YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycana inamın və etimadın təqdimatı

“Azərbaycan sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi dünyanın diqqətindədir. Ölkəmiz daim dünyaya sülh, təhlükəsizlik, birlik çağırışlarını edir. Azərbaycanın tarixi Zəfərindən sonra Ermənistana sülh təklifi də bütün məqamlara aydınlıq gətirir. Üç ildən artıq vaxt keçməsinə baxmayaraq Ermənistan sülh müqaviləsinin imzalanması istiqamətində konkret mövqe ortaya qoymur. Ermənistanın baş naziri Nikol Paşinyan keçirilən görüşlərdə Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh təklifini dəstəklədiyi halda sonrakı mərhələlərdə buna zidd addımları ilə diqqətdə olur. Bugünümüzün reallıqları bu ssenarilərin müəlliflərinin kimliyinə bir daha işıq salır. Belə ki, aprelin 2-də Parisdə Antoni Blinken ilə keçirilmiş mətbuat konfransında Fransa xarici işlər naziri Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda və Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittiham etdi. Bu ittihamın nə qədər əsassız, qərəzli olduğu Fransa xarici işlər nazirinin özünə çox yaxşı məlumdur. 30 il torpaqları işğal altında, bir milyondan çox soydaşı qaçqın, köçkün vəziyyətində yaşayan Azərbaycan oldu. Ölkəmiz  tarixi ədaləti və ərazi bütövlüyünü beynəlxalq hüquqa söykənərək döyüş meydanında bərpa etdi. Ermənistana beynəlxalq hüququn beş əsas prinsipini özündə ehtiva edən sülh təklifini Azərbaycan edib. Ermənistana dəstəkləri ilə daim gündəmdə olan bəzi dünya gücləri maraqları ucbatından ədaləti və beynəlxalq hüququ arxa plana keçirdiklərini unutmamalıdırlar. Dünya güclərinin ikili standartlara əsaslanan siyasətlərinin davamı olaraq bu gün  Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan arasında  üçtərəfli görüş keçiriləcək. Azərbaycanın haqlı iradına baxmayaraq görüş təxirə salınmadı. Lakin aprelin 3-də görüşün təşkilatçılarından olan ABŞ Dövlət katibi Antoni Blinkenin, aprelin 4-də isə digər təşkilatçı Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Prezident İlham Əliyevə telefon zənglərində 5 aprel görüşünə dair mövqelərini izah etməyə çalışmaları siyasətində ədalətə və beynəlxalq hüquqa söykənən Azərbaycanın söz sahibliyinin, dövlətimizin başçısının nüfuzunun göstəricidir.”

Bu fikirləri Milli Məclisin deputatı Nurlan Həsənov bildirib.

Nurlan Həsənovun sözlərinə görə, Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri davamlı uğurlara imza atmasında əhəmiyyətli rol oynayır: “Bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurub yeni istiqamətlər üzrə inkişaf etdirən Azərbaycan heç bir ölkənin daxili işinə qarışmır, eyni zamanda, öz daxili işinə müdaxiləni yolverilməz hesab edir. Tarixi Zəfərimizdə Azərbaycanın dioplomatik uğurları əsas faktorlardan biridir. İkitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Bugünümüzün müzakirə mövzularından biri Konqo Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə rəsmi səfəri, keçirilən təkbətək və geniş tərkibdə görüşlərdə gündəmə gətirilən məsələlər, imzalanan sənədlər və bunların fonunda mətbuata birgə bəyanatlarında səsləndirilən çağırışlar və açıqlanan hədəflərdir. Konqo Prezidentinin bu səfərini diqqətdə saxlayan əsas məqamlardan biri ilk dəfə reallaşmasıdır. Deni Sassu-Nqessonun da qeyd etdiyi kimi, bu səfər ölkənin gözəlliyini, onun iqtisadi inkişafını, Bakı şəhərinin gözəlliyini görmək imkanı yaratdı.  Deni Sassu-Nqesso onu da xüsusi vurğuladı ki, Prezident İlham Əliyev bizə Konqo ilə Azərbaycan arasında bütün sahələrdə bu gözəl əməkdaşlıq səhifəsini yaratmaq imkanını verdi. Göründüyü kimi, Konqo Prezidenti səfərin ilk anından böyük məmnunluq hissi keçirərək əlaqələrimizin gələcək inkişafına böyük əminliyini ifadə etdi. Cənab İlham Əliyevi ölkəsinə dostluq səfərinə dəvət edərək bundan şərəf duyacaqlarını bildirdi. Həmçinin  belə bir inamı da ifadə etdi ki, dövlət başçısı İlham Əliyevin Konqoya  səfəri başqa bir tarixi hadisə, məhsuldar əməkdaşlığımızda növbəti addım olacaq.”

Millət vəkili onu da əlavə edib ki, iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün böyük imkanlar mövcuddur: “İqtisadi amil xüsusi olaraq önə çəkilir. Azərbaycanın hazırkı dövrdə bərpaolunan enerji sahəsində malik olduğu təcrübə təqdir edilir. Konqo Prezidenti Azərbaycanın bu təcrübəsindən istifadə etmək istəklərini qeyd etdi. Ölkəmizin bu il ev sahibliyi edəcəyi COP29 əsas müzakirə edilən məsələlər sırasında oldu. Bir daha qeyd edildi ki, bu tədbir Azərbaycanın beynəlxalq nüfuzunun, eyni zamanda, bərpaolunan enerji sahəsində təcrübəsinin təqdimatıdır. Konqo Prezidenti ölkələrimiz arasında əlaqələri alqışladığını bildirərək, Azərbaycan rəsmilərini iqlim dəyişikliklərinə qarşı mübarizədə Konqonun yanında olmağa dəvət etdi. Azərbaycan-Konqo münasibətlərinin gələcək inkişafında əsas amil olan etimad mühitinin mövcudluğunu, səmimiyyəti, inamı  təsdiqləyən bu kimi məqamları xeyli sayda sadalaya bilərik. Təbii ki, Azərbaycan ikitərəfli əməkdaşlığa önəm verməklə yanaşı, etimadı möhkəmləndirməyi də siyasətinin əsas prinsipi kimi qəbul edir. Səfərin əhəmiyyətini artıran mühüm məqamlardan biri də sənədlərin imzalanmasıdır. Hər iki ölkənin Prezidentlərinin iştirakı ilə əməkdaşlıq haqqında Bəyannamə imzalandı. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu, çox önəmli və sanballı bir sənəddir. Əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək.  Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaq.”  

Nurlan Həsənov qeyd edib ki, hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcıdır: “İmzalanan sənədlərin, gündəmə gətirilən məsələlərin, çağırışların reallıqda öz əksini tapması növbəti hədəflərə stimul olur. Dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə etdi ki, əldə edilmiş bütün razılaşmalara birgə səylərlə çatacağıq.”