırılıb. Ölkənin iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı ötən ilin 11 ayı ilə müqayisədə 5,5 faiz çoxalaraq 441,8 manata çatıb. Sənaye sahələrində çalışanların əmək haqqı 710 manat, tikinti kompleksində 626,1 manat, nəqliyyatda 537,8 manat, informasiya və rabitədə 735,8 manat təşkil edib. Yanvar-noyabr aylarında əhalinin gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq 33,6 milyard manata, onun əhalinin hər nəfərinə düşən məbləği isə 3,4 faiz çoxalaraq 3573,3 manata çatıb. Əhalinin banklardakı əmanətləri keçən ilin müvafiq dövrünə nisbətən 11,1 faiz artaraq 7 milyard manat olmuş, onların 4,4 milyard manatı milli valyuta ilə, 2,6 milyard manatı isə xarici valyuta ilə qoyulub.

- Siz iqtisadi inkişafda sənaye sektorunun roluna toxundunuz. Sənayenin yaxın perspektivdə inkişafını necə görürsüz?

- Məlum olduğu kimi Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi strategiyanın əsas hədəflərindən biri sənaye sektorunun inkişaf etdirilməsindən ibarətdir. İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və strukturunun təkmilləşdirilməsi baxımından sənayenin inkişafı ölkədə aparılan iqtisadi siyasətin əsas prioritetlərindən biridir. Bu məqsədlə dövlət başçısının müvafiq sərəncamlarına əsasən, 2014-cü il Azərbaycanda "Sənaye ili" elan edilib, ölkə sənayesinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin koordinasiyası, sənayeləşmənin sürətləndirilməsi, Azərbaycanın güclü sənaye mərkəzinə çevrilməsi üçün mövcud potensialdan daha səmərəli istifadə olunması məqsədilə Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planının uğurlu icrası sayəsində 2014-cü ilin 11 ayı ərzində ölkədə 20-dən çox orta və iri sənaye müəssisəsi açılmış, mövcud sənaye müəssisələrinin istehsal gücləri genişləndirilib. Bundan başqa, hazırda dövlətin güzəştli kredit dəstəyi ilə özəl sektor tərəfindən 30-dan çox sənaye müəssisəsi qurulmaqda və genişləndirilməkdədir.
Sənaye obyektlərinın açılışında Prezident İlham Əliyevin iştirakı, tapşırıq və tövsiyələrini verməsi ölkənin qeyri-neft sənayesinin inkişafına ən yüksək səviyyədə diqqət və qayğının göstəricisidir.
Ümumiyyətlə, son 10 ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılıb, sənaye məhsulları istehsalının həcmi 2, 7 dəfə artıb. Sənaye sektorunda investisiya qoyuluşları son 10 ildə 2 dəfədən çox artıb.  2003-cü illə müqayisədə sərmayələr hazırda 2,2 dəfə artaraq 7, 5 milyard manatı ötüb. Təkcə 2003-2013-cü illərdə Regionların İnkişafı Dövlət Proqramı çərçivəsində bölgələrdə 500-ə qədər sənaye müəssisəsi açılıb.
Hazırda ölkə iqtisadiyyatına  yatırılmış investisiyaların 40 faizi sənaye sektorunun payına düşür. Ötən il sənayedə 33,7 milyard manatlıq məhsul istehsal olunub. Hazırda qeyri-neft sənayesi 6% artmış, ÜDM-in 44,3%-i sənayedə istehsal olunmuşdur. Sənaye məhsulunun 80,7%-i özəl bölmənin payına düşür. Ümumiyyətlə sənaye sektoruna qoyulmuş investisiyaların 44,2 faizi xarici investisiyalardan, 55,8 faizi isə daxili investisiyalardan ibarətdir.

- Yeri gəlmişkən, dövlət başçısı “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Proqramın icrası bu sahədə hansı dəyişikliklərə səbəb olacaq?

