YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünyaya həqiqətlərimizi çatdırırıq

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Hər dövrün öz çağırışları vardı. Azərbaycanın bu çağırışların reallıqda öz əksini tapması üçün irəli sürdüyü təşəbbüsləri həyata keçirmək üçün göstərdiyi səylər beynəlxalq səviyyədə təqdir edilir. “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu qlobal dünyanı narahat edən məsələrə aydınlıq gətirdi. 70-dən artıq  ölkədən 350-dən çox qonağın iştirak etdiyi Forumda təhlükəsiz gələcəyin təmin edilməsi üçün zəruri olan addımlardan geniş bəhs edildi və səylərin birləşdirilməsinə çağırışlar olundu.   BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatının dünya siyasətində rolunu nəzərə alsaq Azərbaycanın təşəbbüslərinin, ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyinin beynəlxalq nüfuzunun artmasında stimulverici amil olduğunu böyük inamla qeyd edə bilərik. Azərbaycanın həm Qoşulmama Hərəkatının, həm də Qlobal Bakı forumlarının beynəlxalq nüfuzunun artmasında rolu təqdir edilir. Dövlət başçısı İlham Əliyev XI Qlobal Bakı Forumundakı çıxışında bir daha diqqəti COP29-un timsalında Azərbaycanın beynəlxalq münasibətlər sistemində roluna yönəltdi: “COP29 bizə onu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər. Bu, həm də Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti nümayiş etdirir. Praktiki nöqteyi-nəzərdən isə bu, bizim üçün həmrəyliyə töhfə vermək fürsəti olacaq. Çünki bizim dördillik sədrliyimiz nəticəsində 120 üzvlə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatında xüsusi ab-hava yarandı. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan strateji tərəfdaşlığa dair bəyannamə imzalayıb. Biz 50-dən çox ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının üzvüyük. Yəni, biz müxtəlif ölkələri bir araya gətirmək imkanına malikik və bu gün iqlim məsələlərinin həll edilməsi üçün məhz buna ehtiyac var.”

Forum ölkəmizin digər məsələlərin həllində də real addımlarına işıq saldı. Cənab İlham Əliyev bu platformadan dünyaya həqiqətlərimizi çatdıraraq bir daha bildirdi ki, uzun illər ərzində münaqişənin sülh yolu ilə həllini tapmaq üçün fəaliyyət göstərdik. O cümlədən İkinci Qarabağ müharibəsindən əvvəl hər il burada keçirilən görüşlərimizdə biz hər zaman ədalətsizlik, işğal, beynəlxalq hüququn pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmaması barədə danışırdıq və bu barədə danışmağa davam edirdik, çünki bu məsələnin beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmasını istəyirdik. Biz ədalətin zəfər çalmasını istəyirdik, əfsuslar olsun ki, bu, sülh yolu ilə baş vermədi. Keçmiş Minsk qrupunun 28 illik fəaliyyəti ərzində nəticə sıfra bərabər idi. İndi  keçmişə nəzər salıb 28 ilin necə keçdiyini təhlil edəndə tam əmin oluruq ki, Minsk qrupunun əsas məqsədi münaqişəni həll etmək deyil, onu dondurmaq, Ermənistan işğalını əbədi etmək və işğalla barışmalı olduğumuzun qaçılmazlığı barədə bizimlə danışıqlar aparmaq olub. Münaqişənin niyə sülh yolu ilə həll olunmamasının əsas səbəbi bu və həmçinin sözsüz ki, Ermənistan hökumətlərinin-1990-cı illərin əvvəllərindən başlayaraq bu günə kimi müxtəlif hökumətlərin qeyri-konstruktiv mövqeyi idi: “Dünyanın aparıcı paytaxtlarından bizə mütəmadi olaraq göndərilən başqa bir mesaj da var idi ki, münaqişənin hərbi yolla həlli yoxdur. Dedik yaxşı, biz bununla razılaşa bilərik, bəs alternativ nədən ibarətdir. Əgər alternativ işğalla razılaşmaq, bizim beynəlxalq səviyyədə tanınan ərazilərimizin təqribən 20 faizində separatçı rejimin mövcudluğu ilə razılaşmaqdırsa, bu, bizim razılaşa biləcəyimiz məsələ deyil.”

