YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Azərbaycanda bütün sahələrin inkişaf etdiyi kimi balıqçılıq təsərrüfatının inkişafı da zəruridir

«Azərbaycanda bütün sahələrin inkişaf etdiyi kimi balıqçılıq təsərrüfatının inkişafı da zəruridir. Bu istiqamətdə mövcud qanunvericilik də təkmilləşdirilməlidir». Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, “Balıqçılıq haqqında” qanun hələ 1998-ci ildə Milli Məclis tərəfindən qəbul olunub. Onun fikrincə, müasir  dövrün  tələbləri baxımından sənədə təklif olunan dəyişikliklər zəruridir. Əsas məqsəd bu  sahədə qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq  standartlara uyğunlaşdırılmasıdır.

«Ona görə də, həmin sənədə bir sıra dəyişikliklərin edilməsi təklif olunur. Bu qanun Azərbaycanda balıqçılığın, o cümlədən akvakulturanın təşkilinin, idarə edilməsinin, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsinin hüquqi əsaslarını müəyyən edir. Layihəyə görə, bələdiyyə mülkiyyətində olan balıqçılıq obyektlərindəki balıq və digər su bioresursları bələdiyyə mülkiyyətindədir. Akvakultura təsərrüfatının yerləşdiyi belə sahələrdə əldə olunan məhsul  isə onun mülkiyyətçisinə və ya icarəçiyə məxsusdur. Dövlət mülkiyyətində olan balıqçılıq hövzələrində  balıq və digər su bioresurslarının süni artırılması, bərpası, mühafizəsi və təsərrüfatın meliorasiyası məsələləri dövlət vəsaiti hesabına maliyyələşdirilir. Sənəddə xüsusi qorunan təbiət əraziləri və balıqartırma təsərrüfatları istisna olmaqla, digər balıqçılıq obyektlərində balıq məhsullarının idman və həvəskar ovu üçün istifadəsinə  qanunvericilikdə müəyyən edilmiş qaydada icazə  verilməsi  də öz əksini tapıb»- deyə, komitə sədri vurğulayıb.