- Dövlət Proqramı sənayenin inkişafı ilə bağlı çox mühüm və fundamental məsələləri özündə əks etdirir. Proqamın əsas prioritetləri sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, regionların sənaye potensialının gücləndirilməsi, sənaye və texnologiyalar parklarının və sənaye məhəllələrinin yaradılması, elmtutumlu və innovativ istehsalın genişləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması kimi başlıca istiqamətləri əhatə edir. Proqram çərçivəsində yeni sənaye sahələrinin və sənaye parklarının yaradılması, ölkəyə qabaqcıl texnologiyaların gətirilməsi ilə bağlı layihələr həyata keçiriləcək. Sənayenin inkişafı ilə bağlı əsas ssenarilər kimya, texnologiyalar, mis, qızıl, dəmir və filiz kombinatları, alüminium, polad, maşınqayırma, yeyinti və yüngül sənaye obyektlərinin yaradılmasından ibarətdir. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi sayəsində Azərbaycan regionda güclü sənaye ölkəsinə çevriləcək, ölkənin zəngin valyuta ehtiyatları əlverişli şərait yaranacaq. Bu siyasət yeni iş yerlərinin yaradılması və son nəticədə məşğul əhalinin sayının artımı fonunda insanların sosial rifahının yaxşılaşmasına səbəb olacaq.
Hesab edirəm ki, “Sənaye ili” çərçivəsində Azərbaycanda güclü sənayeləşmə geniş vüsət alacaq, sənaye xammalı olan əsas iqtisadi rayonlardakı bazanın səfərbər olunaraq iri müəssisələrin yaradılması təmin ediləcək. Ölkəmizdə yeni sənaye sahələri istifadəyə veriləcək. Xüsusilə də, texnoparkların sayının artması Azərbaycanda industrial cəmiyyətin formalaşmasını təmin edəcək. Nəticədə, respublikamıza xarici və yerli investisiyaların axını güclənəcək.

- 2014-cü ildə iqtisadi inkişafın təmin olunmasında dövlət başçısının imzaladığı mühüm sərəncam və fərmanların icrası da öz mühüm təsirini göstərib…

- Azərbaycanın sürətli inkişafında cənab İlham Əliyev faktoru istisnasız olaraq başlıca yer tutur. Onun müəyyən etdiyi iqtisadi inkişaf modeli bu gün dünyada qlobal iqtisadi geriləmələrin davam etdiyi bir dövrdə Azərbaycanın uğurlu inkişafını təmin etməkdədir. 2014-cü ildə Azərbaycan Prezidenti tərəfindən çox mühüm və tarixi sənədlər imzalanıb. Dövlət başçısı tərəfindən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Fərman imzalanıb və proqramın uğurlu icrası davam etdirilir. Dövlət Proqramı çərçivəsində regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin daha da yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, regionlardakı iqtisadi imkanların səfərbər edilməsi, iqtisadiyyatın diversifikasiyasının, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsi, investisiya qoyuluşunun artırılması, yeni müəssisələrin və iş yerlərinin açılması ilə bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulub.
Növbəti beş illik regional inkişaf proqramının əsas ana xətti kimi regionlardakı qeyri-neft ehtiyatlarının səfərbər olunaraq istehsal imkanlarının artırılmasını strateji hədəf seçib. Azərbaycan yaxın 7-8 ildə ümumi daxili məhsulun həcmini 2 dəfə artırmağı, əsas etibarilə qeyri-neft sektorunun hesabına təmin etməyi iqtisadi prioritetlərdən biri kimi müəyyən edib. Proqnozlara görə, iqtisadi artım qeyri-neft sektorunun, sənayenin və informasiya-kommunikasiya texnologiyalarının inkişafına təmin olunacaq. Bunun üçün regionlardakı iqtisadi ehtiyatlara yeni texnoloji yanaşma tələb olunur. Bütün bu amillər üçüncü regional inkişaf proqramında nəzərə alınacaq.
Proqramın əsas hədəfi regionlardakı iqtisadi sərvətləri tam hərəkətə gətirmək, dövriyyəyə cəlb etmək, istifadə olunmamış iqtisadi resursları, xammal ehtiyatlarını istehsal prosesinin əsas mühüm hissəsinə çevirməklə iqtisadi gücü ən azı 2 dəfə artıqmaqdan ibarətdir.

- Yola saldığımız ili Azərbaycanın enerji siyasətinin güclənməsi baxımından hansı əlamətdar hadisələrlə  dəyərləndirmək olar?

