YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı və qurucusudur”

YAP Bərdə rayon təşkilatının və Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə nümayəndəliyinin birgə təşkilatçılığı ilə bu adda tədbir keçirilib

YAP Bərdə rayon təşkilatı Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə nümayəndəliyi ilə birgə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə  həsr edilmiş "Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı və qurucusudur" adlı  tədbir keçirib.

Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə  gül dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra Şəhidlər xiyabanı ziyarət olunub, məzarları önünə əklil qoyulub.  Vətən müharibəsi zamanı  Ermənistanın Bərdəyə atdığı  raket nəticəsində həlak olan mülki şəhidlərimizin xatirəsinə salınmış Guşənin önünə qərənfillər düzülüb.

Tədbirdən öncə Rayon Mədəniyyət Mərkəzinin foyesində Ulu Öndər Heydər Əliyevə həsr edilmiş Mədəniyyət işçilərinin,  incəsənət məktəbi şagirdlərinin rəsm və əl işləri, həmçinin xalça və kitab sərgiləri izlənilib.

Tədbirdə şəhid anaları, qazilər, Ulu Öndər Heydər Əliyevlə vaxtilə görüşmüş əmək adamları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.  Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından geniş bəhs edərək bildirib ki, dahi şəxsiyyət Azərbaycanın müstəqilliyini daimi və sarsılmaz etdi. Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan tarixinə Zəfər səhifələrini yazdı.

Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə nümayəndəliyinin  rəhbəri Fərid Hacıyev  "Ulu öndər Heydər Əliyev və mədəniyyətin inkişafı" mövzusunda  çıxışında Ümummilli Liderin  bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də möhkəm təməl formalaşdırdığını qeyd edib.

Tədbirdə Prezident təqaüdçüsü Tərlan Musayeva, Birinci Qarabağ müharibəsi veteranı İslam Əzimov, Qarabağ Təhsil İdarəsinin rəis müavini, rəis səlahiyyətlərini icra edən Anar Məcidov, Ukraynada Kiyev şəhərində   "Ulu öndər Heydər Əliyevin zəngin irsi"ni tədris və təbliğ edən müəllim Səfayə Naibova və başqaları çıxış edərək müstəqillik tariximizin Heydər Əliyev dövrünün reallıqlarından, Azərbaycanın yenidən qurularaq inkişaf, tərəqqi yolunda inamla irəliləməsindən, 2003-cü ildən Heydər Əliyev yolunun uğurlu davamı nəticəsində Onun şah əsəri olan müasir müstəqil Azərbaycanın tarixi Zəfərə imza ataraq işğal altında olan torpaqlarına  qovuşmasından,  dahi şəxsiyyətlə bağlı xatirələrindən danışıblar.

Tədbirdə YAP Bərdə rayon təşkilatının bir qrup fəal gəncinə Təşəkkürnamə, Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqəsi təqdim edilib.

Rəsmi hissənin sonunda YAP-ın Himni səsləndirilib.

Sonda Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə nümayəndəliyinin hazırladığı konsert proqramında Ulu Öndər Heydər Əliyevə həsr edilmiş mahnılar ifa olunub.

DİGƏR Xəbərlər Arxiv