YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq hüququn normaları hər bir ölkə üçün əsas olmalıdır

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Hər bir beynəlxalq əhəmiyyətli tədbir mahiyyəti ilə diqqətdədir.  Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda dövlətimizin başçısının  proqram xarakterli çıxışında Bakı Forumunun beynəlxalq nüfuzunu artıran amillərə, gələcək fəaliyyətinə, iştirakçı dövlətlərin say tərkibinin artması fonunda  aktual məsələlərin həllinə  töhfələrin  verilməsinə diqqət yönəldildi. Cənab İlham Əliyev bu mühüm tədbirin təmsilçilik səviyyəsinin  və intellektual potensialının aparıcı beynəlxalq konfranslara uyğun  olduğunu vurğuladı: “Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından biz həqiqətən də görürük ki, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir.” Dövlət başçısı onu da qeyd etdi ki, dünya sürətlə dəyişir. Əfsuslar olsun ki, yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır. Ötən ilin martında müzakirə etdiklərimizlə bu gün müzakirə etdiklərimizi müqayisə etsək nəzərəçarpan dəyişikliklər görərik. Burada geosiyasi dəyişikliklər baş verir. Ona görə də qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün bu gün dünyanın həqiqətən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı var.

Dünya gündəliyinin ölkəmizdə müzakirə edilməsi Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu bir daha təsdiqlədi. Dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyi ikitərəfli, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin genişlənməsində öz sözünü deyir. Cənab İlham Əliyev Forumdakı çıxışında əsas diqqəti Aərbaycanın 30 illik işğal dövründə münaqişənin sülh yolu ilə həllinə nail olmaq istiqamətində göstərdiyi səylərə yönəltdi. Ermənistan isə qeyi-konstruktiv mövqeyi ilə məsələnin həlinə mane oldu, havadarlarının dəstəyinə arxalanaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı, beynəlxalq hüquqa görmətsizlik etdi. Tarixi Zəfərimizə gedən yolu təhlil etdikdə dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemləri daha aydın görürük. Cənab İlham Əliyev bu məqamı xüsusi vurğuladı ki, keçmiş Minsk qrupunun 28 illik fəaliyyəti ərzində nəticə sıfra bərabər idi. İndi biz keçmişə nəzər salıb 28 ilin necə keçdiyini təhlil edəndə tam əmin oluruq ki, Minsk qrupunun əsas məqsədi münaqişəni həll etmək deyil, onu dondurmaq, Ermənistan işğalını əbədi etmək və işğalla barışmalı olduğumuzun qaçılmazlığı barədə bizimlə danışıqlar aparmaq olub.

Cənab İlham Əliyev tarixi Zəfərimizdən, həmçinin ötən il ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasından geniş bəhs etdi. Əsas diqqət ölkəmizin Ermənistana sülh təklifinə yönəldildi. Bölğədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün bu olduqca vacibdir.

Dövlət başçısı İlham Əliyevin bu günlərdə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Baş naziri və NATO-nun Baş katibi ilə görüşlərində, mətbuata bəyanatlarında da sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycanın atdığı addımlar, göstərdiyi səylər diqqətdə oldu. NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatında qeyd etdi ki, uzun illərin münaqişəsindən sonra Ermənistan ilə Azərbaycan arasında hazırda davamlı sülhə nail olmaq imkanı var. Sülh sazişinə heç vaxt olmadığı qədər yaxın olmağınızla bağlı sözlərinizi yüksək qiymətləndirirəm.  Ermənistanla dayanıqlı sülh sazişinə nail olmaq üçün həmin fürsətdən istifadə etməyinizdə Sizi dəstəkləyirəm: “Bundan əlavə, həmçinin qeyd etmək vacibdir ki, əgər daha geniş regiona nəzər salsanız, Ukrayna da Qara dəniz ölkəsidir. Bu ölkə NATO-nun tərəfdaşıdır və Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəni davam etdirir. NATO müttəfiqləri hazırda gedən müharibənin fəsadlarından çox narahatdır və NATO müttəfiqləri Ukraynaya dəstək göstərirlər. Mən Azərbaycanın Ukraynaya göstərdiyi çox zəruri dəstəyi alqışlayıram. Söhbət çox zəruri olan humanitar yardımdan gedir, lakin daha çox dəstəyə ehtiyac var, çünki Ukraynadakı vəziyyət olduqca ağırdır.”

 Yens Stoltenberq onu da xüsusi qeyd etdi ki, tərəfdaşlığımız təkcə siyasi dialoqa yox, o cümlədən əyani əməkdaşlığa söykənir və bunu alqışlayırıq. Regionda sülh bölgə xalqları, ölkələri üçün çox vacibdir, o, həmçinin Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün əhəmiyyətlidir. Buna görə də sülh və sabitlik nəinki burada, həmçinin daha geniş miqyasda təhlükəsizlik üçün vacibdir.

Cənab İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşündə, mətbuata birgə bəyanatlarında isə vurğuladı ki, Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır, bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər bu möhkəm zəmin üzərində qurulmuşdur. Bu gün ölkələrimizin ərazi bütövlüyü, suverenliyi ilə bağlı bir daha qarşılıqlı dəstək ifadə etdik və bu gün mətbuat qarşısında mən bunu bir daha demək istəyirəm. Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək. Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüququn normaları hər bir ölkə üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkilik ola bilməz: “Azərbaycan uzun illər ərzində işğaldan əziyyət çəkmiş, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş ölkə kimi çox yaxşı bilir ki, beynəlxalq hüququn normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Bu yol da tamamilə qanunidir. BMT Nizamnaməsi hər bir ölkəyə özünü müdafiəetmə hüququ tanıyıb və Azərbaycan məhz bu hüquqdan istifadə edərək ərazi bütövlüyünü bərpa etmişdir.”

Azərbaycan hazırda sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi kimi diqqətdədir. Ölkəmizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti davamlı uğurlarımızın təmin edilməsində əsasdır.

DİGƏR Xəbərlər Arxiv