YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətlərarası münasibətlər möhkəm zəmin üzərində qurulub

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Bu gün Azərbaycan regionda tranzit enerji təminatçısı və etibarlı iqtisadi tərəfdaş olan dövlət kimi böyük potensiala, eyni zamanda, siyasi nüfuza malik olan qüdrətli ölkədir. Bütün bu uğur və nailiyyətlərin əsasını isə ölkə Prezidenti İlham Əliyevin düşünülmüş xarici siyasət strategiyası təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrin inkişafına hədəflənmiş və öz müsbət nəticələrini vermiş islahatlar enerji sahəsində də uğurla davam etdirilir.

Azərbaycanın beynəlxalq təşkilatların fəal üzvü olması ölkəmizi nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevirmişdir. Azərbaycan beynəlxalq aləmdə etibarlı və strateji tərəfdaş kimi tanınmışdır. Ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərə evsahibliyi etməsi bu inamın göstəricisidir. Beynəlxalq əlaqələrimizin möhkəmləndirilməsində ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı məqsədilə keçirilən iclaslar da böyük əhəmiyyət kəsb edir.

Müasir dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan, Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Respublikamızın xarici siyasətinin səciyyəvi xüsusiyyətlərindən biri bu strateji kursun müstəqillik və suverenlik prinsiplərinə əsaslanmasıdır.

Prezident İlham Əliyev cari ilin 16 mart tarixində Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda bildirmişdir ki, “Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır, bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər bu möhkəm zəmin üzərində qurulmuşdur.

Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Birgə həyata keçirdiyimiz infrastruktur layihələri - nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq. Xüsusilə nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması hesab edirəm ki, böyük nailiyyətlərdən biridir. Dediyim kimi, bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq.”

Bu gün Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan aparıcı dövlətlərdəndir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə milli dövlətlərin, o cümlədən güc mərkəzlərinin uzunmüddətli perspektiv üçün əməkdaşlıq münasibətlərini inkişaf etdirmək istədiyi tərəfdaş ölkələrdəndir.

DİGƏR Xəbərlər Arxiv