YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlıq haqqında Bəyannamə bütün sahələrdə fəaliyyəti istiqamətləndirəcək

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ölkəmizdə rəsmi səfərdə oldu. Hər bir səfər müzakirə edilən  məsələlər, həmiçinin imzalanan sənədlər baxımından xüsusi diqqət çəkir. Nəzərə alaq ki, bu, Konqo Prezidentinin ölkəmizə ilk səfəri idi. Deni Sassu-Nqesso dövlət başçısı İlham Əliyev ilə geniş tərkibdə görüşdə  səfərlə bağlı fikirlərini belə ifadə etdi ki,   uzun müddətdir  Bakı haqqında eşitmişik və Sizin dəvətiniz sayəsində  Azərbaycanı, Bakını ziyarət etdik.

Dövlət başçısı İlham Əliyev və Konqo Prezidenti Deni Sassu-Nqesso keçirdikləri təkbətək və geniş tərkibdə görüşlərdə iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsini təmin etmək üçün atılacaq addımları geniş müzakirə etdilər. “Gündəliyimiz kifayət qədər genişdir” söyləyən cənab İlham Əliyev onu da bildirdi ki, biz siyasi, iqtisadi, investisiya, energetika və digər sahələrdə mümkün olan əməkdaşlıq haqqında danışmışıq. Müzakirə olunan bütün məsələlərlə bağlı  fikrimiz üst-üstə düşür. Təbii ki, səfər gələcək əməkdaşlığımıza da çox müsbət təsir göstərəcək. Siyasi əlaqələrimiz daha da möhkəmlənəcək: “Ümid edirəm ki, səfərdən sonra əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsində müsbət dinamika yaranacaq. Energetika və kənd təsərrüfatı sektorlarındakı əməkdaşlıq haqqında biz Sizinlə bu gün geniş fikir mübadiləsi aparmışıq və yenə də fikir ayrılığı yoxdur. COP29-la bağlı birgə işləməyə hazırıq və bizə verdiyiniz dəstəyə görə sizə təşəkkürümü bildirirəm.”

Səfər çərçivəsində, eyni zamanda, təhsil, mədəniyyət və digər sahələrdəki əməkdaşlıq imkanları da müzakirə edildi. Cənab İlham Əliyev vurğuladı ki, vaxtilə sovet dövründə Konqodan olan tələbələr Azərbaycanda ali məktəblərdə təhsil almışlar, biz bu ənənəni bərpa etmək istəyirik və müvafiq göstərişlər verildi. Ölkə Prezidenti belə bir əminliyi də ifadə etdi ki, bu gün imzalanan sənədlər və əldə edilmiş razılaşmalar əməkdaşlığımızı böyük dərəcədə gücləndirəcək.

Cənab İlham Əliyev Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələrinin yaranacağına əminliyini ifadə edərək diqqəti Bakının təşəb­büslərinə bu ölkənin hər zaman dəstək verməsinə yönəltdi. Bildirdi ki, biz bundan sonra da beynəlxalq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək əsasında fəaliyyətimizi davam etdirəcəyik. Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir. Azərbaycanın təşəbbüslərinə Konqo hər zaman öz dəstəyini vermişdir və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir. Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz ölkəmizin sədrliyi dönəmində yaradılmışdır. Bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolun artırılması qurumun hər bir üzvünün marağındadır. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təsisatdır, 121 üzvü var. Azərbaycan və Konqo Prezidentləri bu təsisatın gələcək inkişafı ilə bağlı geniş fikir mübadiləsi apardılar.

Deni Sassu-Nqesso bildirdi ki, Prezident İlham Əliyev bizə Konqo ilə Azərbaycan arasında bütün sahələrdə bu gözəl əməkdaşlıq səhifəsini yaratmaq imkanını verdi. Bu fikri də xüsusi vurğuladı ki, Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrliyi zamanı Prezident İlham Əliyevin liderliyini alqışladıq. 

Səfər çərçivəsində diqqət göstərilən digər vacib məsələlərdən biri Azərbaycanın bu ilin noyabr ayında ev sahibliyi edəcəyi COP29-dur. Hazırkı dövrün əsas çağırışının bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması, yeni əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi olduğunu nəzərə alsaq tarixi Zəfərimizin reallıqlarının yol açdığı yeniliklər sırasında bu əlaqələrin qurulduğunu və yüksələn xətlə inkişaf etdiyini qeyd edə bilərik. Azərbaycan neft ölkəsi kimi hazırda ekoloji mühitin sağlamlaşdırılmasında maraqlıdır. Meşə sahələrinin artırılması, təsərrüfat sahələrinin planlı şəkildə genişləndirilməsi, müasir aqrotexniki vasitələrdən istifadə, alternativ enerjiyə üstünlük verilməsi və sair kimi məsələlər iqlim dəyişikliyi probleminin həllində qarşıya qoyulan əsas məqsədlərdəndir. Azərbaycan bu istiqamətdə mühüm addımlar atır. Bu irəliləyiş dünya ölkələrinin diqqətindən yayınmır. COP29-da dünya ölkələri Azərbaycanın malik olduğu resursları və imkanları əyani formada görəcəklər.

Konqo Prezidenti Azərbaycanın bərpaolunan enerji sahəsində təcrübəsini təqdir edərək tətbiqində maraqlı olduqlarını bildirdi. Həmçinin vurğuladı ki, Azərbaycanın yaxın zamanlarda digər ağır mübarizə sahəsində - iqlim dəyişiklikləri sahəsində oynayacağı rolu alqışlayırıq, çünki Azərbaycan COP29-a ev sahibliyi edəcək.

Qeyd olunanlar fonunda Azərbaycanın ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsində rolu daha aydın görünür. Ölkəmizin etimadı, inamı doğrultması yeni dostlar, tərəfdaşlar qazanması ilə yanaşı, mövcud əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsində də özünün aydın ifadəsini tapır. Azərbaycan-Konqo əlaqələrinin inkişafında təməl rolunu oynayan əməkdaşlıq haqqında Bəyannamə imzalandı. Tərəflər bu əminliyi ifadə etdilər ki, imzalanan sənəd mühüm mərhələdir. Bu, gələcək aylarda və illərdə ölkələrimiz arasında bütün sahələrdə fəaliyyəti istiqamətləndirəcək.