YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birliyimiz güclənir

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Azərbaycanla Qazaxıstan dost və qardaş ölkələrdir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə dövlət səfəri və Prezident İlham Əliyevlə görüşü münasibətlərimizin yüksələn xətlə inkişaf etdiyinin göstəricisidir.

Martın 11-də dövlət başçılarının iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasının keçirilməsi də bu baxımdan böyük önəm kəsb edir.

Səfər çərçivəsində aparılan müzakirələr və imzalanan sənədlər ölkələrimiz arasında əməkdaşlığın geniş potensialının olduğunu göstərir. Prezident İlham Əliyev iki dövlətin münasibətlərinə böyük önəm verdiyini diqqətə çatdırıb. Qazaxıstanla beynəlxalq səviyyədə əməkdaşlığımız da yüksələn xətt üzrə inkişaf edir. Ölkələrimiz aparıcı beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edir, daim bir-birimizi dəstəkləyirik və bu, gələcəkdə də davam edəcək. Çünki əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatların sayı kifayət qədər çoxdur və hər yerdə Qazaxıstan və Azərbaycan nümayəndələri sıx, qarşılıqlı fəaliyyətdədirlər.

Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də Qazaxıstandır.

Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Təsadüfi deyil ki, hazırda Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.

Hər iki ölkə xüsusilə Türk Dövlətləri Təşkilatının işinə böyük töhfələr verirlər. Bu təşkilatın önəmini dövlət başçıları bir daha vurğulayıblar. Həmçinin, Qazaxıstanın COP29-un ölkəmizdə keçirilməsinə verdiyi dəstək də yüksək qiymətləndirilməlidir. Azərbaycan və Qazaxıstanı, həmçinin Orta Dəhlizdə ortaq maraqlar birləşdirir. Hər iki ölkə Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq edir. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Martın 11-də Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çinin Sian terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimini videobağlantı ilə izləyiblər. Konteyner qatarının Çinin Sian şəhərində istismara verilmiş Qazaxıstana məxsus Nəqliyyat-Logistika Mərkəzi tərəfindən yola salınması Orta Dəhlizin bütün iştirakçıları üçün böyük əhəmiyyət kəsb edir. Orta Dəhlizin inkişaf etdirilməsi və yeni yüklərin cəlb edilməsi baxımından bu günlərdə Çində fəaliyyətə başlamış Qazaxıstanın Nəqliyyat-Logistika Mərkəzi marşrut üzrə yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artırılmasına hədəflənib. İlkin razılaşmaya əsasən, bu Mərkəz vasitəsilə Azərbaycana ayda 10 konteyner qatarının yola salınması planlaşdırılır.

Onu da vurğulayaq ki, Qazaxıstan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. K. Tokayevin ölkəmizə səfəri zamanı Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş Füzuli şəhərində Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin açılış mərasiminin keçirilməsi  xalqlarımızın qardaşlıq münasibətlərinin daha bir nümunəsidir.  Eyni zamanda, Qazaxıstan Prezidentinin dövlətimizin başçısı ilə birlikdə işğaldan azad olunmuş Şuşa şəhərinə səfəri də tarixi hadisədir. Türkiyə və Özbəkistandan sonra üçüncü türk dövlətinin başçısıdır ki, Şuşaya səfər edir. Bu fakt bir daha Şuşanın qədim türk diyarı olduğunu təsdiqləyir. Səfər zamanı dövlət başçıları Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar. Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib. Sonra dövlət başçıları Natəvan bulağında olub, Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar. Daha sonra prezidentlər Saatlı məscidində, Bülbülün ev-muzeyində, Cıdır düzündə və XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa edilmiş üç yaşayış binasından ibarət “Yasəmən” otelində olublar. Beləliklə, bu gün türk dövlətlərinin birliyi daha da güclənir. Qarşıda dayanan hədəflər isə bütün türk dünyasının daha böyük yüksəlişinə səbəb olacaq.

DİGƏR Xəbərlər Arxiv