YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın təcrübəsi sülhə xidmət edir

David İbramxəlilov

YAP Qusar rayon təşkilatının sədri

Pandemiya məhdudiyyətləri səbəbindən son bir neçə il ərzində keçirilməsi mümkün olmayan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yenidən öz fəaliyyətini bərpa edib. Qeyd etmək lazımdır ki, bu mötəbər təsisat 2010-cu ildə məhz Azərbaycanın təşəbbüsü ilə yaradılıb və bu gün artıq qlobal məsələlərin müzakirəsi üçün bütün dünyadan iqtisadi, siyasi, ictimai, dini və bir çox digər sahələri təmsil edən liderləri bir araya gətirən çox mühüm və nüfuzlu beynəlxalq platformadır. May ayının 1-də Bakı Konqres Mərkəzində öz işinə başlamış VI Forumda dünyanın 110 ölkəsinin təmsil olunması da tədbirin beynəlxalq əhəmiyyətini bir daha təsdiq edir.

Tədbirin açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin nitqində bir daha qeyd olundu ki, bu Forumun əsasında duran “Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir və Azərbaycanın bu təşəbbüsü ziyalıları, siyasətçiləri, bu və ya digər sahədə qərar qəbul etmək səlahiyyətinə sahib olan insanları, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini bir araya gətirir. Bu gün, dünyada yeni münaqişə ocaqlarının, qeyri-sabitlik məkanlarının getdikcə çoxaldığı, yeni təhdidlərin artdığı bir dövrdə əlbəttə ki, ölkələrarası, xüsusən də sivilizasiyalararası dialoq və müzakirələrin aparılması zərurəti özünü daha qabarıq şəkildə büruzə verir. Dövlət başçımızın dediyi kimi, bu məsələlərin həllində Azərbaycanın öz təcrübəsi vardır. İkinci bir tərəfdən isə, Azərbaycan əsrlər boyunca müxtəlif mədəniyyətlərin qovuşduğu, müxtəlif dinlərin yanaşı mövcud olduğu məkan olub. Ölkəmizin coğrafi mövqeyi, Şərq ilə Qərb arasında yerləşməsi bu müsbət tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm ümumbəşəri dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub və inkişaf etdirib. Bu gün də müasir müstəqil Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar.

Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman güclü şəkildə təşviq edilib və bu gün də bu proses davam edir. Bu məqsədlə ölkəmizdə çoxsaylı tədbirlər, o cümlədən dinlərarası dialoqla bağlı tədbirlər keçirilir. Çünki dünyada gedən proseslərdə, həmin proseslərin dağıdıcılığa deyil, məhz quruculuq və inkişafa istiqamətləndirilməsində dini nümayəndələrin rolu çox önəmlidir. Dünya xalqlarının öz dini rəhbərlərindən sülh, tolerantlıq, qarşılıqlı hörmət kimi müsbət mesajları eşitmələri çox vacibdir.

Bu gün ölkəmizin prinsipial olaraq qətiyyətlə mübarizə apardığı neqativ tendensiyalardan biri də neokolonializmdir. Azərbaycan xüsusilə Qoşulmama Hərəkatına sədrlik etdiyi dörd il ərzində yeni müstəmləkə tendensiyalarına qarşı mübarizə aparılması zərurətini ən fəal şəkildə təşviq etmişdir. Öz çıxışında Prezident İlham Əliyev bu mühüm məsələ ilə bağlı bir daha dövlətimizin birmənalı mövqeyini ortaya qoyaraq bildirdi ki, XXI əsrdə bəzi Avropa ölkələrinin digər xalqlara müstəmləkə kimi yanaşması yolverilməzdir və buna qətiyyən imkan vermək olmaz. Dünya məcburi assimilyasiyaya aparan iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır. O cümlədən, ondan çox fransız dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiya əsla qəbuledilməzdir və buna son qoyulmalıdır.

Əlbəttə ki, dövlət başçımızın çıxışında əks olunmuş ən vacib məqamlardan biri də Cənubi Qafqazda sülh prosesinin gedişi ilə bağlı idi. Artıq bütün dünya bilir ki, Azərbaycan 30 il erməni işğalı altında qalan torpaqlarını 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsində qələbə qazanmaqla azad etdi. Qeyd olunmalıdır ki, həmin torpaqlar ölkəmizin ümumi ərazisinin 20 faizini təşkil edirdi. Beləliklə, Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Əslində bu müharibə olmaya da bilərdi. Lakin BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin 28 il sadəcə kağız üzərində qalması, onların icrası üçün Ermənistana heç bir təzyiqin göstərilməməsi, məlum beynəlxalq təşkilatların münaqişəni donduraraq torpaqlarımızın işğalını əbədi etmək cəhdləri və ən əsası, Ermənistanın yeni ərazilərin işğalına yönəlmiş planları müharibəni qaçınılmaz etdi. Bütün bunlar Azərbaycanı hərbi əməliyyatlara başlamağa vadar etdi. 2020-ci ildə ərazilərimizin böyük hissəsi işğaldan azad olundu. Ötən ilin sentyabr ayında isə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bundan sonra Azərbaycan Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü. Hazırda iki ölkə arasında danışıqlar gedir və bu danışıqlar Azərbaycanın təkliflər layihəsi üzərində aparılır. Artıq Ermənistan da aydın şəkildə anlayır ki, Azərbaycan Cənubi Qafqazda sülh istəyir və sülh bu regiond yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə əldə oluna bilər.

DİGƏR Xəbərlər Arxiv