- 2014-cü il Azərbaycanın milli enerji siyasəti daha da güclənib, ölkəmizin dünya enerji xəritəsinə mövqeyi əhəmiyyətli dərəcədə möhkəmlənib. Azərbaycan Prezidentinin birbaşa siyasi qətiyyəti və təşəbbüskarlığının nətisəcində respublikamızın milli eneji siyasətində mühüm hadisələr baş verib.
2014-cü ildə Azərbaycan dövləti XXI əsrin ən mühüm siyasi-iqtisadi hadisəsi olan “Cənub Qaz Dəhlizi” ilə bağlı nəhəng sazişini imzaladı . “Cənub Qaz Dəhlizi” reallaşmasında əsas siyasi qətiyyət və prinsipial qərar məhz Azərbaycanın dövlət başçısı İlham Əliyevə məxsusdur. Dövlət başçısının cəsarətli addımı sayəsində dünyanın enerji xəritəsini dəyişəcək mühüm hadisə baş verdi. Bu marşrutu seçməklə Azərbaycan özünün Avropanın enerji təchizatçısına çevrilməsi üçün mühüm addımlardan birini atdı. Beləliklə, “Cənub Qaz Dəhlizi” sazişinin imzalanması TAP layihəsinin əsasını qoydu. Məlum olduğu kimi "Cənub Qaz Dəhlizi" Bakı-Tbilisi-Ərzurum kəmərinin genişləndirilməsi, Trans Anadolu qaz kəmərinin inşası və bu kəmərin məntiqi davamı olan Trans Adriatik boru kəməri (TANAP ) layihəsinin (TAP) tikintisini və ümumilikdə bu layihələrin icrası nəticəsində Xəzər qazının Avropaya nəqlini nəzərdə tutur. Layihənin əsas yanacaq mənbəyi «Şahdəniz-2» layihəsi çərçivəsində hasil olunan qazın Qərbə nəqlindən ibarətdir.  Şahdəniz», «Ümid», «Abşeron», «Alov», «İnam» və digər zəngin qaz yataqlarının uzunmüddətli, bir neçə onilliklərlə Avropaya nəqlinə imkan verən ən strateji nəhəng kommunikasiya infrastrukturu deməkdir.

- Aydın müəllim, dünyada neftin qitmətinin ucuzlaşması davam etməkdədir. Bu, Azərbaycana necə təsir edəcək?

