Xəbərlər
Tahir Süleymanov: Yeni Azərbaycan Partiyası parlament seçkilərinə böyük qələbə əzmi ilə qatılıb
«Dövlətə, xalqa xidməti fəaliyyətinin önündə saxlayan Yeni Azərbaycan Partiyasına xalqın sevgisi böyükdür. Bu gün Yeni Azərbaycan Partiyasının 670 minə yaxın üzvü var. Partiyada Azərbaycan cəmiyyətinin bütün təbəqələrini əhatə edən ən qabaqcıl insanlar birləşiblər. Bu partiya Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik prinsiplərinə söykənən partiyadır». Bu fikirləri yap.org.az saytına müsahibəsində Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Tahir Süleymanov deyib.
T.Süleymanov bildirib ki, bu gün də Yeni Azərbaycan Partiyası həm coğrafi baxımdan Azərbaycanı əhatə etməsinə, həm də tərkibində ölkəmizin ən sayılan, seçilən insanlarını birləşdirdiyinə görə öncül bir partiyadır. Təbii ki, hər seçkidə qazanılan qələbədə başlıca rol seçicinin siyasi təşkilata, namizədə münasibətidir.
«Yeni Azərbaycan Partiyasının qələbələr partiyası kimi nüfuz qazanmasını şərtləndərən əsas amil məhz seçicilərin, xalqın ölkədə keçirilən bütün seçki proseslərində partiyaya böyük inam göstərməsi, dəstəyidir. Yeni Azərbaycan Partiyası 1 noyabr parlament seçkilərinə böyük qələbə əzmi ilə qatılıb. Parlament seçkilərinin hər bir mərhələsinə ciddi şəkildə hazırlaşan partiya təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. «Yeni hədəflərə doğru» devizi ilə seçkilərin təbliğat-təşviqat mərhələsinə start verən partiya bununla gələcək planlarını açıqlayır. Məqsəd Azərbaycanı daha da qüdrətli, zəngin ölkəyə çevirmək, ən əsası inkişaf etmiş ölkələr sırasında görməkdir»- deyə, T.Süleymanov vurğulayıb.