YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rişi Sunak: Biz iki ölkəmiz arasında tərəfdaşlıq və əməkdaşlığın yeni dövrünə qədəm qoya biləcəyik

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunak Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Məktubda deyilir: “Sizi XI Qlobal Bakı Forumunun keçirilməsi münasibətilə təbrik edirəm.

Bu Forum vacib bir vaxta təsadüf edir. Bakı noyabrda COP29-a ev sahibliyi edəcək və bütün dünyanın nəzəri heç zaman olmadığı qədər Azərbaycana yönələcəkdir. Bilirəm ki, ölkəniz bu çağırışın öhdəsindən layiqincə gələcək və ənənəvi qonaqpərvərliklə mükəmməl tədbir təşkil olunacaq.

Dubayda COP28 çərçivəsində keçirilmiş Qlobal Dəyərləndirmə təcili fəaliyyətə ehtiyac olduğunu nümayiş etdirdi. Bu il razılaşdırdığımız iddialı öhdəliklərin həyata keçirilməsi baxımından diqqət Azərbaycanda olacaqdır. Birlikdə biz mərhələli şəkildə yanacaq enerji növlərindən və davamlı kömür istifadəsindən imtina yolu ilə enerji keçidlərini irəlilətməli və qlobal tullantıları azaltmalıyıq. Biz, həmçinin həssas vəziyyətdə olan ölkələrin iqlim dəyişikliklərinə qarşı dözümlülyünü gücləndirməyə davam etməliyik.

Böyük Britaniya da neft və qaz istehsalçısı olan bir ölkə kimi, qlobal istiləşmənin 1.5 dərəcədə məhdudlaşdırılmasına dair Paris öhdəliyinə sadiq qalaraq, xalqlarımızın və planetimizin gələcəyinin təmin edilməsi üçün ədalətli enerji keçidi üçün kursun müəyyən edilməsinin zərurətini anlayır.

COP29 çərçivəsində maliyyə sahəsinə ciddi diqqət yetiriləcəkdir. Biz iqlim dəyişikliyi ilə mübarizə üçün milyardlarla deyil, trilyonlarla ölçülən geniş maliyyə mənbələrini səfərbər edəcək “Yeni Kollektiv Kəmiyyət Məqsədi” ilə bağlı iddialı nəticələr əldə etməliyik. Böyük Britaniya hər bir COP tədbiri zamanı əvvəlki illə müqayisədə daha iddialı hədəflərin qarşıya qoyulması üçün Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri və Braziliya ilə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərə bilməsi imkanını alqışlayır. Biz bu tədbirə hazırlıq mərhələsində COP26-nın Qlazqoda keçirilməsi ilə bağlı əldə etdiyimiz təcrübəni Azərbaycanla bölüşməyə hazırıq.

Azərbaycan bütün dünyada dəyər verilən məhsulların daşındığı ticarət marşrutlarının üzərində yerləşir. Böyük Britaniya Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya, Türkiyə və Qara dəniz vasitəsilə isə Avropaya aparan yeni bağlantıların açılmasını dəstəkləməkdə davam edəcəkdir.

Qlobal Bakı Forumunun bugünkü XI iclasında qonaqlarınız yəqin ki, birgə təhlükəsizliyimizi və firavanlığımızı qoruyan ümumi, BMT Nizamnaməsində həkk olunan və bu gün bir çox istiqamətdən hücuma məruz qalan prinsip və dəyərlərdən danışacaqlar.

Azərbaycan özünün gələcəyi ilə bağlı yol kəsişməsindədir. Hazırda sizin Ermənistanla onilliklər boyu davam edən münaqişəyə son qoymaq üçün tarixi fürsətiniz var. Dünya sizin dekabr ayında verdiyiniz birgə bəyanatı alqışladı. Bu ilin noyabrında Bakıya səfər edərkən sülh müqaviləsinin artıq imzalandığını və təmin edildiyini, iqlim, enerji, su və ərzaq təhlükəsizliyinə dair ümumi çağırışların öhdəsindən birgə gəlməyə sadiq olan Cənubi Qafqaz ölkələrini görmək daha da əhəmiyyətli bir hadisə olardı.

Biz belə fürsətlərin aktual olmasını və ya mütləq yenidən meydana gəlməsini heç də təbii qəbul etmirik. Bəziləri çətinliklə nail olunmuş sülh və hamının maraqlarına hörmət üzərində qurulmuş əməkdaşlığı seçmək əvəzinə, dünyanı silahlı münaqişə və rəqabət mühitinə sürükləyir. Dünyanın təlatümlü və qeyri-müəyyən mərhələdə olduğu dövrdə biz sabitlik və müəyyənlik naminə fürsətdən yararlanacaq Azərbaycana nəzər salırıq.

Böyük Britaniya və Azərbaycan arasında olan əlaqələr qarşılıqlı firavanlıq və təhlükəsizlik maraqları naminə dərinləşməyə və genişlənməyə davam edir. 2024-cü ilin sonuna doğru COP tədbirinin Bakıda uğurla keçirilməsini dəstəkləmək üçün Böyük Britaniya yanınızda olacaqdır. Ümid edirəm ki, o vaxtadək siz Ermənistanla davamlı sülhə nail olacaqsınız və biz iki ölkəmiz arasında tərəfdaşlıq və əməkdaşlığın yeni dövrünə qədəm qoya biləcəyik. Sizə məhsuldar müzakirələr arzulayıram.”

DİGƏR Xəbərlər Arxiv