- Əslində Azərbaycan neftin ucuzlaşmasının milli iqtisadiyyata ciddi təsirlərinin hiss olunmamasını 2009-cu il neft böhranı dövründə nümayiş etdirib. Hələ 5 il əvvəl dünya maliyyə böhranının gözlənilən təsirlərini dəf edən  Azərbaycan hökuməti öz mükəmməl iqtisadi proqramları, iqtisadi modeli ilə dünyada iqtisadi itkilərdən ən az çıxan ölkə olub. Azərbaycan hökumətinin təsirli tədbirləri ölkəmizin dünya maliyyə böhranının meyillərindən kənarda qalmasına səbəb olub. Ümumiyyətlə, xarici təsirlərə qarşı güclü immunitetin yaradılması sabit iqtisadi və maliyyə bazarının formalaşmasına imkan verib.
Hazırda da Azərbaycanda iqtisadi artım tempi dünya üzrə göstəricilərdən yüksəkdir. Dünyada bu gün iqtisadi geriləmə baş verir, artım tempi Avropa ölkələrində 0,5 -1 faiz təşkil edir. Amma Azərbaycanda bu rəqəm 2-3 faizdir. Azərbaycanın yüksək iqtisadi göstəricilər əldə etməsində güclü iqtisadi siyasət makroiqtisadi siyasətin təkmilləşdirilməsi, biznes mühitinin yaxşılaşdırılması üçün aparılan islahatlardır.
Cənab İlham Əliyev bu günlərdə bəyan etdi ki, Azərbaycan öz nadir inkişaf modelini ortaya qoymaqla dünyada baş verən iqtisadi böhranlara baxmayaraq inkişafını davam etdirir. Neftin qiymətinin dünyada uçuzlaşmasına baxmayaraq Azərbaycanda bu, hiss olunmur. Dövlət başçısının bəyan etdiyi kimi çünki bizim çox güclü iqtisadi dayaqlarımız var. Manatın məzənnəsi sabitdir və bu, onu deməyə əsas verir ki, həm iqtisadi gücümüz, düşünülmüş siyasətimiz, eyni zamanda, sosial siyasətimiz var.
Dünya bazarında neftin qiymətinin ucuzlaşmasının Azərbaycan valyuta bazarına da təsir etməyəcək. Milli valyutanın sabit qalması labüddür. Dünya bazarlarında neftin qiymətinin azalmasına, qonşu Rusiyada rublun qiymətinin rekord aşağı həddə çatmasına rəğmən, manatın qiyməti sabit olaraq qalmaqdadır. Azərbaycan manatının sabit qalmasının əsas səbəblərindən biri manatın aktiv pul aləti olması ilə bağlıdır.
Neftin ucuzlaşması Azərbaycanın real büdcə öhdəliklərini yerinə yetirməsinə də mane olmayacaq. Çünki ölkəmizin güclü maliyyə potensialı var və sadəcə ölkəmizin ixracatçı ölkə kimi neft gəlirləri müəyyən müddətə azala bilər. Amma bu prosesin uzun müddət belə davam etməyəcəyini nəzərə alsaq bir müddətdən sonra neft gəlirlərində yenidən artımın müşahidə olunacağını proqnozlaşdırmaq olar.
Digər tərəfdən, Azərbaycanda qeyri-neft sektoru inkişaf edir. Artıq qeyri-neft sektorunun ümumi daxildə payı hər il artır və artıq neft sektorunun ÜDM-də payı 50 faizə çatıb. Gəlin il isə bu rəqəm 60 faizə çatacaq. Nəticədə Azərbaycan iqtisadiyyatının neftdən kənar sahələrinin inkişafı sayəsində milli iqtisadiyyatımız daha da inkişaf edəcək. Qeyri-neft sektorunun inkişafında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı  və sənaye proqramlarının icrası mühüm rol oynayacaq.

- Dünyada baş verən hadisələr Azərbaycanın milli valyutası olan manata necə təsir göstərə bilər, yəni manat dəyərini itirməyəcək ki?

- Bu gün dünyanın ən nəhəng iqtisadi tədqiqat institutlarının və nüfuzlu reytinq agentliklərinin ekspertləri, maliyyə qurumlarının nümayəndələri bildirirlər ki, Azərbaycan manatı bölgədə ən dəyərli və sabit valyutadır. Bütün dövlətlərin maliyyə sferası, pul-kredit bazarı, milli valyutası dünya iqtisadi böhranının təsirlərinə məruz qalaraq müəyyən fəsadlarla üzləşdiyi halda Azərbaycan böhranın hər bir fazasından itkisiz çıxdı. Avropa dövlətlərinin əksəriyyətinin maliyyə bazarına sarsıdıcı zərbə vuran böhran onların valyuta bazarına təsir etdi, amma respublikamızın maliyyə və pul bazarında heç bir mənfi tendensiya müşahidə olunmadı. Bir çox ölkələrdə baş verən valyuta böhranı Azərbaycanın maliyyə bazarının həddindən artıq sağlam və dözümlü olması səbəbindən respublikamıza təsir göstərmədi. Azərbaycanın milli valyutasının dəyərini qoruması isə iqtisadiyyatımızın və maliyyə sektorunun güclü olmasının nəticəsidir.
Neftin uçuzlaşması və digər amillərə baxmayaraq 2015-ci ildə manatın məzənnəsinin qorunub saxlanması əsas tədbirlər sırasında olacaq. Hökumətin çevik monetar siyasəti, effektiv nəticələrə zəmin yaradan sərbəst məzənnə rejimi, pul bazarının dərinləşməsi və digər institusional işlərin həyata keçirilməsi ilə bağlı mühüm preventiv tədbirlər həyata keçirməsi milli valyutanın dəyərinin sabitliyinə əhəmiyyətli dərəcədə baza yaratmış olur. Həyata keçirilən pul siyasətinin makro və mikroiqtisadi diaqnostikasının gücləndirilməsi, monetar siyasətin balanslaşdırılmış sistem üzrə aparılması manatın dayanıqlığını artıracaq.