YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əldə edilmiş bütün razılaşmalara birgə səylərlə çatacağıq

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ölkəmizə rəsmi səfər etdi. Bu səfər bir daha Azərbaycanın xarici siyasətində Afrika ölkələri ilə faydalı əməkdaşlığın əsas yer tutduğunu təsdiqlədi Səfərin ilk anından məmnunluğunu ifadə edən Konqo Prezidenti bildirdi ki, biz Azərbaycan ilə Konqo arasında əlaqələrdə tarixi anlar yaşayırıq: “Mən Prezidentə səmimi-qəlbdən təşəkkür etmək istərdim ki, bizi dəvət edərək bu rəsmi səfəri reallaşdırmaq üçün bu şəraiti yaradıb. Bu səfər bizə bu ölkənin gözəlliyini, onun iqtisadi inkişafını, Bakı şəhərinin gözəlliyini görmək imkanı verdi. Cənab Prezident, mən bu dəvətə görə Sizə təşəkkür etmək istərdim.”

Dövlət başçısı İlham Əliyev səfərin tarixi səfər olduğunu, ölkələrimiz arasında əlaqələrdə yeni səhifə açıldığını bildirdi. Əlaqələrimizin iqtisadi, siyasi, humanitar sahədə daha da inkişaf etdirilməsi üçün mövcud imkanlar diqqətə çatdırıldı. Cənab İlham Əliyev bu məqamı da qeyd etdi ki, rəsmi səfərinizdən öncə Konqodan və Azərbaycandan nümayəndə heyətlərinin qarşılıqlı surətdə səfərləri təşkil edilmişdir. Bu, səfərə hazırlıq məqsədi daşıyan addımlar idi. Belə bir əminlik ifadə edildi ki, imzalanan sənədlər və əldə edilmiş razılaşmalar əməkdaşlığımızı böyük dərəcədə gücləndirəcək.

Əlaqələrin inkişafında sənədlər hüquqi baza rolunu oynayır. Onların müxtəlif sahələri əhatə etməsi əlaqələrdə yeni istiqamətlərin müəyyənləşdirilməsi və uğurlu inkişafı üçün hüquqi bazanın mövcudluğu deməkdir. “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu” imzalandı. Bu sənədlər əhatə etdikləri sahələrdə hər iki ölkənin imkanlarının təqdimatında əhəmiyyətli rol  oynayır. Reallıq budur ki, Azərbaycanın dayanıqlı iqtisadi inkişafı bu sahədə əlaqələrin qurulması üçün möhkəm bazadır. Azərbaycan tarixən yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın diqqətində olub. Bu günün əsas çağırışı isə bərpaolunan enerji sahəsində əlaqələrin qurulması və inkişaf etdirilməsidir. Belə bir əminlik də ifadə olunur ki, Azərbaycanın bu ilin noyabr ayında ev sahibliyi edəcəyi COP29 yeni əməkdaşlıq əlaqələrinin qurulmasına öz müsbət təsirini göstərəcək. Konqo Prezidenti “Biz xüsusilə Qoşulmama Hərəkatındakı sədrliyi zamanı Prezidentin liderliyini alqışladıq” söyləyərək onu da xüsusi vurğuladı ki, həmçinin  Azərbaycanın bu yaxınlarda digər ağır mübarizə sahəsində - iqlim dəyişiklikləri sahəsində oynayacağı rolu alqışlayırıq, çünki Azərbaycan COP29-a ev sahibliyi edəcək: “Biz artıq ölkələrimiz arasında qurulmuş əlaqələri alqışlayırıq və Azərbaycanı COP29-a hazırlıq çərçivəsində də alqışlayırıq. Biz Azərbaycan rəsmilərini dəvət etdik ki, iqlim dəyişikliklərinə qarşı mübarizədə ölkəmizin yanında olsun. Biz Prezidentə Konqoda, Brazzavildə təşkil etdiyimiz dünyanın ən böyük üç tropik meşə hövzəsi - Amazoniya, Cənub-Şərqi Asiyada Borneo Mekonq və Konqo hövzəsi sammitində güddüyümüz məqsədlər barəsində məlumat verdik. Bu sammit ötən ilin oktyabrında keçirilib və biz Prezidentə yalnız bu sammitin uğuru barəsində məlumat verə bilərik. Ondan sammitin nəticələrini nəzərə almasını ancaq xahiş edə bilərik, çünki bu il Azərbaycan COP29-a ev sahibliyi edəcək.”

Qeyd etdiyimiz kimi, qarşılıqlı səfərlər ölkələrin malik olduqları imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Bu, Konqo Prezidentinin ilk səfəridir. Deni Sassu-Nqesso Prezident İlham Əliyevə təşəkkürünü bildirdi: “Siz bizə şərait yaratdınız, biz Sizin gözəl ölkənizi, gözəl şəhərinizi, paytaxtınızı ziyarət edə bildik. Biz uzun müddətdir ki, Bakı haqqında eşitmişik və Sizin dəvətiniz sayəsində biz Azərbaycanı və Bakını ziyarət etdik.”

Azərbaycanın hər bir sahədə zəngin potensiala, təcrübəyə malik olması ikitərəfli, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrini genişləndirmək imkanı qazandırır. Bu baxımdan hər iki ölkə- Azərbaycan və Konqo bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında fəaliyyətlərini davam etdirəcək.