YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurlu siyasət nəticəsində ölkəmiz mühüm nailiyyətlər əldə edib

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Son illər ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etmişdir.  Prezident İlham Əliyev Dövlət proqramlarından irəli gələn vəzifələrin uğurlu icrası ilə yaxından tanış olmaq məqsədilə müntəzəm olaraq regionlara səfər edir, tapşırıq və göstərişlərini verir. Bu səfərlərdən biri də aprelin 16-da Hacıqabul rayonuna səfəri oldu. Prezident İlham Əliyev Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib.

Prezident İlham Əliyevin prezidentlik fəaliyyəti müddətində ölkəmizdə həyata keçirilən infrastruktur layihələri arasında ölkənin etibarlı su təchizatına nail olunması ilə bağlı olan layihələr xüsusi yer tutur. Ölkə rəhbərliyi mütəmadi olaraq dövlət büdcəsindən ayrı-ayrı şəhərlərin su təchizatının yaxşılaşdırılması üçün vəsaitlər ayıraraq suvarma və içməli su ilə bağlı problemlərin zamanında aradan qaldırılması, eləcə də infrastrukturun yenilənməsi tədbirlərinin həyata keçirilməsinə nail olur. Prezidentin Fərman və sərəncamlarına uyğun olaraq çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunub və olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. 

Dövlət başçısı İlham Əliyev Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlinin qoyulması zamanı vurğulayıb ki, mən bir neçə gün bundan əvvəl Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalamışam, bu gün isə kanalın təməli qoyulur. Bu, çox əlamətdar hadisədir. Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layihənin xüsusi əhəmiyyəti vardır. Çünki Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. Təbii olaraq bu da itkilərə səbəb olub, su itkiləri kifayət qədər çoxdur. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə düşmüşdür.

1958-ci ildə istifadəyə verilən və ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı başlanğıcını Mingəçevir su anbarından götürür. Yuxarı Şirvan kanalı Şirvan düzündə yerləşən Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının 112 min hektardan çox əkin sahəsini suvarma və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. Yuxarı Şirvan suvarma kanalının infrastrukturunun bərpası, habelə mövcud təsərrüfatların su təminatı məsələlərinin vaxtında və səmərəli şəkildə həllinin dəstəklənməsi, su ehtiyatlarından daha səmərəli istifadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin artırılması məqsədilə Prezident İlham Əliyev Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Yuxarı Şirvan suvarma kanalının adı dəyişdirilərək Şirvan suvarma kanalı adlandırılıb.