YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşılıqlı hörmətə və dostluğa əsaslanan tarixi əlaqələr

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri            

Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasətin prioritetini dünyanın bütün ölkələri ilə xüsusilə də sərhəd qonşuları ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq və inkişaf etdirmək təşkil edir. Bu baxımdan, ölkəmizin yaxın qonşularından olan İran İslam Respublikası ilə münasibətlərin yaxşılaşdırılması, əlaqələrin genişləndirilməsi və əməkdaşlığın getdikcə möhkəmləndirilməsi böyük əhəmiyyət kəsb edir. Prezidenti İlham Əliyev ölkəmizin hər zaman İran ilə münasibətlərə xüsusi önəm verdiyini, bu əlaqələrin regionun inkişafına və təhlükəsizliyinə xidmət etdiyini dəfələrlə bəyan etmişdir.

Cari ilin 19 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin İştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası" hidroqovşağının açılış mərasimi olmuşdu. Bu layihənin reallaşdırılması iki ölkə arasındakı dostluğun bariz nümunəsidir. Prezident İlham Əliyevin mərasimdə dediyi kimi bu gün İran-Azərbaycan dostluğunun nə qədər möhkəm olmasını bütün dünya görür. “Bu dostluğun dərin kökləri, dərin tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər, hesab edirəm ki, ən yüksək səviyyəyə qalxıb” deyən Prezident İlham Əliyev vurğulayıb: “Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. Biz bütün beynəlxalq təşkilatlarda, üzv olduğumuz təşkilatlarda bir-birimizi dəstəkləyirik və bundan sonra da bu dəstəyi göstərəcəyik. Prezident çıxışında İran-Azərbaycan dostluğunun bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün önəmli amil olduğunu xüsusi vurğulayıb ki, bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin olunmalıdır. Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir. “Əgər kimsə - buradan minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, bizimlə danışsınlar. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək”.

Ölkə Prezidenti İlham Əliyevin regional məsələlərin həllində məhz region ölkələrinin mövqelərinin əsas götürülməsinin zəruriliyi barədə səsləndirdiyi fikirlər Cənubi Qafqazda gedən sülh və quruculuq proseslərini pozmağa çalışan, dünyadakı məlum qüvvələrə növbəti mesaj kimi qiymətləndirilməlidir. Bu gün həm İranın, həm də Azərbaycanın regional təhlükəsizlik məsələləri ilə bağlı ortaq mövqeləri var. Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. Bu, eyni zamanda, həm xalqlarımıza, həm bölgəyə, həm də dünyaya ciddi mesajdır ki, İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Bu möhkəmlənən əməkdaşlıq fonunda İran və Azərbaycanın daim bir-birinə qarşılıqlı dəstəyi və əksər məsələlərdə nümayiş etdirilən vahid mövqe ölkələrimiz arasındakı münasibətlərin inkişaf səviyyəsindən xəbər verir.  Qeyd etmək lazımdır ki, ölkələrimiz arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan tarixi və mədəni əlaqələrimiz həm ikitərəfli formatda, həm regional müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətlə inkişaf edir.