YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlığımız səmərəli inkişaf edir

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-NATO əməkdaşlığı bu gün də səmərəli inkişaf edir. Martın 16-da NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri, Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata verdikləri bəyanatlar tərəfdaşlığımızın yüksək səviyyədə olduğunun göstəricisidir.

1994-cü ildən başlayan Azərbaycan-NATO əlaqələri ölkəmizin Avratlantik strukturlara inteqrasiyasının tərkib hissələrindən biridir. Bu əməkdaşlıq Azərbaycanın "Sülh naminə tərəfdaşlıq" Proqramına qoşulması ilə başladı. Bununla Azərbaycan NATO hərbi strukturları ilə əməkdaşlıq etmək, birgə təlimlər keçirmək, hərbi kadrlar hazırlanmasında blokun təcrübəsindən bəhrələnmək imkanları qazandı. Bu əməkdaşlıq həm də strateji məzmun kəsb etməklə regionda Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən mühüm enerji layihələrinin təhlükəsizliyinin beynəlxalq səviyyədə həyata keçirilməsinə təminat yaratdı.

Azərbaycanın xarici siyasəti dünyada gedən proseslərə təsir imkanları olan hər bir beynəlxalq təşkilatla əməkdaşlığı, qarşılıqlı münasibətlərin qurulmasını və inkişafını özündə ehtiva edir. Azərbaycan üzvü olduğu və ya tərəfdaşlıq etdiyi hər bir təşkilatın ümdə prinsiplərinə daim sadiq qalıb, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. NATO da öz növbəsində Azərbaycana bölgədə mühüm rol oynayan tərəfdaş ölkə kimi yanaşır. Azərbaycanın regiondakı rolunun və mövqeyinin güclənməsi NATO-nun ölkəmizə olan marağını daim artırır.

Prezident İlham Əliyev mətbuat konfransında xüsusi ilə diqqətə çatdırıb ki, uzun illər davam edən müzakirələrimiz zamanı biz həmişə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışırdıq. İndi, artıq üç ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almır. Çünki Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Beləliklə, ölkənin ərazisi üzərində tam suverenlik bərpa edilib və bu, uzunsürən münaqişələrin necə həll edilə biləcəyinin bariz nümunəsidir. Münaqişə hərbi-siyasi yolla həll edilib. Biz BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququmuzdan istifadə etdik.

Bəli, Azərbaycan hərbi potensialını NATO standartlarına uyğun təkmilləşdirdi, Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin, sabitliyin təmin olunmasına çalışdı, BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə sanksiyalaşdırılmış NATO-nun rəhbərlik etdiyi sülhü dəstəkləmə əməliyyatlarında iştirak etdi. Hərbi dəstəkdən başqa Azərbaycan NATO-nun fəaliyyətinə siyasi və logistik dəstək verir. NATO enerji təhlükəsizliyi ilə birbaşa məşğul olan təşkilat olmasa da, bu məsələ Azərbaycan-NATO məsləhətləşmələrinin bir hissəsidir. Eyni zamanda, Sülh və Təhlükəsizlik üçün Elm (STE) proqramı çərçivəsində Azərbaycan 30 əməkdaşlıq layihəsinin həyata keçirilməsi üçün qrant almışdır. Göstərilən layihələrin sırasına sərhədyanı rayonlarda suyun keyfiyyətinin yaxşılaşdırılması və içməli su təchizatının terror əməllərindən mühafizə olunması üzrə əməkdaşlıq daxildir. STE proqramı çərçivəsində həmçinin, ətraf mühitin mühafizəsinə həsr edilmiş layihələr əhatə edilir. 2006-2008-ci illərdə NATO-nun maliyyəsi və ekspertizası ilə Mingəçevir və Ələt ərazisində keçmiş sovet ordusundan qalma 1400 ton, vaxtı keçmiş, yüksək zəhərli raket yanacağının zərərsizləşdirilməsini nəzərdə tutan Melanj layihəsi həyata keçirilmişdir. Növbəti bu tipli layihə NATO və tərəfdaş ölkələrin təşkil etdiyi könüllü maliyyələşmə fondu (“NATO/SNT Etimad Fondu”) ilə Ağstafa rayonunun Saloğlu adlanan ərazisində keçmiş sovet ordusundan qalma partlamamış hərbi sursatların zərərsizləşdirilməsinə xidmət edir. 2005-ci ildən başlayaraq üç mərhələdə həyata keçirilən bu layihənin 2011-ci ilin yayında başa çatması gözlənilir. Bundan əlavə, NATO-nun yardımı ilə Xəzər dənizinin və digər su hövzələrinin ekoloji problemlərinin öyrənilməsi və elmi həlli yollarının hazırlanması üzrə layihələr həyata keçirilir.

NATO-nun Baş katibi Yens Stoltenberqin ölkəmizə səfəri göstərdi ki, əməkdaşlıq məkanı olan Azərbaycanla NATO arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir.

DİGƏR Xəbərlər Arxiv