Bu gün böyük qürur hissi ilə tarixi Zəfərimizdən, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından bəhs edirik. Tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif etdi. Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında postmünaqişə dövrünün reallıqları fonunda  bu mühüm məqamı da xüsusi vurğuladı ki, biz sülhə çox yaxınıq. Biz belə hesab edirik. Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır. Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub və indi  düşünürük ki, sülhə nail olmaq mümkündür. Biz bunu istəyirik. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib.

Cənab İlham Əliyev bu günlərdə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze və NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşlərində də Azərbaycan həqiqətlərindən, tarixi Zəfərimizə gedən yoldan və hazırkı dövrün reallıqlarından, Azərbaycanın dövrün çağırışlarını düzgün cavablandırmaq üçün göstərdiyi səylərdən geniş bəhs etdi.

Tam əminliklə demək olar ki,  iki dost Azərbaycan və Gürcüstanın   böyük məna daşıyan, birlikdə  icra etdikləri layihələr təkcə Cənubi Qafqaz regionu üçün deyil, böyük mənada Avrasiya üçün gərəklidir. Bizdə həm güclü siyasi iradə var, artıq yaradılmış güclü infrastruktur var. Dövlət başçısı İlham Əliyev  mətbuata bəyanatında da bu reallığı xüsusi qeyd etdi. Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Birgə həyata keçirdiyimiz infrastruktur layihələri - nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq. Xüsusilə nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması hesab edirəm ki, böyük nailiyyətlərdən biridir. Bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq.

Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır,  dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər bu möhkəm zəmin üzərində qurulub.

Azərbaycan-NATO münasibətləri də yüksək səviyyədədir.  Bu münasibətlər  1992-ci ilin martında Azərbaycanın bu təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilməsi ilə formalaşmağa başlayıb. Şimali Atlantika İttifaqı ilə Azərbaycanın yüksək səviyyədə əməkdaşlığının əsası 1994-cü ildə qoyulub. Ulu Öndər  Heydər Əliyev  1994-cü ildə Brüsselə səfəri zamanı NATO-nun keçmiş sovet respublikaları ilə əməkdaşlığını nəzərdə tutan “Sülh naminə tərəfdaşlıq”  sazişini imzalayıb. Həmin dövrdən başlayaraq NATO-Azərbaycan əlaqələrinin inkişaf  etdirilməsi üçün şərait yaranıb. Azərbaycan Respublikası 1997-ci ilin iyulunda NATO-nun Avro-atlantika Əməkdaşlıq Şurası adlı qurumuna da qoşulub. 1997-ci ildə həmçinin, Azərbaycan NATO-nun Brüsseldəki mənzil-qərargahında öz diplomatik nümayəndəliyini açıb. Azərbaycan  Avropa və Avro-atlantik məkanda qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırımlısında NATO ilə birgə işləyir və təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd coğrafi və siyasi ayrı-seçkilik olmadan Avropa və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulması yükünü bölüşmək əzmindədir. Azərbaycan  Avro-atlantik Tərəfdaşlıq Şurası və NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində NATO ilə mümkün olan tərəfdaşlıq vasitələrindən tam gücü ilə istifadə edir. Ölkəmizin  NATO ilə ən vacib əməkdaşlıq sahəsi “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsindədir. Hər il sözügedən proqram çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin zabitləri 500-ə qədər təlim və seminarda iştirak edirlər. Münasibətlərimizə qısa baxış Azərbaycan-NATO əlaqələrinin uğurlu gələcəyi barədə aydın təsəvvür yaradır. Dövlət başçısı İlham Əliyevin və NATO-nun Baş katibinin mətbuata birgə bəyanatlarında Yens Stoltenberq bildirdi ki, uzun illərin münaqişəsindən sonra Ermənistan ilə Azərbaycan arasında hazırda davamlı sülhə nail olmaq imkanı var. Sülh sazişinə heç vaxt olmadığı qədər yaxın olmağınızla bağlı sözlərinizi yüksək qiymətləndirirəm.

DİGƏR Xəbərlər Arxiv